Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən tədbir qədim milli dəyərlərimizdən olan aşıq sənətinə həsr edilmişdi. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov açıb, milli dəyərlərimizə göstərilən dövlət qayğısından, aşıq sənətinin böyüməkdə olan gənc nəslə təbliğ edilməsinin əhəmiyyətindən danışıb. Sonra saz-söz ustadı Aşıq Ələsgər haqqında sənədli film nümayiş etdirilib.

    Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimova aşıq sənətinin, Naxçıvan aşıq sənəti mühitinin yaranma və inkişaf tarixindən, bu sənətin yaşadılması və təbliği istiqamətində görülən işlərdən danışıb.

            Qeyd olunub ki, Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən biri də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir.  Aşıq sənətində poeziya, musiqi, rəqs, ifaçılıq sənəti sintez şəklində özünü göstərir. Aşıq musiqisi, aşıq insanın dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır. Aşıq sənətinin əsas mövzuları məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yəni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən sazda ifa ilə təqdim olunur.

Bu sənət hələ X-XII əsrlərdə yeni ictimai səslənmə təzahürü kimi formalaşaraq mənəvi-tərbiyəvi vasitəyə çevrilib, cəmiyyətin kulturoloji inkişafında az əhəmiyyətli rol oynamayıb. O, Azərbaycan estetik fikir ənənələrini qoruyub saxlayaraq, milli-mədəni irsi təbliğ edərək sadə xalq arasında fəlsəfi musiqi mədəniyyətinin carçısına çevrilib, indi də xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır. Aşıq sənətindən indiki peşəkar bəs­təkarlar də bəhrələnir və öz yaradıcılıqlarında ondan çox uğurla və dəqiqliklə istifadə edirlər. Dünən olduğu kimi, bu gün də aşıq sənəti nəinki xalqın istəklərini tərənnüm edir, həm də xalq yara-dı­cı­lığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, səciyyəvi milli xüsusiyyət kimi alicənablıq, mənəvi dəyərlər kimi düzgünlük və xeyirxahlıq.

            Bildirilib ki, aşıq yaradıcılığı hal-hazırda öz inkişaf dövrünü yaşayır və dünya səhnələrinə çıxır. 2009-cu ildən Azərbaycan aşıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Komitəsinin IV sessiyası zamanı təşkilatın qeyri-maddi-mədəni irsin reprezentativ siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”  2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq, Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb. Qısa müddət ərzində Aşıqlar Birliyinin üzvləri qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında olub, Bakı şəhərində keçirilən “Telli sazın meydanı” məclisində muxtar respublikanı uğurla təmsil ediblər.

            Çıxışlardan sonra Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri tədbir iştirakçıları qarşısında məharətlərini göstəriblər.  “Yanıq Kərəmi”, “Naxçıvanı”, “Azaflı dübeyti”, “Baş müxəmməs”, “ Ruhani”, “Paşa köçdü” adları ilə xalqın yaddaşında əbədi iz buraxan saz havaları məktəbin şagirdlərinin ifasında səsləndirilib. “Koroğlu” operasından fraqmentlər, “Dədə Qorqud” filmindən bir hissənin nümayişi tədbirə xüsusi ab-hava qatıb.

            Beləliklə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin dəstəyi, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilən, “Milli dəyərlər ili”nə, bir növ, hesabat xarakteri daşıyan daha bir tədbir başa çatıb.

- Səbuhi HÜSEYNOV