14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda, eləcə də Naxçıvanda xalq maarifi və pedaqoji fikrin inkişafında yazıçı, şair və maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqi Səfərovun mühüm rolu olmuşdur.
İndiyədək Sidqinin bədii yaradıcılığından, ədəbi-ictimai və pedaqoji fəaliyyətindən bəhs edən xeyli tədqiqatlar aparılmış və bu araşdırmalar müxtəlif məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda öz əksini tapmışdır. Lakin bu, o demək deyil ki, Sidqinin çoxşaxəli fəaliyyəti, elmi-ədəbi, bədii və publisistik yaradıcılığı tam şəkildə tədqiq olunmuşdur. Araşdırmalar davam etdikcə bu böyük şəxsiyyət haqqında yeni-yeni faktlar və məlumatlar aşkara çıxmaqdadır. Biz bu məqalədə M.T.Sidqiyə, həmçinin onun Ordubadda açdığı “Əxtər” (1892), Naxçıvanda təsis etdiyi “Məktəbi-Tərbiyə”yə aid bir neçə yeni arxiv sənədləri haqqında bəhs edəcəyik.
Sidqinin ilk pedaqoji fəaliyyəti “Əxtər” məktəbindən başlamışdır. O, burada var qüvvəsini həmvətənlərinin maarif və mədəniyyətə yiyələnməsinə sərf etmişdir.
1892-1893-cü illərdə nəşr edilmiş quberniya mətbuat orqanlarının bir çoxunda “Əxtər” haqqında bir sıra yazılar dərc edilmişdir. Lakin təzadlar dolu həmin dövrdə həmməsləkləri və tərəfdarları vəfat etdikdən sonra Sidqinin həyat şəraiti pisləşməyə başlamışdır. Bir tərəfdən fanatik ruhani və cəhalətpərəstlərin təqibi, digər tərəfdən ailə vəziyyətinin ağırlaşması Sidqinin Ordubaddan köçməsinə səbəb olmuşdur.

Bu barədə M.S.Ordubadi belə yazır: “Məktəb müəssisələrindən Hüseyn Sultan Kəngərli və Hüseyn İsmayılov ikisi də bir gündə öldülər. Bundan sonra Salman Əsgərov məktəbi yalnız bir il saxlaya bildi. Sidqi maaşsız qaldı. Bu müddətdə naxçıvanlılar Sidqiyə teleqram və məktub göndərib onu Naxçıvana apardılar”.
Ordubadlı Məşədi Əliqulu Səfərov M.T.Sidqinin Ordubadda açdığı “Əxtər” məktəbi haqqında 1964-cü ildə qələmə aldığı xatirələrində yazır: “Mən Mirzə Tağı Sidqinin yanında 5 il oxumuşam. Biz 10 nəfər uşaq əvvəllər Sidqinin evində oxuyardıq. İki il evində oxuduqdan sonra indiki ipək fabrikasının klubu olan yerdə “Məktəbi-Əxtər” təsis olundu. Bu məktəbi Sidqi açdığından ona “Məktəbi-Sidqi” deyirdilər. 3 il də orda oxudum. İki il M.T.Sidqi dərs deyəndən sonra onu Naxçıvana apardılar. İkinci il məktəbdə oxuduğumuz vaxt 100 nəfər uşaq vardı. Bunlardan 30-u İrandan gəlib oxuyurdu. Qalanı Əndəmiçdən, Əylisdən, Vənənddən və Ordubadın özündən idi. Sidqinin atası Məşədi Səfər pinəçi idi. Adına Səfər bəy deyirdi­lər, özü də qəcələ quyruq papaq qoyurdu.
Məşədi Həmzə, mən, İbrahim Əbilov bir sinifdə oxuyardıq. Məktəbdə oxuyan varlı balalar ayda 3 manat, bizim kimi kasıblar isə pul verməzdik. Bəziləri isə həftədə 2 qəpik verirdi. Məktəb əhalinin hesabına dolanırdı. Biz “hesab”, “Ana dili”, “rus dili”, “fars dili”, “ərəb dili”, “coğrafiya” dərslərini keçərdik.
Məktəbə yaxşı kömək edirdi Mənsur ağa, bir də Məşədi Əsgər. Onlar məktəbə pul verib məktəbi saxlayırdılar. Biz dərslərimizi cildli kitablardan keçməzdik. Ancaq Sidqi müəllimin əlində olan yazılı vərəqlərdən keçirdik. Sidqi Naxçıvana getdikdən sonra “Məktəbi-Əxtər” 3 il davam edib sonra bağlandı.
Ondan 10 il sonra eşitdik ki, Sidqi müəllim Qarabağlarda ölüb. Onun yoldaşları Nəqqaş, Dəbbak Sidqinin vəfatı ilə Sidqiyə bir qəzəl yazmışlar ki, oxuyanda adam ağlayırdı”.
M.T.Sidqi 1894-cü ildə Naxçıvana gəlib yerli ziyalılara arxalanaraq burada yenitipli təhsil ocağı olan “Məktəbi-Tərbiyə”ni təsis etdi.
O, bu məktəb üçün ayrıca tədris planı, dərs cədvəli, təqvim – iş planı, maliyyə-təsərrüfat planı, şagirdlər üçün ədəb qaydaları, valideynlər üçün nizamnamə, əlyazma şəklində dərsliklər tərtib edərək məktəb şagirdlərinin hərtərəfli dünyəvi təhsilə yiyələnmələrini təmin edirdi.
“Şərqi-Rus” qəzetində dərc olunmuş məqalələrdən birində “Məktəbi-Tərbiyə”nin açılması haqqında yazılmışdır: “1894-cü ilin sentyabr ayında Naxçıvanda “Məktəbi-Tərbiyə” adlı bir məktəb ehdas etdilər. Bu aliqədr müəllimin (Sidqiyə işarədir – F.C.) öz işinə isti qanı ilə yanaşmağı və tərbiyəti-ətraflı şagirdlərin şövqilə məktəbə gedən elm və ədəb təhsil etməkləri xalqın məhəbbətini cəlb etdi və pul cəm edib “Məscidi-Came”nin həyətində bir təzə məktəb bina etdilər”.
Araşdırılan arxiv sənədlərində “Tərbiyə” məktəbinin yeni binasının tikilməsinə maddi köməklik etmiş xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdın Tağıyev haqda iki sənədə rast gəldik ki, bu sənədlərdən biri məktəbin müdiri M.Tağı Səfərovun İrəvan quberniyası və Qars vilayəti xalq məktəbinin müdirinə göndərdiyi raportdur. Həmin raportda M.T.Sidqi yazır: “Məşhur xeyriyyəçi və hər cür xeyirli işə, xüsusən də xalqın təhsili işinə köməklik edən Bakı şəhər sakini Hacı Zeynalabdın Tağıyev Naxçıvandakı rus-tatar məktəbinə 1000 manat köməklik edib, həmin pullar eyvanın düzəldilməsinə və başqa xərclərə yönəldilib.
Bu haqda mən siz həzrətlərinə bildirirəm.

Məktəbin müdiri (imza)
M.T.Səfərov”

Naxçıvan qəzasının ictimai həyatında fəal iştirak edən, əhalini elmə, ədəbə, təhsilə və tərəqqiyə səsləyən bu qabaqcıl pedaqoqun fəaliyyəti o zamankı təhsil işlərinə baxan bir sıra cəhalətpərəst rəislərin xoşuna gəlmirdi. Ona görə də çar üsul idarələri və cəhalətpərəst fanatiklər nəyin bahasına olursa-olsun, Sidqini yox etməyə çalışır və heç olmazsa onu məktəbin müdirliyindən uzaqlaşdırmaq istəyirdilər. Sidqini məktəbdən uzaqlaşdırmaq üçün həmin rəislərin əlində formal və lüzumsuz bəhanələr də var idi. Bu isə Sidqinin müəllimlik sənədinin olmaması idi. Nəhayət, Sidqinin sənədinin olmadığını bəhanə edib onu müdirlikdən (1897-ci ilin iyul ayında) azad edirlər. Əgər qısa bir müddət içərisində imtahan verib attestat almasa, Sidqini müəllimlikdən də çıxaracaqlarını bildirmişdilər.
“Ana dili” dərslərini tədris edən M.T.Sidqi 1902-ci ildə müvəffəqiyyətlə imtahan verərək müəllimlik attestatı alır. Belə bir çətin şəraitdə Sidqi təsis etdiyi “Tərbiyə” (1897-ci ildə rus-tatar) məktəbində ana dili müəllimi saxlanılır. Onu da qeyd edək ki, Sidqiyə göstərilən təzyiqlər və Ordubada dəvət olunması ilə əlaqədar o, 1900-cü ilin iyul ayında Ordubad şəhərində açılması nəzərdə tutulmuş rus-tatar (Azərbaycan) məktəbinə dəyişilməsi haqda İrəvan Quberniyası Xalq Məktəblərinin Müdiriyyətinə xahişnamə göndərmişdir.
Bunu bilən II Kalbalı xanın oğlu, Naxçıvan şəhərinin başçısı (starostu) və “Məktəbi-Tərbiyə”nin fəxri nəzarətçisi Cəfərqulu xan Naxçıvanski 19 avqust 1900-cü il tarixdə İrəvan Quberniyası Xalq Məktəbləri Müdiriyyətinin inspektoruna (sənəddə adı, soyadı göstərilməyib) göndərdiyi məktubunda yazır: “Aldığım məlumatlara görə, Naxçıvan rus-tatar məktəbinin müəllimi Məşədi Tağı Ordubad­da açılacaq rus-tatar məktəbinə keçirilir.
Siz həzrətlərinin nəzərinə çatdırmağı özümə borc hesab edirəm ki, Naxçıvanda yeni açılmış rus-tatar (Tərbiyə – F.C.) məktəbi yalnız adıçəkilən müəllimin səyləri hesabına mövcuddur, hansı ki şagirdlərə dərs deməyə və onları rus məktəblərinə hazırlamağa böyük bacarığı vardır. Müəllim Səfərova Naxçıvan şəhəri tərəfindən ildə 500 manat məvacib ödənilir. Adıçəkilən məktəb hələ tam formalaşmayıb. Əgər Səfərov Ordubad şəhərinə keçirilərsə, onda bu məktəbi bağlanmaq təhlükəsi gözləyir. Naxçıvandakı rus-tatar məktəbi tam möhkəmləndikdən sonra Səfərov başqa yerə keçirilə bilər.
Yuxarıdakıları nəzərinizə çatdıraraq xahiş edirəm, Məşədi Tağı Səfərovun Naxçıvan rus-tatar məktəbində saxlanması xahişini rədd etməyəsiniz.

Naxçıvan şəhər başçısı
(starost) (imza) Cəfərqulu xan Naxçıvanski”.

Bu dövrdə Sidqinin böyük nüfuz sahibi olduğunu görən ordubadlılar Ordubad şəhər starostu (başçısı) Abutalıbovdan xahiş edirlər ki, Sidqini Ordubada qaytarsınlar.
Ordubaddan alınan rəsmi təliqələrdən birində yazılmışdır: “Ordubad şəhər müsəlman cəmiyyətinin 5 fevral 1900-cü il qərarına əsasən, 1 sentyabr 1900-cü il tarixdən Ordubadda başqa bir rus-tatar məktəbi təsis olunmuşdur. Cəmiyyətin üzvlərindən Hacı Məhəmməd Hacı Abdulla oğlu Quliyev, Məşədi Sadıq Cabbar oğlu ilbəil məktəbin saxlanması üçün lazımi gəlir verəcəklərini öhdələrinə götürmüşlər.
Müəllimlərin seçilməsi işi cəmiyyətin xüsusi iclasında həll olunmuş, müsəlman dilinin tədrisi isə sizə tapşırılmışdır.
Əlahəzrət. Ordubad şəhər müsəlman cəmiyyətinin bu xoş arzusunu sizə çatdırmaqla öz tərəfimdən əminəm ki, doğma şəhərimizin gənc nəslinin maariflənməsinə siz tərəfdən xidmət göstərilməsinə etiraz etməyəcəksiniz. Cəmiyyətə müsbət xəbər çatdırmaq üçün səbirsizliklə cavabınızı gözləyirəm.

Ordubad şəhər starostu
(başçısı) (imza) Abutalıbov”.

Lakin Sidqi Naxçıvandan getmək istəmir. Buna görə də M.T.Sidqi 1900-cü ilin iyulunda Ordubadda yeni açılacaq rus-tatar (Azərbaycan) məktəbinə keçirilməsi haqda İrəvan Quberniyası Xalq Məktəbləri Müdiriyyətinin inspektoruna yazdığı xahişnaməsinin icra edilməməsi haqda 2 sentyabr 1900-cü il tarixdə bir xahişnamə göndərib: “Ordubadda açılmış yeni rus-tatar məktəbinə keçirilmək istədiyimi sizə bildirmişdim. Siz həzrətlərindən xahiş edirəm ki, 27 iyul 1900-cü il tarixli çevrilmək haqqında xahişimi həyata keçirməyəsiniz.

Məşədi Tağı Sidqi Səfərov (imza)”.

Bir sıra elmi-pedaqoji, ədəbi-publisist, ictimai-siyasi və fəlsəfi əsərlərin müəllifi olan Sidqinin yaşadığı mühiti, xalqının acınacaqlı və ətalətli həyatı onun qəlbində fəsadlar törətməyə bilməzdi. İlk günlərdən öz xalqının həyatında gördükləri acınacaqlı vəziyyət onun həssas qəlbinə güclü təsir göstərirdi. Buna görə də Sidqi ürək xəstəliyinə tutulur. Tez-tez tutan ürək sancıları kəskinləşib 1903-cü il dekabrın 8-də qonaq dəvət olunduğu Qarabağlar kəndində vəfat etməsinə səbəb olur. M.T.Sidqinin ölümü ilə bağlı Naxçıvan rus-tatar (Azərbaycan) məktəbinin nəzarətçisi (müdiri) Ələkbər Süleymanov 12 dekabr 1903-cü ildə İrəvan Quberniyası Xalq Məktəbləri müdirinə göndərdiyi raportunda yazır: “Siz həzrətlərinə çatdırmaq istəyirəm ki, mənim nəzarətimdə olan məktəbin müəllimi Məşədi Tağı Səfərov bu il dekabr ayının 8-də müsəlmanların Oruc bayramı günü Qarabağlar kəndində tanışının evində vaxtsız vəfat edib. Bunları siz həzrətlərinə çatdıraraq sizin tatar dilinin (Azərbaycan dilinin – F.C.) tədrisi işinə dair sərəncamınızı gözləyirəm.

Məktəbin nəzarətçisi
(imza) Ə.Süleymanov”

M.T.Sidqinin vəfat tarixinin bir çox məqalə, kitab, ensiklopediya və monoqrafiyalarda dekabrın 9-u göstərilməsinə baxmayaraq, məktəbin nəzarətçisi (müdiri) Ə.Süleymanovun İrəvan xalq məktəbləri inspektoruna göndərdiyi məktubunda və Sidqinin həyat yoldaşı İsmət xanımın Sidqinin ölümü ilə əlaqədar uşaqlarına dövlət tərəfindən təqaüd kəsilməsi haqqında məktəbin müdirinə yazdığı ərizəsində Sidqinin dekabrın 8-də vəfat etdiyi göstərilir.
M.T.Sidqinin Naxçıvan maarifinin inkişafında nail olduğu bu tərəqqi böyük maarif ordusunun qəlbindən silinməmişdir. Sidqi kimi fəaliyyət göstərmək, camaat arasında onun kimi böyük nüfuz qazanmaq, var qüvvəni maarif və mədəniyyətin durmadan inkişafına sərf etmək hər bir müəllim və maarifçinin məqsədi və işinin əsas meyarı olmalıdır.

Fəxrəddin CƏFƏROV
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin rəisi,
tarix üzrə elmlər doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272112
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1733
4121
9881
56758
3272112

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter