30 Noyabr 2021, Çərşənbə axşamı

Qədim Naxçıvan torpağı nələrə şahid olmadı, kimlər yetişmədi bu torpaqda. Bu torpağın dahi insanları dünyaya səs saldı. Onlar öz rəsm əsərləri, şeirləri, yaradıcılıqları siyasi qüdrəti ilə bu diyarın necə ulu olduğunu bütün dünyaya sübut etdilər. Onlardan biridir daim həqiqət axtarışında olan, bəşəri faciələri ürək ağrısı ilə qələmə alan, özü yozumları ilə milli ədəbiyyat köynəyində bəşəri ədəbiyyat yaradan böyük Azərbaycan yazıçısı Hüseyn Cavid.

 

Yüksələn məhv olar fəqət enməz
Nuri həqq daima yanar sönməz

Ulu Cavid bu cümlələri ilə qarşılayır ev- muzeyinə gələnləri. Bu cümlələri oxuyanda Xalq şairi Milvarid Dilbazinin ulu öndərə həsr etdiyi “Oğul qeyrəti” şeirindəki bu misraları xatırlayıram:

Cavidi Vətənə gətirən oğul,
Onu öz xalqına yetirən oğul,
Xalqının misilsiz qayğılarını
Öz çiyni üstünə götürən oğul,
Var olsun bu oğul qeyrətin sənin!

Bəli, 1982-ci ildə sovet rejiminin sərt bir vaxtında Hüseyn Cavidin cəsədinin qalıqlarını Uzaq Sibirdən Vətəninə gətirdən məhz ulu öndər idi. Dahi rəhbər Heydər Əliyevin xüsusi səyi ilə ərsəyə gələn bu hadisə tarixə qızıl hərflərlə yazıldı. Bu hadisə sovet məkanında, yaxın-uzaq xarici ölkələrdə də diqqət mərkəzində oldu. Cavid qədim Naxçıvan torpağında dəfn olundu, əbədiyyət qazandı. Onun ruhu rahatlıq tapdı. Hələ 1981-ci ilin iyul ayının 21-də Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında dahi rəhbər Heydər Əliyevin verdiyi qərar ulu Cavidin ikinci bəraət sənədi olmuşdur. Həmin qərarda Hüseyn Cavidin ədəbi irsini bir daha geniş surətdə öyrənmək və xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur. Cavidə həsr olunmuş monoqrafiyaların, əsərlərinin 4 cilddə, habelə rus dilində əsərlərinin 2 cilddə, ərəb əlifbası ilə 1 cilddə nəşr olunması, onun ədəbi irsinin toplanıb nəşr edilməsi, əsərlərinin müxtəlif teatrlarda tamaşaya qoyulması, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması, ev-muzeylərinin yaradılması ilə yanaşı, şair-dramaturqun yaradıcılığının daha da dərindən tədqiq edilməsi repressiya illərində aradan götürülən əsərlərinin üzə çıxarılması kimi bir çox işlər məhz ulu öndərin xüsusi qayğısı ilə həyata keçirilmişdir. Dahi rəhbər hələ 1992-ci ildə Naxçıvanda Ali Məclisin Sədri işləyərkən Cavidin 110 illik yubileyinin muxtar respublika səviyyəsində qeyd olunması haqqında qərar imzaladı. Yubiley tədbirində dahi rəhbər demişdir: “Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bütün Türk dünyasının ən görkəmli bir simasıdır, təkrarolunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır”.
Vaxtilə Cavidin nəşinin doğulduğu qədim Naxçıvana gətirilməsinə nail olan dahi rəhbər Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra Cavidin adının əbədiləşdirilməsi ilə bağlı bir çox işlər gördü. Şairə Naxçıvan şəhərinin mərkəzində ucaldılan möhtəşəm məqbərə onu sevənlərə əvəzsiz hədiyyə oldu. Böyük şairin anadan olmasının ildönümündə – 1996-cı ilin oktyabrında Hüseyn Cavid məqbərəsinin açılış mərasimində xalqımızın dahi oğlunun bu tarixi fikirləri Cavid irsinə verilən ən yüksək dəyərdir: “Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olub. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”. Məqbərənin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Möhtərəm Heydər Əliyev dühasının bəhrəsi olan Hüseyn Cavid türbəsi Əcəmi yaradıcılığına mənsub Möminə xatın məqbərəsinin davamıdır. Bununla belə Hüseyn Cavid məqbərə-türbəsində şairin özü ilə yanaşı, ailə üzvlərinin – ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrol Cavidin dəfn olunduğunu nəzərə alsaq, Cavidlər ailəsi xatirə kompleksinin dünya mədəniyyətinin bənzərsiz, əvəzsiz nümunələrindən biri olduğu sübut edilir”.

Sonrakı illərdə də dahi dramaturqun tanıdılmasına, əsərlərinin yaşadılmasına dövlət qayğısı göstərilib. Belə ki, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə şairin ev- muzeyində yenidən əsaslı təmir və bərpa işləri aparılaraq öz əvvəlki görkəminə qaytarılmışdır. Muzeyin ekspozisiyası tamam dəyişdirilərək yenidən qurulmuş, maddi-texniki bazası zənginləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə böyük ədibin anadan olmasının 120 illik yubileyi Azərbaycanda geniş qeyd olunmuş, bir-birindən maraqlı tədbirlər – konfranslar, gecələr, disputlar, kitab sərgiləri, şeir müsabiqələri keçirilmiş, əsərləri nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı, Onun bütün ideyalarını, arzularını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” 2007-ci il 17 aprel tarixli Sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin il may ayının 15-də imzaladığı Sərəncamla təsdiq edilmiş “Tədbirlər Planı”na uyğun olaraq müxtəlif yubiley tədbirləri həyata keçirilmişdir. Həmin il muxtar respublikanın ali, orta ixtisas təhsili, ümumtəhsil məktəblərində, muzeylərdə, kitabxanalarda, klublarda, mədəniyyət evlərində Hüseyn Cavidin yaradıcılığına aid guşələr yaradılmış, kitab sərgiləri, gecələr, görüşlər təşkil edilmişdir. Tədbirlər planına uyğun olaraq həmin il oktyabr ayının 24-də Naxçıvan şəhərində şair-dramaturq Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş zirvə tədbiri keçirilmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Prezident cənab İlham Əliyevin Hüseyn Cavidin 125 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncama əsasən şair-dramaturqun ev-muzeyində də geniş Tədbirlər planı tərtib edilmiş və həmin plana əsasən “Hüseyn Cavid-125” yubiley sərgisi təşkil edilərək muxtar respublikanın mədəni-maarif müəssisələrində nümayiş etdirilmişdir. Muzey ekspozisiyası fondda olan yeni eksponatlarla zənginləşdirilmiş, yeni guşələr yaradılmışdır. Azərbaycan ədəbiyyatının görkəmli siması Hüseyn Cavidə olan diqqət və qayğısının nəticəsi olaraq ölkə başçısının müxtəlif illərdə imzaladığı sərəncamlarla görkəmli ədibin 130, 135 illik yubileyləri dövlət səviyyəsində qeyd edilmişdir.
Dahi şairin ev-muzeyində olarkən öyrənirik ki, ötən illər ərzində muzeyin fondu xeyli zənginləşmişdir. Bu eksponatlar içərisində “Turan Cavid qadın mərkəzi, ictimai birliyi”nin sədri, mərhum Sevda xanım Cəfərovanın muzeyə təqdim etdiyi Turan Cavidə məxsus stolüstü saat, Hüseyn Cavidin böyük bacısı Fatma xanıma məxsus küləcə (nəticəsi Fatma xanım tərəfindən hədiyyə edilib), Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin həyat yoldaşı Zərri xanımın Yusif bəy Vəzirovun həyat yoldaşı Fatma xanıma hədiyyə etdiyi 4 boşqab və 1 fincan nəlbəkisi ilə (mərhum teatrşünas Cəlil Vəzirovun həyat yoldaşı Fövziyyə xanım tərəfindən muzeyə hədiyyə edilmişdir) daha çox diqqəti cəlb edir. Mərhum Turan Cavid atasının Naxçıvan dövrü ilə bağlı eksponatlarını, sənədlərini, fotoşəkillərini muzeyə bağışlamış və hətta muzey yaradılarkən tez-tez Naxçıvana gələrək dəyərli məsləhətlərini vermişdir.
Şairin yaradıcılığı Türk dünyası tərəfindən də sevilmişdir. Bunu 2013-cü ildə İstanbulda “Kusena” yayınları nəşriyyatında ilk dəfə olaraq türk dilində Hüseyn Cavidin “Seçilmiş əsərləri” nəşr olunaraq həmin nəşriyyatın əməkdaşı Selma Sukas tərəfindən muzeyə hədiyyə edilmiş əsərlər də sübut edir. 2018-ci ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində böyük ədibin özbək dilində “Seçilmiş əsərləri” nəşr olunub.
Bu gün qədim Naxçıvanın görkəmli yerində ucaldılan Hüseyn Cavid məqbərəsi və ev- muzeyi hər bir sakinimizə qürur bəxş etməklə yanaşı, dövlətimizin ədəbiyyatımıza verdiyi dəyərdən xəbər verir. İnsanları gözəlliyə, işığa, bir sözlə, milli mənliyə səsləyən Cavid sənəti əbədiyaşardır deyir.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR