14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan zəngin tarixə və mədəniyyətə malik qədim oğuz yurdudur. Bu zənginliyə diyarımızın hər qarış torpağında rast gəlmək mümkündür. Qədim yaşayış yerləri, nekropollar, məscid və hamamlar, xanəgahlar, pir və ziyarətgahlar, qala və karvansaraylar Naxçıvanın uzaq keçmişindən günümüzədək köksündə yaşatdığı çoxsaylı tarixi abidələrdir. Belə abidələr içərisində diqqəti çəkən əhəmiyyətli tikililərdən biri də körpülərdir. Tarixdən məlumdur ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan ticarətin, elm və mədəniyyətin sürətlə inkişaf etdiyi mərkəzlərdən sayılıb.

Bu amil diyarın tikililərinə də təsirsiz ötüşməyib. Xüsusilə orta əsrlərdə burada yeni yolların salınması, körpülərin tikilməsi diqqət mərkəzində olub. Bəs bu körpülər haqqında nə dərəcədə məlumatlıyıq? Bu yazıda Naxçıvan Abidələri Ensiklopediyasına istinad edərək oxucularımıza Naxçıvanın tarixi körpüləri haqqında məlumat verməyi qərara aldıq.

Muxtar respublika ərazisindəki tarixi körpülər içərisində aşırımlarının sayına görə ən böyüyü olan Aza körpüsü Ordubad rayonunun Aza kəndində Gilançayın üzərində XVII əsrdə salınmış memarlıq abidəsidir. Aza kəndi ilə Darkəndi birləşdirən bu körpünün eni 3,5 metr, uzunluğu isə 46 paqonometrdir. Körpü beş aşırımlıdır. Qırmızımtıl rəngli yonulmuş yerli dağ daşından inşa edilmişdir. Körpü inşa edilərkən ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Tağların dördündə dalğakəsən vardır. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üzərində yerləşən Aza körpüsü Böyük İpək Yolu ilə Şərqdən Qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa edilmişdir. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Körpü baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından bu abidə 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.
Gilançayın üzərində salınmış digər körpü isə Biləv körpüsüdür. Bu körpü beşaşırımlı olsa da, yalnız bir qisminin qalıqları dövrümüzədək gəlib çatmışdır. XVIII əsrə aid olan bu körpünün aşırımları arasındakı məsafələr müxtəlifdir. Tağabənzər aşırımlar dördkünc formalı dayaq sütunlar üzərində inşa olunmuşdur. Körpünün eni 3,3 metr, uzunluğu isə 55 metrdir. Körpü əhəng məhlulu ilə irihəcmli çay daşları və qaya parçalarından hörülmüş, yonulmuş daşlarla üzlənmişdir.
Ordubad rayonunun Bist kəndinin qərb tərəfindən axan Ələhi çayı üzərində salınmış ikitağlı birinci Bist körpüsünün tikintisində həm daş, həm də kərpicdən istifadə olunmuşdur. Körpünün I Şah Abbas dövründə inşa olunması haqqında fikirlər var.
İkinci Bist körpüsü isə kəndin cənub-şərqində Nəsirvaz çayı üzərində salınmış tarixi-memarlıq abidəsidir. Birtağlı olan bu körpünün uzunluğu, təqribən, 23, hündürlüyü 10, eni isə 4 metrə yaxındır. Körpünün salınmasında məqsəd kəndə gediş-gəlişi təmin etməklə yanaşı, ticarət karvanlarının hərəkətini asanlaşdırmaq olmuşdur. Cənub tərəfdə, daşın üzərində 1869-cu il tarixi yazılmışdır. Tikinti texnikasına görə o, birinci Bist körpüsü ilə oxşarlıq təşkil etsə də, ondan sonrakı dövrdə inşa olunmuşdur. Naxçıvan Abidələri Ensiklopediyasında qeyd olunur ki, böyük ehtimalla körpü 1869-cu ildə təmir edilmişdir. Körpü XVII-XVIII əsrlərə aid olunur.
Ordubad rayonunda daha bir tarixi körpü isə Ələhi kəndinin yuxarı hissəsində, Ələhi çayı üzərindəki tarixi-memarlıq abidəsidir. Körpü ikiaşırımlı və çatmatağlıdır. Kobud şəkildə yonulmuş boz dağ daşından inşa edilmişdir. Tikilinin uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metrdir. Körpünün qərb oturacağı qaya üzərində hörülüb. XVIII-XIX əsrlərə aid edilən bu körpü hazırda kənd əhalisinin istifadəsindədir.
Məzrə körpüsü də Ordubad rayonu ərazisində, Düylün çayı üzərində yerləşən memarlıq abidəsidir. Körpü Məzrə kəndindən şimal-şərqdə yerləşir. Körpünün bir hissəsinin qalıqları indiyədək qalmışdır və tikintisində yonulmuş qaya parçalarından və bərkidici məhlul kimi əhəngdən istifadə olunmuşdur. Bu memarlıq abidəsi Məzrə kəndinin Urmus, Üstüpü və digər kəndlərlə əlaqə saxlamasına imkan vermişdir. Tikinti texnikasına əsasən XVII-XVIII əsrlərdə tikildiyi ehtimal olunur.
Daha bir memarlıq abidəsi – Üstüpü körpüsü də öz əhəmiyyəti ilə seçilən körpülərdəndir. Düylün çayı üzərində yerləşən bu körpünün uzunluğu 10 paqonometrdir. Abidənin XVIII əsrin sonu, XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsuiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. 1996-cı ildə körpünün bərpası nəticəsində Məzrə və Üstüpü kənd­lərindən magistral yola çıxış təmin olunmuşdur.
Ordubad rayonunda körpü sayına görə çoxluq Yuxarı Əylis kəndinin payına düşür. I Yuxarı Əylis körpüsünün qalıqları kənddən keçən Əylis çayının içərisindədir. Körpünün yalnız bir aşırımının qalıqları qalmışdır. Dayaq sütunu və tağın bir qismi qaya daşlarındandır. Əhəng məhlulundan istifadə olunmaqla inşa edilmişdir. Xalq arasında Şah Abbas körpüsü adlanır. Tikili XVI əsrə aiddir.
II Yuxarı Əylis körpüsü də Yuxarı Əylis kəndində Əylisçay üzərində tarix-memarlıq abidəsidir. Orta əsr Əylis bazarına yaxın olduğu və gələn ticarət karvanları bu körpüdən bazara daxil olduğu üçün bəzən “Bazar körpüsü” də adlandırılır. Körpünün yerləşdiyi Qarabağ məhəlləsi Zəngəzur mahalından bura gələnlərin adı ilə bağlıdır. Bundan yuxarı Xoşkeçin məhəlləsi yerləşir ki, bu məhəllənin adı da “Körpüdən xoş keçin” arzusundan yaranmışdır. Hazırda təhrif olunaraq “Xoşkeşin” və ya “İşkeşin” şəklində işlədilir. Körpü ağ rəngli dağ daşından inşa olunmuşdur. Orta əsrlərdə Ordubad, Əndəmic, Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurmuş. Burada dincələn və alver edən tacirlər Vənənd istiqamətində irəliləyərək yollarına davam edər, orta əsrlərdə Vənəndçayın üzərində salınan, ancaq indiyədək elmə bəlli olmayan Vələver kəndi ilə Başkəndi birləşdirən körpüdən keçərək qərbə doğru gedərmişlər.
III Yuxarı Əylis körpüsü isə kəndin içərisindəki dərənin üzərindən keçmək üçün inşa olunmuşdur. Birtağlıdır. Uzunluğu 9, eni 3,2, hündürlüyü 9 metrdir. Tağın kənarları yonulmuş daşlarla bəzədilmişdir. Memarlıq üslubu XVIII əsr abidələri üçün xarakterikdir. Körpü XVIII-XIX əsrlərə aid edilir.
IV Yuxarı Əylis körpüsü də Əylis çayının qollarının birinin üzərində salınmışdır. Birtağlı körpünün memarlıq üslubu XVIII-XIX əsrlər üçün xarakterikdir. Körpünün tağı kənarlarda yonulmuş daşlarla inşa edilərək əhəng məhlulu ilə bərkidilmişdir.
Culfa rayonu da tarixi körpüləri ilə seçilən bölgələrimizdəndir. Belə körpülərdən biri – Qazançı körpüsü Qazançı kəndindən şimalda, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsidir. Körpü xalq arasında “Qozbel körpü” adı ilə də məşhurdur və XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək Yoluna xidmət edən bu körpü vasitəsilə vaxtilə Qazançı kəndinin şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü isə 8,8 metrdir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir. Tağları haşiyəli və təmiz yonulmuş qumdaşındandır.
Ləkətağ körpüsü Culfa rayonunun Ərəfsə kəndindən şimal-şərqdə Əlincəçayın üzərində orta əsrlərə aid memarlıq abidəsidir. Körpü Əlincə çayının sol sahilində olan kəndləri Culfa rayonunun digər kəndləri ilə əlaqələndirmişdir. Azərbaycan Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzinin arxeoloji ekspedisiyası bu ərazidə işləyərkən körpünün ölçülərini və fotosunu götürmüşdür. Körpü tağvarı formada olub, müxtəlifhəcmli çay və dağ daşlarından tikilmişdir. Onun tağı kənarlarda yonulmuş ağ daşlardan, ortada isə müxtəlif çay daşları ilə hörülmüşdür. Bərkidici maddə kimi iri qum və əhəng qarışığı olan gəcdən istifadə edilmişdir. Aşağı hissədə körpünün eni 7 metrdir. Onun hündürlüyü daş özülə qədər 5, çaya qədər 6,5 metrdir. Körpünün eni 2,7 metrdir. Onun üst hissəsi tamamilə uçub dağılmış, tağı isə uçmaq üzrədir. Belə hesab etmək olar ki, orta əsrlərdə Əlincəçay vadisi ilə uzanan yol Ərəfsə kəndinin yaxınlığında çayın sol sahili boyunca davam etmişdir. Tikinti texnikasına əsasən körpünü XVI-XVII əsrlərə aid etmək olar.
Şah Abbas körpüsü Culfa rayonunun Gülüstan kəndinin qərbində, Gülüstan körpüsündən 500 metr yuxarıda, Araz çayının üzərində tarixi-memarlıq abidəsidir. Körpünün qalıqlarına xalq arasında “Şah Abbas küləfrəngisi” də deyirlər. Hazırda körpünün yalnız iki dayaq sütununun müəyyən hissəsi qalmışdır. Sütunlardan biri çayın ortasındakı qayanın üzərində, digəri isə sol sahildəki dəmiryol xəttinin altında qalmışdır. Qırmızı qum daşından tikilən dayaq sütunun üzlük daşları düşmüşdür. Aşırımlar arasındakı məsafə əraziyə uyğun olaraq müxtəlif olmuşdur. Körpünün qalıqlarını XVI-XVII əsrlərə aid etmək olar.
Dədəli körpüsü isə Şərur rayonunun ərazisində, Arpaçay üzərində salınmış birtağlı körpüdür. Körpünün uzunluğu 30 metr, eni 4 metr, mərkəzdə suyun səthindən hündürlüyü 12 metrdir. Onun sol tərəfinin özülü sahildəki sağ daşın üstündə, sol tərəfinin özülü isə 2 metr dərinlikdə qoyulmuşdur. Orta əsr körpülərinin memarlıq üslubunda inşa olunmuş körpünün XIII əsrdə tikildiyi ehtimal olunur.
Bəli, orta əsr çağlarında tikilmiş bu körpülər tarixi-memarlıq abidələri kimi böyük əhəmiyyət kəsb edir. Keçmişdə olduğu kimi, müasir günümüzdə də onların bir çoxundan istifadə olunur.

 Səbuhi Həsənov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272129
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1750
4121
9898
56775
3272129

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter