14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

1903-cü il mart ayının 30-da Tiflis ədəbi-ictimai mühiti böyük sevinc içində idi. Azərbaycanın milli mətbuatının çağırışçısı olan “Şərqi-Rus” qəzeti nəşrə başlamışdı. Qeyd edək ki, həmin illərdə Tiflis həm də Qafqaz xalqlarının mədəni mərkəzi idi. Bu səbəbdən Tiflisdə yaşayan xalqların qabaqcıl ziyalıları bir-birləri ilə yaradıcılıq əlaqəsi saxlayırdılar. Belə səmimi yaradıcılıq münasibətlərinin nəticəsi idi ki, “Şərqi-Rus” qəzetinin nəşri digər xalqların da yazıçılarının, jurnalistlərinin sevincinə səbəb olmuşdu.

Rusiyada yaşayan bütün türkdilli xalqların ziyalıları, habelə İran, Türkiyə və digər ölkələrin də qələm sahibləri Azərbaycan dilində nəşrə başlayan “Şərqi-Rus” qəzetinin işıq üzü görməsinə ürəkdən sevinirdilər.
“Şərqi-Rus” qəzeti əvvəlcə həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri, 1904-cü il iyunun 8-dən isə hər gün buraxılmağa başladı.
XX yüzilliyin ilk Azərbaycan qəzeti olan “Şərqi-Rus”un banisi, naşiri və baş redaktoru özünün ictimai-siyasi, fəlsəfi görüşlərində daha irəli addımlamış, çoxcəhətli fəaliyyəti ilə seçilən, çoxlu sayda ədəbi, publisist, siyasi və fəlsəfi xarakterli məqalələrin müəllifi olan qətiyyətli, hünərli və cəsarətli şəxsiy­yət Məhəmməd ağa Şahtaxtlı idi. Bir məsələni qeyd etmək yerinə düşər: Məhəmməd ağanın 1920-ci ilədək rəsmi sənədlərdə familiyası Şahtaxtinski kimi yazılmışdır.
Əvvəlcə Məhəmməd ağanın mənsub olduğu nəsil haqqında azacıq məlumat vermək maraqlı olardı. Azərbaycanın milli dövlətçilik tarixinin inkişaf yollarını araşdırdıqda görürük ki, bu inkişafda nəsillərin də böyük rolu olub.

Doğma Azərbaycanın milli dövlətçilik tarixində və taleyində Şahtaxtinskilər – Kəngərlilər də böyük xidmətlər göstərmişlər. Əvvəllər Atabəylər dövlətində, Səfəvi və Osmanlı imperiyalarında, sonralar Naxçıvan və İrəvan xanlıqlarında, XIX əsrdə və XX yüzilliyin keçmiş Sovet İttifaqında, Avropanın bir çox ölkə­lərində hərbi, siyasi və elm, maarif, səhiyyə və digər sahələrdə müstəsna xidmətləri olmasına baxmayaraq, Şahtaxtinski – Kəngərlilər haqqında ətraflı tədqiqat aparılmadığından az qala bu qədim sülalə unudulmuşdu...
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra Şahtaxtinskilərin – Kəngərlilərin Azərbaycanın milli dövlətçilik tarixində fəaliyyətləri haqqında tədqiqat işləri aparılmağa başlanmış və müstəqil dövlətimiz tərəfindən onların xatirəsi əbədiləşdirilmişdir. “Tariximizdə və taleyimizdə Şahtaxtinskilər” (2010) kitabının nəşrindən sonra da axtarışlarımızı MDB məkanının bir çox arxivlərində, xüsusilə Tiflisdəki Gürcüstan Milli Arxivinin fondlarında və muzeylərdə davam etdirmişik. Xeyli orijinal sənədlər, faktlar və fotoşəkillər tapıldığından xalqımızın taleyüklü məsələlərində xüsusi xidmətləri olan Şahtaxtinskilər haqqında yeni bir kitabı nəşrə hazırlayırıq.
Aparılan axtarışlar zamanı görkəmli publisist, filosof, naşir, pedaqoq, poliqraf, tərcüməçi, diplomat, maarifçi Məhəmməd ağa Şahtaxtlıya aid maraqlı sənədlər qovluğunu da tapa bildik. Qafqaz canişinliyinin və Canişin dəftərxanasının fondlarında Məhəmməd ağa haqqında maraqlı sənədlər saxlanılır.
“Qafqaz canişinin dəftərxanası” fondundakı sənədlər qovluğu 69 səhifəlikdir. Həmin qovluğun üzərində yazılıb: “İrəvan quberniyasının Naxçıvan şəhər sakini, hazırda Tiflisdə yaşayan Məhəmməd Sultan­oviç Şahtaxtinskiyə “Şərqi-Rus” qəzetinin nəşri üçün icazə verilməsi haqqında”. Buradakı sənədlərin tarixi 1902-1905-ci illərə aiddir. Məlumat üçün deyək ki, sovet hakimiyyəti illərində “Şərqi-Rus” qəzetinin nəşri ilə bağlı bir sıra tədqiqatlar aparılmışdır. Tədqiqatçı alim, həmyerlimiz Şövqi Novruzov “Şərqi-Rus”la bağlı elmi-tədqiqat işi də yazmışdır. Onun zamanına görə bəzi ziddiyyətli fikirlərinə baxmayaraq, yazdığı mono­qrafiya öz aktuallığı ilə seçilir.
Ədəbiyyatşünas-alim Əziz Şərif böyük yazıçımız Mirzə Cəlil haqqında yazdığı “Molla Nəsrəddin” necə yarandı?” kitabında “Şərqi-Rus” qəzetinin fəaliyyətindən də söhbət açmışdır. Müstəqillik illərində isə akademik İsa Həbibbəyli Məhəmməd ağa Şahtaxtlının “Seçilmiş əsərləri”ni nəşr etdirmişdir. Onun yazdığı geniş və əhatəli girişdə ilk dəfə olaraq bir çox qaranlıq məsələlərə aydınlıq gətirilmişdir.
Qeyd edək ki, digər tədqiqatçı alimlərin də maraqlı elmi məqalələri vardır. Amma tapılan arxiv sənədləri ilə tanışlıq imkan verir deyək ki, Məhəmməd ağanın 71 illik elmi və siyasi fəaliyyətinin dərindən və kompleks şəkildə araşdırılmasına böyük ehtiyac vardır.
Məhəmməd ağa Şahtaxtlı müxtəlif ölkələrdə və şəhərlərdə təhsil aldığından, müəllimlik etdiyindən, bir cəsur jurnalist kimi tanındığından və siyasi fəaliyyətindən, diplomatik xidmətdə olduğundan onun haqqında doğru-düzgün yazmaq üçün dərindən tədqiqat aparmaq lazımdır.
Tapdığımız sənədlər onun yüksək erudisiyasından, cəsarətindən, milliliyindən, aydın və böyük mənalı publisistikasından xəbər verir.
Məhəmməd ağa Şahtaxtlı “Şərqi-Rus” qəzetini nəşr edəndə Rusiyada, Avropada və Yaxın Şərq ölkə­lərində tanınmış bir mütəfəkkir idi. O, XIX əsrin sonunda və XX əsrin əvvəllərində çoxcəhətli fəaliyyət göstərən jurnalist idi. XIX əsrin 70-ci illərindən dövri mətbuatda çıxış edən Məhəmməd ağanın ədəbi-tənqidi məqalələrinin mövzu dairəsi çox genişdir: Şərq xalqlarının tarixi və müasir həyatı, beynəlxalq əlaqələr, dil və mədəniyyət, maarif, din və fəlsəfə. Bu siyahını uzatmaq da olar. Arxiv sənədləri ilə tanışlıq belə söyləməyə əsas verir. Məhəmməd ağanın ədəbi jurnalistlik fəaliyyəti Azərbaycan və rus mətbuat tarixi ilə çox bağlıdır.
Tapılan sənədlərdə onun öz əli ilə yazdığı və imzaladığı ərizələr maraq doğurur. 1863-cü ildə Naxçıvan şəhər məktəbini bitirən, sonralar İrəvanda və Tiflisdə təhsilini davam etdirən Məhəmməd ağanın taleyində Tiflis şəhərinin xüsusi yeri olmuşdur. XIX əsrdə və XX əsrin əvvəllərində Qafqazın mərkəzi olan Tiflis şəhərində klassik kişi gimnaziyasını bitirən Məhəmməd ağa Rusiyanın və Avropa ölkələrinin sayılıb-seçilən universitetlərində təhsil aldıqdan sonra yenidən Tiflisə qayıtmışdır. Onun elmi dünyagörüşünün formalaşmasında Tiflisin ədəbi və elmi mühitinin böyük mənəvi təsiri olmuşdur. Məhəmməd ağanın ən böyük arzularından biri Azərbaycan dilində qəzet nəşr etdirmək olub. O, müxtəlif illərdə (fasilələrlə) Tiflisə dönmüş və Qafqaz canişinliyinin vasitəsilə Rusiya hökumətinə ərizə ilə müraciət etmişdir. Hələ 1896-cı ildə Məhəmməd ağa Şahtaxtlı Qafqaz Senzor Komitəsinə və Rusiya Daxili İşlər Nazirliyinə ərizə ilə bildirmişdir ki, ona Azərbaycan, türk, ərəb və fars dillərində “Tiflis” adlı qəzeti nəşr etməyə icazə versinlər. O, ərizəsinə geniş bir proqram da əlavə etmişdi. Ancaq çar məmurları bu proqramdan ildırımdan qorxduqları kimi ciddi narahatçılıq keçirmişdilər. Rəsmi qaydada rədd cavabı versələr də, qətiyyətli və çox cəsur olan Məhəmməd ağanın arzusunu söndürə bilməmişdilər. O, Peterburqa getmiş və yüksəkrütbəli çar məmurlarına müraciətlər etmişdir.
1889-cu ildə Fransaya gedən Məhəmməd ağa 1902-ci ildə yenidən Tiflisə qayıtmış və doğma Azərbaycan dilində qəzet çıxarmaq üçün Rusiya hökumətinə ərizə ilə müraciət etmişdir. Tapılan qovluqda onun yazdığı geniş əhatəli ərizələr vardır. Yazdığı ərizələrdə elmi, maraqlı dəlil və sübutlarla Qafqazın canişinini inandırmağa çalışmış və uzun-uzadı müraciətlərdən sonra onların müqavimətini qıra bilmişdir. Məsələn, onun general-adyutant knyaz G.S.Qolitsinə yazdığı ərizə çox əhatəlidir. Burada Məhəmməd ağanın nəşr üçün tərtib etdiyi proqram da vardır. O, burada maraqlı izahatlar verərək çar hökumətini inandırmağa çalışır ki, “Şərqi-Rus” qəzeti nəşri ilə Rusiya hökumətinə xeyir verə bilər və sair. Ərizədə 50 yaşında olduğunu da qeyd edir. (Amma bu vaxtlar onun 56 yaşı vardı – müəllif). Tiflisdə yaşadığı ünvanı (Olqinski küçəsi, Qoqniyevlərin evi № 16) göstərən Məhəmməd ağa ərizənin axırında qeyd edib: “Arzu edirəm ki, qəzetin həcmi “Svet” (İşıq) qəzetinin həcmində olsun”. Hətta o bu ərizədə qeyd etmişdi ki, qəzet Libermanın mətbəəsində çap ediləcək. Görünür ki, bu mətbəə çar hökumətinin inandığı yer imiş. Amma sonralar Məhəmməd ağa doğulduğu Şahtaxtı kəndindəki mülkünü sataraq Tiflisdə müasir avadanlıqlı mətbəə açmışdı.
Böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadə öz “Xatiratım”da yazır: “... mənə, Məhəmməd ağanın vətəninin övladına bu məlumdur ki, o vaxtlar ədibimiz qəzet məşqinə düşəndə, mən eşitdim ki, Məhəmməd ağa atadanqalma mülkünün öz hissəsini satıb on səkkiz min manata və bu pulu alıb getsin Tiflisdə qəzet nəşr etsin.
Mən Tiflisdə Məhəmməd ağanın qəzetinin idarəsinə daxil olanda bildim ki, Naxçıvanda danışılan bu söhbət əsl həqiqətdir. Və o vaxt mən gördüm ki, bu on səkkiz min manat qəzet üçün xüsusi bir mətbəə saxlamağa sərf olunur.
Və bir az vaxtda mətbəə də düzəldi...”
“Şərqi-Rus” qəzetinin mətbəəsi əvvəlcə Çitanov karvansarasında kirayə edilmiş bir neçə otaqdan ibarət olsa da, sonralar Məhəmməd ağa onu daha münasib yerə – Baryatinski küçəsində Aleksandr bağının qarşısında yerləşən binaya köçürtmüşdü. Bu bina “Qafqaz” hərbi muzeyinin yaxınlığında yerləşirdi. İndi də o bina qalmaqdadır. Məhəmməd ağanın məslək və əməl dostu Ömər Faiq Nemanzadənin yazdığından məlum olur ki, bu mətbəə “o vaxt üçün lazımi qədər gözəl hərflər, hərf kassaları, böyük çap makinəsi” və sair avadanlıqla təchiz edilmişdi. Qeyd edək ki, 69 səhifəlik qovluqda Məhəmməd ağanın yazdığı rəsmi məktublarda və ərizələrdə bu haqda məlumatlar vardır.
Bir məsələni də hökmən xatırlamaq lazımdır. Məhəmməd ağa “Şərqi-Rus”un nəşri üçün poliqrafiya kursu açmışdı ki, mətbəə işini bilən milli kadrlar hazırlasın. Vaxtilə Avropa ölkələrində yaşayarkən öyrəndiyi poliqrafiya bilgiləri indi onun çox köməyinə çatırdı. Məhəmməd ağa təşkil etdiyi mətbəədə belə işçilər hazırlaya bildi: İsmayıl Həqqi Həsənzadə, Hüseyn, Allahverdi və Əbülqasım. Onlar bacarıqlı mürəttiblər idi. Onların bəzisi sonralar “Molla Nəsrəddin” jurnalında da mürəttib işləmişdi. Bunlardan İsmayıl Həqqi Həsənzadənin adını xüsusilə qeyd etmək ədalətli olardı. Mən Tiflisdə olarkən “Şərqi-Rus” qəzetinə və “Molla Nəsrəddin” jurnalına axıradək sədaqətli olan bu mürəttibin varislərini axtarıb tapdım... “Şərqi-Rus” qəzetinin bütün nəşri (cəmi 392 nömrə) Baryatinski küçəsindəki “Məhəmməd ağa Şahtaxtinski” mətbəəsində işıq üzü görmüşdü. Bunlardan 45 nömrənin redaktoru Mirzə Cəlil Məmmədquluzadə olmuşdur. Tapılan sənədlərdə bu mətbəə ilə də bağlı maraqlı məlumatlara rast gəlinir.
Məhəmməd ağa Şahtaxtlıya hələ qəzet nəşrindən əvvəl Bakıda vaxtilə işlədiyi “Kaspi” qəzetinin redaktoru Əlimərdan bəy Topçubaşov maddi yardım edəcəyinə söz vermişdi. Amma sonralar o, bu vədini yerinə yetirmədi. Bu haqda bir az sonra.
Məhəmməd ağa Şahtaxtlı Naxçıvanda yaşayan ziyalı dostları olan M.T.Sidqini və Qurbanəli Şərifzadəni XX əsrin ilk Azərbaycan qəzetinin redaksiyasında işləməyə dəvət edirdi. O, Sidqiyə yazırdı: “Mənə inanınız və Tiflisə gəliniz. Cəhalətin xanımanını dağıtmaq üçün bir yerdə çalışaq!” Amma çox təəssüflər olsun ki, ziyalı dostları onun bu çağırışına səs vermədilər. Buna əsas səbəb Məhəmməd ağa Şahtaxtlının “Kaspi” qəzetinin sahibi və jurnalistləri ilə olan ciddi münaqişəsi idi. Bu münaqişə haqqında Əziz Şərif “Molla Nəsrəddin” necə yarandı?” (Bakı-1986) kitabında məlumat vermişdir.
Biz bu yazımızda yuxarıda qeyd etdiyimiz münaqişənin dərinliyinə getmirik. Çünki bu, həssas və dərin mətləbli məsələdir. Bu münaqişədə olan milyonçu H.Z.Tağıyevin, Ə.Topçubaşovun, Əhməd bəy Ağa­yevin və Məhəmməd ağa Şahtaxtlının Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində böyük xidmətləri vardır. Amma bu ciddi münaqişə olub və həllini doğru-dürüst tapmalıdır. Məsələn, sovet hakimiyyəti illərində “Kaspi” qəzetinin jurnalistlərini daha çox günahlandırırdılar. Buna əsas səbəb onların mühacirət etmələri idi.
Tapdığımız sənədlərdə Məhəmməd ağa bu məsələyə aydınlıq gətirir. Onun yazdıqlarından məlum olur ki, onlar Məhəmməd ağanın nasirlik hüququnu ondan satın almaq məqsədində imişlər. Məhəmməd ağa isə minbir əziyyətlə nəşrinə icazə aldığı qəzeti heç kimə satmaq istəmir.
“Kaspi” və “Tərcüman” qəzetləri “Şərqi-Rus”u boykot etmək üçün var qüvvəsi ilə hücuma keçmişdilər. İş o yerə çatmışdı ki, Naxçıvan ziyalıları “Tərcüman” qəzetini almaqdan imtina etmişdilər.
1904-cü il iyunun 8-dən etibarən “Şərqi-Rus” qəzeti həftədə 7 dəfə nəşr olunduğundan Məhəmməd ağa müflisləşdi. O, çox təcrübəli bir naşir idi. Bilirdi ki, maddi dayaq tapmasa, qəzet nəşrini dayandıracaq. Sənədlər qovluğunda Məhəmməd ağanın Tiflisdə Mülki İşlər üzrə Baş Rəislik Dəftərxanasının müdirinə və Knyaz Qolitsinə yazdığı xahiş ərizələrindən məlum olur ki, o, “Şərqi-Rus”u xilas etmək üçün var gücü ilə maddi kömək arayıb.
Belə bir məqamda o, Qafqaz Mülki İşlər üzrə Baş İdarəsinə də müraciət etdi ki, mənə borc pul verin, əvəzində mətbəəmi girova qoyum. Ancaq Qafqaz Senzor Komitəsinin sədri M.Qakkel Məhəmməd ağaya müsbət cavab vermədi. M.Qakkel məğrur, cəsarətli və həddindən artıq savadlı olan Məhəmməd ağadan intiqam almaq istəyirdi. M.Qakkel öz ağalarına yazır­dı: “Ölkənin rus mənafeyi üçün xidmət göstərməyən “Şərqi-Rus”a yardım üçün tutarlı bir münasibət görmürəm”.
“Şərqi-Rus”u boykot etmək üçün hər cür iftira atan jurnalistlərə və məmurlara qarşı qətiyyətli mübarizə aparan Məhəmməd ağanın yazdıqlarından yan keçmək olmur.
“Şərqi-Rus” qəzetinin naşirinin dərin iqtisadi böhran keçirməsi onun Bakıda olan rəqiblərini sevindirdi. Onlar qəzetin naşirlik hüququnu ələ keçirmək üçün fəaliyyətə başladılar. Əhməd bəy Ağayevi Tiflisə Məhəmməd ağanın yanına göndərdilər ki, qəzetin nəşrinə imtiyazlı şərik olsunlar.
Məhəmməd ağa “Şərqi-Rus” qəzetinin nəşrinə külli miqdarda pul, gərgin zəhmət, yuxusuz gecələr sərf etmişdi. İstəmirdi ki, oxucularına ləyaqətlə xidmət edən qəzet bağlansın. Ona görə də Əhməd bəy Ağayevin yardım təklifinə razılıq verdi.
Beləliklə, Əhməd bəy Ağayev qəzet imtiyazına şərik oldu. Həmin gündən etibarən qəzetdə tamamilə ayrı mövzular görünməyə başladı.
Məhəmməd ağanın Əhməd bəy Ağayevlə bağladığı müqaviləyə görə “Şərqi-Rus” qəzeti Bakıya köçürülməli idi. Amma Qafqaz Senzor Komitəsi buna icazə vermədi. Ona görə də Məhəmməd ağa Peterburqa getməli oldu. O, 1904-cü il noyabrın 23-də əvvəlcə Bakıya, sonra Peterburqa yola düşdü. Onun bu tarixi səfəri bir aya yaxın davam etdiyindən qəzetin müvəqqəti redaktorluğunu sədaqətli dostu Mirzə Cəlil Məmmədquluzadəyə həvalə etmişdi. Arxiv sənədlərindən məlum olur ki, Məhəmməd ağa Peterburqda Mətbuat İşləri üzrə Baş İdarə rəisindən icazə ala bilib.
1905-ci il yanvar ayının 15-də Mətbuat İşləri üzrə 520 №-li əmr də 69 səhifəlik qovluqdakı sənədlərin içərisindədir. Bax beləcə “Şərqi-Rus” öz fəaliyyətini dayandırdı. Məhəmməd ağa sərəncam verdi ki, bütün mətbəə ləvazimatı, avadanlığı, arxivi ilə Bakıya köçürülsün. Köçmək üçün hər şey hazırlansa da, bu köç baş tutmadı. “Şərqi-Rus” qəzeti nə Bakıya köçdü, nə də Tiflisdə qaldı. Əbədi olaraq tarixdə qaldı.
Qəzetin nəşrində böyük xidmətləri olan Mirzə Cəlil Məmmədquluzadə “Xatiratım” adlı əsərində yazır: “Dünyada “Hikmətə” inanan adam olsaydım, mən deyə bilərdim ki, “Şərqi-Rus” qəzetinin yox olmağında bir “hikmət” var...”
Əgər Məhəmməd ağanın fəaliyyəti ilə bağlı dərindən araşdırma aparılarsa, tapılan arxiv sənədləri bu “hikmət”in sirrini açacaq.

Ən əsası bu “hikməti” Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə orijinal səhifələr yazmış ilk azərbaycanlı poliqlot, elmi məqalələrini, publisist, siyası və fəlsəfi xarakterli əsərlərinin resenziyalarını Şərq və Qərb dillərində yazan və “Şərqi-Rus”un ilk nömrəsini görəndə sevincindən ağlayan cəsur, mərd və dəmir iradəli Məhəmməd ağa Şahtaxtlının xarakterində axtarmaq lazımdır.
Tiflisdə qalan bu mətbəə sonralar məşhur “Molla Nəsrəddin” jurnalının nəşrinə xidmət etdi və “Qeyrət” mətbəəsi adı ilə mətbuat tariximizdə yaşadı.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272119
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1740
4121
9888
56765
3272119

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter