21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Görkəmli rus teatrşünası Stanislavski yazırdı ki, teatr asılqandan başlayır. Bu sözdə həqiqət var. Professional teatrların təməlində dram dərnəkləri və xalq teatrları dayanır. Bugünkü Naxçıvan teatrı da müstəsna deyil. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, həmçinin xalqın özüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibətilə keçirilən tədbirdə demişdir: “...Naxçıvan teatrı da, necə deyərlər, quru yerdən yaranmamış, özündən əvvəl formalaşmış ənənələrə istinad etmişdir. Bu diyarda dünyəvi teatrın yaranmasına təsir göstərən ən mühüm amillərdən biri min illər boyu formalaşmış xalq teatrı olmuşdur. Əməklə bağlı oyun və rəqslər, mövsüm bayramları, Novruz mərasimləri, aşıq-ozan sənəti, müxtəliftipli meydan tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bütün bunlar isə, öz növbəsində, dünyəvi peşəkar teatr sənətinin yaranması ilə nəticələnmişdir”.
Bəli, bu gün yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görülən səhnə ustalarının ilk addımları xalq teatrlarında atılmışdır. Bəs bu gün necə, xalq teatrları professional səhnə üçün baza rolunu oynaya bilirlərmi? Muxtar respublikamızda fəaliyyət göstərən xalq teatrları bu vəzifənin öhdəsindən necə gəlirlər? Xalq teatrları istedadlı gəncləri öz ətrafına toplamaq qayğısına qalırmı?

Bu suallarımıza cavab tapmaq üçün şəhər və rayonlardakı xalq teatrlarının fəaliyyəti ilə maraqlandıq. İlk olaraq Naxçıvan şəhərindəki “Gənclik” Xalq Teatrına üz tutduq.
Teatr 1973-cü ildən Naxçıvan Şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi, sonralar isə özfəaliyyət teatr kollektivi kimi fəaliyyətə başlamışdır. O illərdə C.Cabbarlının “Solğun çiçəklər” əsərini tamaşaya qoyaraq böyük uğur əldə etmişdir. 1978-ci ildə özfəaliyyət teatr kollektivinə “Xalq teatrı” adı verilir. Bundan sonra teatr müxtəlif illərdə C.Cabbarlının “Solğun çiçəklər”, T.Həsənovun “Şöhrət ardınca”, Q.Fiqereydonun “Ezop”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Hikmətin “Unudulan adam”, C.Məmmədquluzadənin “Ölülər”, “Kamança”, H.Cavidin “Ana”, S.Axundovun “Məhəbbət nişanəsi”, B.Vahabzadənin “Yollara iz düşür”, M.Əlizadənin “Şeyx Rəhmətulla”, “Qəşəmin yuxusu”, S.Rüstəmin “Durna”, Ə.Əhmədoğlunun “Utancaq sevgililər”, H.Elsevərin “Girovlar”, S.Vurğunun “Vaqif”, Q.Rəsulovun “Rəhmə gəl, mələyim” kimi əsərlərdən hazırladıqları parçalarla tamaşaçıların qarşısına çıxır.
Ancaq indi vəziyyət tamam başqadır. Uzun illərdir ki, adıçəkilən Xalq teatrı M.Əlizadənin “Şeyx Rəhmətulla” tamaşası üzərində dayanmışdır. Hələ onu da əməlli-başlı tamaşaçılar qarşısına çıxara bilməmişdir. Halbuki Xalq teatrının repertuarına il ərzində bir tamaşa düşür. Xalq teatrının rejissoru Akif Əsədov bunun səbəbini belə açıqlayır:
– Kadr çatışmazlığı ən böyük problemimizdir. Xalq teatrının fəaliyyəti üçün lazım olan avadanlıqların – rekvizitin, paltarların olmaması fəaliyyətimizin bu hala gəlməsinə gətirib çıxarır. Dəfələrlə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinə müraciət etsək də, bizə köməklik göstərilməmişdir.
Sonra Xalq teatrının rəssam işi ilə maraqlandıq. Acınacaqlıdır ki, Xalq teatrının rejissoru teatrın rəssamının adını da bilmir. Əlacsız qalıb özümüz rəssamı Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsində axtarmağa başladıq. Nəhayət, “rəssamı” şöbənin mühasibatlığında tapdıq. Ona “bu il hansı tamaşa üçün iş hazırlamısınız?” – sualı ilə müraciət etdik. Bildirdi ki, mən burada fəaliyyətə mühasibatlıqda başlamışam. Bu tapşırığı isə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri vermişdir. Adını bizə deməyən baş mühasib xanım isə bildirdi ki, aşağıda, yəni Xalq teatrında elə bir iş olmadığından qız burda bizə kömək edir. Bundan sonra biz Xalq teatrının fəaliyyətini araşdırmadan ordan uzaqlaşmaq qərarına gəldik.
Əziz oxucular! Xalq teatrının fəaliyyətinin belə yarıtmaz olmasının günahını həm də Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsində axtarmaq lazımdır. Çünki şöbə Xalq teatrının fəaliyyətinə maraqlı olsaydı, bu gün adıçəkilən teatr heç də rayonlardakı xalq teatrlarından geri qalmazdı. Halbuki bu gün böyük teatr səhnəsində heyranlıqla izlədiyimiz Şirzad Abutalıbov, Kamran Quliyev, Yasəmən Ramazanova, Nəzakət Xudiyeva, Vidadi Rəcəbov, Bəhruz Haqverdiyev kimi sənət adamları ilk sənət addımlarını məhz “Gənclik” Xalq Teatrında atıblar.
2006-cı ildə C.Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək Rayon Mədəniyyət Evinin dram dərnəyinin üzvləri 2008-ci ildə Ə.Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir parça ilə tamaşaçılar qarşısında çıxış etmişlər. 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsərinin tamaşasını yüksək səviyyədə tamaşaçılara təqdim etdikdən sonra həmin ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə bu dram dərnəyinə “Xalq teatrı” adı verilmişdir. 2009-cu ildən kollektiv tərtib edilmiş illik iş planı əsasında fəaliyyətə başlamışdır. Hazırda yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsi Xalq teatrının gələcəyi haqqında düşünür və teatr üçün baza yaratmağa çalışır. Belə ki, bu yaxınlarda Babək rayonunun Nehrəm və Kərimbəyli kənd mədəniyyət evlərində “Tumurcuq” adlı dram dərnəyi yaradılmışdır. Bu dərnəyə orta məktəb şagirdləri cəlb olunmuşlar.
Bir qədər də Rza Təhmasib adına Şərur Xalq Teatrı barədə. 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan Şərur teatrı 1970-ci ildən sürətli inkişaf yoluna çıxıb və o vaxtdan uğurlu çıxışları ilə tanınmışdır. Bu uğurlara görə 1981-ci ildə dram dərnəyinə “Xalq teatrı” statusu verilmişdir.
2002-ci ildən sonra Xalq teatrı daha da məhsuldar işləyərək müxtəlif səhnə əsərləri ilə tamaşaçıların qonağı olmuşdur. Son iki ildə teatrda bir durğunluq müşahidə edilir. Elə bil heç belə bir teatr kollektivi olmayıb. Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rafiq Cəfərov bunun səbəbini qısaca belə açıqladı: “İşləməyiblər, tamaşa göstərməyiblər”.
Xalq teatrının rejissoru Nəsimi Məmmədzadə son iki ildə belə durğunluğun səbəbini kadr çatışmazlığı ilə izah etdi. Onu da bildirdi ki, çətinliyə baxmayaraq, bu günlərdə Q.Rəsulovun “Rəhmə gəl, mələyim” birpərdəli komediyasını tamaşaçılara göstərdik.
Şərur Xalq Teatrının belə passiv fəaliyyətinə göstərilən səbəblər bəhanədən başqa bir şey deyil. Çünki Şərurda mədəniyyətə həmişə maraq olmuşdur. İndi də belədir. Onu da deyim ki, Şərur Xalq Teatrı 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, teatrın 25 illiyi münasibətilə geniş yubiley tədbiri keçirilmişdir. 2008-ci ildə isə Bakıda keçirilən xalq teatrlarının ümumrespublika baxış-müsabiqəsində 54 teatr kollektivi içərisində ikinci yerə layiq görülmüşdür. Əgər kadr problemi olsaydı, belə uğurlar da qazanıla bilməzdi. Maraqlıdır ki, Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi nə üçün Xalq teatrının işinə ögey münasibət bəsləyir?
Ancaq yuxarıda adlarını çəkdiyimiz qurumlar da var ki, onlar bu işə ciddi yanaşır, insanların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif tədbirlər həyata keçirirlər. Bu tədbirlərdən biri də rayonda teatrın canlandırılması işidir. Şahbuz Xalq Teatrı da məhz həmin qurumların göstərdiyi qayğı hesabına fəaliyyətini getdikcə gücləndirir. Məlumat üçün bildirək ki, Şahbuz Rayon Mədəniyyət Evində 1953-cü ildə dram dərnəyi yaradılmışdır. Dram dərnəyi kiçikhəcmli səhnəciklər hazırlamaqla fəaliyyətini genişləndirmiş, teatr həvəskarlarını ətrafında toplayaraq fəaliyyətini davam etdirmişdir. 2011-ci ildə aktyor heyəti Ü.Hacıbəylinin üçpərdəli “Ər və arvad” musiqili komediyasına müraciət edərək onu uğurlu bir tamaşa kimi ictimai baxışa təqdim etmişdir. Bu tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Şahbuz Rayon Mədəniyyət Evinin dram kollektivinə “Xalq teatrı” adı verilmişdir. Hazırda Xalq teatrı kiçik səhnəciklər və müxtəlif tamaşalardan parçalar toplusu əsasında “Gülüş axşamı” üzərində iş aparır. Paralel olaraq Ü.Hacıbəylinin üçpərdəli “Evliykən subay” musiqili komediyasının stol­arxası məşqlərini keçirir.
Bəs Kazım Ziya adına Ordubad Xalq Teatrı necə? Rayon əhalisinin asudə vaxtının səmərəli keçməsinə çalışa bilirmi? Teatrın builki repertuarı ilə maraqlandıq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev repertuarda “Arşın mal alan” əsərindən parça nümayişi olduğunu bildirdi. Teatrın rejissoru Günəş Ağayeva isə “Cik-cik xanım”ı səhnə üçün hazırladıqlarını dedi.
Qeyd edək ki, teatr 1964-cü ildən fəaliyyət göstərir. Bu teatr Xalq artistləri Roza Cəfərxanova, İsa Musayev, aktyorlardan Hacı Hacıyev, İsi Əliyev və digər bu kimi sənət adamlarını yetişdirmişdir.
Kəngərli və Culfa rayonlarının Mədəniyyət evlərində isə dram dərnəkləri “fəaliyyət göstərir”. Onların fəaliyyətləri ilə maraqlandıq. Demək olar ki, adları var, özləri yoxdur. Əgər xalq teatrları fəaliyyət göstərə bilmirsə, bu dram dərnəklərinə nə deyəsən?
Dram dərnəklərindən söhbət açarkən ümumtəhsil məktəblərinin də üzərinə düşən vəzifələri qeyd etmək lazımdır. Təhsil müəssisələrində belə dərnəklərin yaradılmasına ögey münasibət bəsləməklə uşaqlarımızın istedadlarını məhv etmirikmi? Teatra maraq hələ erkən yaşlardan başlayır. Vaxtilə bizdə dram dərnəkləri, xalq teatrları vardı ki, valideynlər və müəllimlər tez-tez azyaşlı uşaqları bu dərnəklərə aparardılar. Bunun nəticəsində də uşaqlarda teatr anlayışı və sevgisi yaranardı. Amma bu gün belə dərnəklər yoxdur. Bu boşluq, təbii ki, xalq teatrlarına, ümumən isə teatr sənətinə öz mənfi təsirini göstərəcəkdir.
Bir zamanlar Naxçıvan şəhərindəki “Gənclik” Xalq Teatrının üzvü olmuş Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevdən bu barədə fikirlərini öyrəndik. Onun dediklərindən: “Xalq teatrları bədii özfəaliyyətin ən yüksək pilləsidir. Xalq teatrı bu işə insanları cəlb etməyi bacarmalıdır. Bu isə xalq teatrına rəhbərlik edənlərdən asılıdır. Xalq teatrına iş yeri kimi baxmaq olmaz. Bura, əsasən, gəncləri cəlb etmək lazımdır. Əvvəllər xalq teatrında müxtəlif peşə sahibləri, tələbələr, şagirdlər fəaliyyət göstərirdilər. Məşqlər elə vaxta salınırdı ki, heç kimin işinə maneçilik törənmirdi. Heç də onların hamısı teatr sənəti dalınca getmirdi. Ancaq onlarda estetik zövq, tamaşaçı mədəniyyəti formalaşırdı. İndi xalq teatrlarına baxış tamam fərqlidir. Buraya insanlar konkret iş yeri kimi baxırlar. Unutmaq olmaz ki, bura özfəaliyyətdir. Bu gün bəzi xalq teatrlarının fəaliyyətinin zəif olmasının əsas səbəbi xalq teatrlarına gənclərin cəlbinin zəif aparılmasıdır. Orta ixtisas təhsili müəssisələri və ali məktəblərlə əlaqələr zəifdir. Əvvəllər məktəblərdəki dram dərnəklərinə teatrdan ak­tyorlar rəhbərlik edirdilər. İndi isə məktəblərdə belə dram dərnəkləri yoxdur”.
Muxtar respublikadakı xalq tea­trlarının fəaliyyətinin ümumi mənzərəsi belədir. Yuxarıda da qeyd etdiyimiz kimi, muxtar respublikamızda peşəkar teatrın təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Ancaq belə “fəaliyyət” teatrımızın gələcəyinə, sözün həqiqi mənasında, ümidlə baxmağa imkan vermir. Teatr ədəbiyyatın, musiqi sənətinin, rəssamlığın, sözün geniş mənasında, mədəniyyətin inkişafına səbəb olan qüvvətli təsir vasitəsi, insanların tərbiyə məktəbidir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda mədəniyyətin bütün sahələri kimi, teatr sənətinin də inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti göz qabağındadır. Ancaq xalq teatrları da fəaliyyətini canlandırmalıdır. Bu, onların mənsub olduğu qədim mədəniyyətə malik Azərbaycan xalqı qarşısında vətəndaşlıq borcudur. Bu gün rayonlarda mədəniyyəti inkişaf etdirmək üçün hərtərəfli şərait yaradılmışdır. Belə qayğıya isə yalnız və yalnız əməli işlə cavab vermək lazımdır.


- Sara ƏZİMOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3045053
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
814
5665
22285
96384
3045053

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter