14 Dekabr 2019, Şənbə

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət xəzinələri, təəssüf ki, YUNESKO daxil olmaqla digər mədəniyyət, elm və təhsil məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların diqqətindən kənarda qalmışdır.
Şərur rayonunda onilliklərdir aparılan tədqiqatlar nəticəsində aşkar olunan arxeoloji abidələr Naxçıvanı Daş və Tunc dövrlərinə aid tədqiqatların aparılmasına imkan verən mühüm bir əraziyə çevirmişdir. Bu ərazidə YUNESKO ekspertləri və digər tədqiqatçılar qədim keçmişimizlə bağlı cavabsız qalan suallara cavab tapa bilərlər.
Ağzirət piri – Şərur rayonunun Yuxarı Yaycı kəndinin şərqində təbii qayalığın içərisində olan oyuqda yerləşir. Bu ziyarətgah yerli alimlər tərəfindən geniş şəkildə tədqiq edilmişdir. Ziyarətçilər pirin olduğu təbii oyuğa şimal tərəfdən salınmış dar cığırla gedə bilərlər. Bu abidə özündə bir çox qədim əfsanələri birləşdirdiyi üçün yerli əhali tərəfindən müqəddəs yer kimi qəbul edilir. “Naxçıvan Abidələri Ensiklopediyası”na əsasən, bura gələn ziyarətçilər mağaranın ətrafındakı balaca daşın üzərində şamı yandıraraq öz ibadətlərini yerinə yetirirlər.

Azərbaycan Respublikasının arxe­oloqları Ağzirət pirinin içərisindən və ətrafından orta əsrlərə aid olan çıraq və çoxlu sayda keramika nümunələri aşkar etmişlər. Pirin aşağı mərtəbəsində təbii mağaranın içərisindən su damır, onun qarşısında isə tut ağacı var. Bu ağac və pirin suyu müqəddəs hesab olunur. Pirin yaxınlığında olan daşlardan birinin üzərində yeddi dırnaq izi vardır. Xalq arasında bu daş “Qatır dırnağı” adlanır. Əfsanəyə görə Ağzirət deyilən zağada düşmənlərdən qorunan camaat elin igidlərinin məğlub olduğunu, düşmənin isə çox olduğunu görəndə qız-gəlinlər ələ keçməsinlər deyə Allaha yalvarırlar ki, onları daş eləsin. Zağalara girən düşmən hər tərəfdə daş adamlarla rastlaşır. Deyilənə görə, bura ziyarətə gələnlər niyyətlərinin baş tutub-tutmayacağını bilmək üçün xırda daşlardan götürüb gəlin daşın başına atırlar. Daş orda qalsa, deməli, niyyət qəbul olunur. Pirin ərazisində tapılan keramika məmulatı orta əsrlərə aid olsa da, ətrafda Tunc dövrünə aid abidələrin olması onun qədim dövrdən ziyarətgaha çevrildiyini deməyə əsas verir. Ağzirət pirini eramızdan əvvəl III-II minilliklərə aid etmək olar.
Ağsal nekropolu – Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidədir. Burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın sahilində böyükhəcmli arxeoloji xəzinələr vardır ki, bu xəzinələr Xəzər regionunun qədim mədəniyyətinin geniş tədqiq edilməsinə kömək edir, həmçinin Tunc dövrünə aid kənd təsərrüfatı alətləri və insanların həyat tərzinə aid yeni məlumatların əldə olunmasına imkan verir. Naxçıvan ərazisində mövcud olan arxeoloji maddi-mədəniyyət nümunələri və abidələr Tunc dövrü və qədim tarix üzrə ixtisaslaşmış beynəlxalq tədqiqatçıların bura səfərini gözləyir.
Axaməd yaşayış yeri – Şərur rayonunda eyniadlı kəndin cənub-qərbində I minilliyə aid yaşayış yeridir. Ərazidə vaxtaşırı aparılan qazıntılar zamanı buradan iri tikili daşları, daş əmək alətləri (dən daşı) və keramika məmulatları tapılmışdır. 2001-ci ildə ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı buradan qeyri-adi gildən hazırlanmış maddi-mədəniyyət nümunələri də aşkarlanmışdır. Bu qədim materiallar Azərbaycandakı mədəniyyət, etnoqrafik proseslərin təkamülü və kənd təsərrüfatı alətləri barədə yeni məlumatlar verir. Naxçıvan arxeoloqlarının aşkarladığı mühüm maddi-mədəniyyət nümunələri əhəmiyyətliliyinə görə sərhədləri və ölkələri aşmışdır. Lakin beynəlxalq təşkilatlardan olan YUNESKO və digər BMT təşkilatları qədim ticarət yolunun mərkəzində yerləşən və bu günə qədər də davam edən silahlı münaqişələrin mərkəzində olan dünyanın bu hissəsinə ciddi diqqət etməmişlər.

Peter Tase
07.02.2016
Amerika Birləşmiş Ştatlarının
"Foreign Policy News" qəzeti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR