08 Dekabr 2019, Bazar

Ötən əsrin sonlarına doğru Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da əkinçilik mərasimlərimizdən olan xırmanüstü mərasimi qeyd edilərdi. Xırmanüstü mərasimi elə ilin bu dövrlərində, yəni yay fəslinin ortalarında keçirilərdi. Bu zaman el-oba çöldə biçilən taxılı xırmanlara daşıyardı. Xırman xalqımızın bərəkət yeri, səcdəgahı olmuşdur. “Xırman ətəyi, bərəkət ətəyidir”, – deyib atalarımız.
Xırman dərzlərin döyülüb təmizlənməsi üçün ayrılmış yerdir. Taxılın döyülüb hazırlanması üçün əvvəlcə yer hazırlanırdı. Xırman, əsasən, küləktutan və hündür yerdə ya əkin sahəsinin kənarında, ya da evlərin, kəndin ətrafında düzəldilərdi. Bəzi bölgələrdə hər kəsin ayrı xırman yeri, bəzi bölgələrdə isə bir neçə ailəyə mənsub şərikli xırmanlar olardı. Bu daha çox məhsulun az və ya çox olması ilə bağlıdır. Şəriklər öz dərzlərini xırmanda növbə ilə döyərdilər.

Xırman döyüm üsulunun Naxçıvanda müxtəlif qaydaları mövcud olmuşdur. Bu döyüm qaydaları ardıcıl mərhələlərlə həyata keçirilərdi. Əvvəlcə gehrə döyümü, sonra car-car döyümü və nəhayət gəmlə (vəllə) döyüm qaydası ilə dən küləşdən ayrılardı.
Toplanmış etnoqrafik materiallara görə, əkin sahəsindən biçilmiş dərzlər arabalara, ulaqlara yüklənib xırman yerinə gətirilərdi. İlk dərzi xırmana birinci gətirən arabaçıya, adətə görə, hədiyyə, xələt verilərdi. Xırmanda dərzləri üst-üstə yığıb heşan vurardılar. Adətən, əliuğurlu, ağzıdualı ağsaqqal heşan salardı. Bir gün taxıl heşanda qalır, sonra isə döyüm başlanılardı. Heşan yatsın deyə, onu at, öküzlə ayaqladardılar. Bundan əlavə, 3-4 iribuynuzlunu bir-birinə çataraq xırmanda dairəvi halda sürdürərdilər. Buna xalq arasında “cehrə” (bəzi kəndlərdə “gehrə”) deyərdilər. Topladığımız etnoqrafik-çöl materiallarına görə, heyvanların küləşi yeməməsi üçün ağızlarına ağızlıq keçirərdilər.
Taxılı döymək üçün vəl və car-cardan istifadə edilərdi. Hər iki alət bərk, möhkəm ağacdan hazırlanardı. Car-car heşanı doğrayır, dəni küləşdən tam ayırmırdı.
Vəlin böyük və kiçik, ağır və yüngül olması taxılın növü və iqlim şəraiti ilə də bağlıdır. Dağ və dağ­ətəyi zonalarda, bir qayda olaraq, vəllər iri və qalın olur ki, bu da döyüm prosesini nisbətən asanlaşdırırdı. Düzənlik ərazilərdə, əksinə, buğdanın daha quru olması ilə əlaqəli olaraq, vəllər yüngül və kiçikhəcmli düzəldilirdi. Vəl və car-carı öküzlərə, atlara qoşub xırmanda sürərdilər. Qoşquda əsas güc əl öküzünə düşdüyündən ona xüsusi diqqət yetirərdilər. Vəl ağır olsun deyə, uşaqlar (hodaq) vəlin üzərində oturardılar. Vəl sürən isə hərdən dayanıb küləşi çevirərdi. Ustad şairimiz Şəhriyar demişkən:
Novruzəli xərməndə vəl sürərdi,­
Gahdan yenib küləşləri kürərdi.
Bu zaman holavar səsi bütün ətrafa yayılardı. Elə ki heşan əzildi, küləş sünbüldən seçildi, sonra samanı dəndən ayırmaq üçün sovuruq işinə başlayardılar. Sovuruq çətin və xüsusi ustalıq tələb etdiyi üçün bu iş daha bacarıqlı işçilər tərəfindən görülürdü. Sovuruq üçün mütləq külək əsməli idi. Şahbuz bölgəsinin dağlıq zonada yerləşən kəndlərində qeyd edilir ki, xırmanda buğdanı sovurmaq üçün aran zonasından axşamüstü qalxan qara küləyin gəlməsi gözlənilirdi. Bu külək buğdanı sovuruğa vermək üçün daha əlverişli idi. Ordubad rayonunun Düylün kəndində söyləyicilərin verdiyi məlumata görə, xırman dövründə Kəmki dağının başında qara bulud görünəndə hamı sevinərdi. Çünki bu zaman küləyin əsəcəyini bilərdilər. İnsanlar bu zaman qara buluda xeyir, bərəkət kimi baxardılar.
Bəzən elə olardı ki, külək əsməz, insanlar günlərlə küləyin əsməsini gözləyərdilər. Belə hallarda külək çağırmaq ayini keçirilərdi.
Bir məlumatı da qeyd etmək istərdik ki, əkinçilər çalışardılar ki, “quyruq doğdu”ya qədər (xalq təqvimində bir dövrdür: avqust ayının əvvəllərində quyruq doğar, yəni quyruqlu ulduzlar görünər) xırmanda sovuruq işini bitirsinlər. Çünki bu dövrdən sonra külək əsməzdi. Bu dövrdən sonra kəndli payızlıq şumu üçün əkin sahələrinə çıxardı.
Taxıl təmizləndiyi zaman xırmanüstü adətinə əməl edilərdi, yəni şəriklər öz payını götürər, əgər borc varsa, ödənilər, kimə pay veriləcəksə, ayrılar, bundan sonra qalan buğda evə gətirilərdi. Xalq arasında “xırmanüstəgetmə” adəti də mövcud idi. Xırman üstə gələnə pay (xərmənçəlik) verilərdi. Buna el arasında “yemişhaqqı” da deyərdilər ki, yemiş (qovun, qarpız) verib, buğda alardılar. Bundan başqa, bayram günü kimin torpağı yoxdursa, ona kömək məqsədilə dərz verərdilər. İnama görə, xırmanüstəgetmə günü xırmandan hamilə qadın buğda götürsə, oğlu olacaqdır.
Qeyd edək ki, bu cür şənliklər məhəlli xarakterli olub, bolluq etiqadına söykənir. Bu adətlər digər türk xalqlarında keçirilən mərasimlərlə oxşarlıq təşkil edir.
Yuxarıda bəhs etdiyimiz işlər, adətən, yay fəslinin ikinci ayından başlayaraq bir ay müddətində həyata keçirilirdi. Xalq təqviminə uyğun olaraq, bu aya “xırman ayı” deyilirmiş.
Sadaladıqlarımızdan belə aydın olur ki, xalqımız qədim dövrlərdən başlayaraq günümüzədək təsərrüfat sahələrini inkişaf etdirmək, bol məhsul əldə etmək üçün xalq təqvimindən yararlanmış və bununla bağlı xüsusi mərasimlər təşkil edilmişdir. Eyni zamanda bu sahədə ənənəvilik sistemi qorunub günümüzədək yaşadılmışdır.

Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR