03 Dekabr 2021, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib

 

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu Hüseyn Cavid məqbərəsini ziyarət edib, məzarları üzərinə tər güllər düzüblər. Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev Muzeyinin ekspozisiyası ilə tanışlıqdan sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilən tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış böyük söz ustadının ümumbəşəri, həmişəyaşar yaradıcılığından bəhs edib, Hüseyn Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından danışıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan  mədəniyyət işçisi Asim Əliyev çıxış edərək dahi mütəfəkkirin keşməkeşli həyat yolundan və Azərbaycan ədəbiyyatına bəxş etdiyi bənzərsiz  yaradıcılıq irsindən bəhs edib.       

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən Hüseyn Cavidin əsərləri əsasında ədəbi-bədii kompozisiya və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvlərinin  ifasında Hüseyn Cavidin “Ana” dramı əsasında hazırlanmış səhnəcik təqdim olunub.

Sonda Hüseyn Cavid məqbərəsinin açılış mərasimində ümummilli lider Heydər Əliyevin çıxışından bir hissə nümayiş etdirilib.

Adilə Səfərova

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR