15 Noyabr 2019, Cümə

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Qarabağ müharibəsi həqiqətlərindən bəhs edən, Azərbaycan kinematoqrafiyasının son dövrlərdə meydana çıxan ən dəyərli nümunələrindən biri olan “Dolu” filminin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində filmin ssenari müəllifi, “Şöhrət” ordenli yazıçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas çıxış etmişdir. Azərbaycanın XX əsrin 90-cı illərinin əvvəllərində qanlı müharibəyə cəlb olunduğunu deyən yazıçı ölkəmizin o zaman düşdüyü ağır durumdan çıxarılmasında, parçalanmaq təhlükəsindən xilas edilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu vurğulamışdır.
“Dolu” filminin Naxçıvanda təqdimatının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlığını bildirən Aqil Abbas filmin çəkilişi haqqında qısa məlumat vermişdir. “Azərbaycanımızın qədim diyarı, peyğəmbərlər və dahilər Vətəni Naxçıvan mənə çox doğmadır”, – deyən yazıçı muxtar respublikaya hər səfərində şahidi olduğu dəyişikliklərin və inkişafın onda böyük fərəh hissi doğurduğunu demişdir.
Sonra film naxçıvanlı tamaşaçılara təqdim edilmişdir. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq, Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Rejissoru Elxan Cəfərov, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu olan filmdə baş rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov və Fuad Poladov ifa edirlər. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmin çəkilişləri Bakı, Xızı, İsmayıllı, Ağdam, Şəmkir, Sumqayıt və Ağcabədidə aparılmışdır. Film tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Xəbərlər şöbəsi

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Üm­um­dünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirmişdir ki, YUNESKO-nun 1995-ci il tarixli qərarı ilə 1996-cı ildən hər il aprel ayının 23-ü bütün dünyada “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd kitabın bəşər mədəniyyətinin inkişafında oynadığı rola diqqət çəkməkdir. Kitabxana direktoru vurğulamışdır ki, kitab əsrlər boyu xalqlar arasında mədəni əlaqələrin qurulmasında böyük rol oynamış, bəşəriyyətə humanizm və intibah carçısı kimi xidmət etmişdir.
Kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova əlamətdar günlə bağlı məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanda kitab mədəniyyətinin çoxəsrlik tarixinə toxunulmuş, kitabın xalqımızın mənəvi-ictimai həyatındakı əvəzsiz rolundan bəhs olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev çıxışında kitabın həyatımızın müxtəlif sahələrinə dair bilik mənbəyi, həmçinin bu bilik və elm xəzinəsini bu günə daşıyan əvəzsiz vasitə olmasından danışmışdır.
Kitabxananın əməkdaşı Minayə Nəbisoy çıxış edərək kitabı bəşəriyyətin ən dəyərli kəşfi kimi qiymətləndirmişdir. Vurğulanmışdır ki, kitablar insanların maariflənməsində və savadlanmasında, tarixi minilliklərlə ölçülən adət-ənənələrin yaşadılmasında misilsiz bir xəzinədir.
Kitabxanaçı Vəsilə Cəfərova çıxışında Azərbaycanda müəllif hüquq sisteminin tətbiqindən danışaraq bu sistemin Azərbaycanda yaradıcısının xalqımızın ümummilli lideri Heydər Əliyev olduğunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin təsdiq etdiyi “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahənin tənzimlənməsində böyük rol oynamışdır. Azərbaycan Respublikası 1996-cı ildən bu sahədə beynəlxalq konvensiyalara qoşulmuş, ölkəmizdə Müəllif Hüquqları Agentliyi yaradılmışdır.
Tədbirin sonunda yeni kitabların nümayiş etdirildiyi sərgiyə baxış olmuşdur.

Əli RZAYEV

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar jurnalisti, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filminə baxış keçirilmişdir. Filmin nümayişindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli millət vəkili, yazıçı Aqil Abbasın müasir Azərbaycan tənqidi-realist ədəbiyyatının tanınmış nümayəndələrindən biri olduğunu vurğulamış, onun “Batmanqılınc”, “Ölülər”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” və sair əsərlərinin ideya-bədii xüsusiyyətlərindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, yazıçının müharibə mövzusunda yazdığı “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı film müharibə dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini, Qarabağ müharibəsindəki müvəqqəti məğlubiyyətlərin əsl səbəblərini açan, gəncliyin milli rəşadət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edən uğurlu ekran əsəridir. Vurğulanmışdır ki, “Dolu” milli kino salnaməmizə müharibə mövzusunda çəkilən ən yaxşı filmlərdən biri kimi daxil olacaq.
Filmin ssenari müəllifi, yazıçı Aqil Abbas pedaqoji kollektivi, tələbələri salamlayaraq böyük tarixi şəxsiyyətlərin, ədəbi simaların, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Vətəni Naxçıvanda, buradakı tanınmış ali təhsil ocağında olmaqdan məmnunluğunu bildirmişdir.
Sonra film nümayiş olunmuşdur. “Azərbaycanfilm” kinostudiyasının 2012-ci ildə çəkdiyi “Dolu” filmi Qarabağ müharibəsində Vətən uğrunda son damla qanlarına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərov, bəstəkarı Polad Bülbüloğludur. Gərgin döyüş anları, qəhrəmanlıq və şücaət səhnələri ilə zəngin “Dolu” filmində istedadlı aktyor heyəti iştirak edir. İnsanda mübarizlik və döyüşkənlik ruhu, torpaqlarımızın tezliklə azad olunacağına, qələbəyə böyük inam, milli qürur aşılayan film böyük maraq və həyəcanla izlənmişdir.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı, yazıçı Aqil Abbas­la görüşən müəllim və tələbələr öz təəssüratlarını bölüşmüş, müəllif öz kitablarını onlara hədiyyə etmişdir.

Mehriban SULTAN

YUNESKO bəşəriyyətin sosial və mədəni inkişafında kitabın əvəzsiz rolunu qiymətləndirmək məqsədilə 1995-ci ildə 23 apreli “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan etmişdir. Bu gün 2001-ci ildən etibarən hər il ölkəmizdə də qeyd edilir.
Kitab və müəlliflik bir-biri ilə ayrılmaz əlaqədə, daimi təmasda olan və bir-birini tamamlayan məfhumlardır. Müəlliflik hüququ yaradıcılıq anlayışı ilə bağlıdır. Bu hüquq insan mədəniyyətinin və biliklərin uzaq keçmişindən bəhrələnən məhsuludur. Azərbaycanda kitab nəşrinin, eləcə də müəlliflik anlayışının tarixi çox qədimdir. Xalqımız tərəfindən yaradılan qədim əmək mahnıları, əfsanələr, rəvayətlər, qəhrəmanlıq dastanları əvvəllər şifahi formada yayılmış, sonralar isə daş, ağac, gil üzərinə köçürülərək bu günümüzə gəlib çatmışdır. Orta əsrlərdən başlayaraq görkəmli Azərbaycan şairləri öz şeirlərinin sonunda poetik adlarını işlətməklə müəlliflik hüququnun ilkin səmərəli qorunma formasını yaratmışlar.

Ardını oxu...

Aprelin 20-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsinin II turuna start verilmişdir.
İki yaş qrupu üzrə – 9-13 və 14-17 yaş qrupu olmaqla keçirilən müsabiqənin II turunun açılış mərasimindən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
“Gənclik” Mərkəzindəki açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin bütün sahələrinə qayğısından danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin mədəniyyətimizin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər bu gün muxtar respublikamızda uğurla davam etdirilir. Son illər Naxçıvanda 20-dən çox musiqi məktəbi binası tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR