20 Oktyabr 2019, Bazar

Əziz Əliyev adına Naxçıvan Мuxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Culfa rayonunun Gülüstan kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
Pediatr, endokrinoloq, stomatoloq, nevropatoloq, cərrah və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 20 nəfər uşağa tibbi xidmət göstərib, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb. Valideynlər arasında səhiyyə maarifi işi aparılıb, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” haqqında məlumat verilib. Uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilib.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata ke­çirilməsi ilə əlaqədar ambula­­­­­toriya işçilərinə metodik köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Şərur Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva müasir dövrün yoluxucu xəstəlikləri sırasında olan “Hepatit B və C virus xəstəliklərinin müayinə, müalicə və profilaktikası” mövzusunda məruzə edib. Bildirib ki, Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu il tarixli qərarına əsasən iyulun 28-i bütün dünyada “Beynəlxalq Hepatitlə Mübarizə Günü” kimi qeyd olunur. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Sertifikasiya imtahanlarının növbəti mərhələsində peyvənd tibb bacıları dörd gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1001, müsahibə mərhələsi üzrə isə 274 sual tərtib edilərək kompüterə yerləşdirilib. Test bankından hər variant üzrə 60, müsahibə üçün isə 5 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanılıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edib.

Ardını oxu...

Bu günlərdə “Əcəmi”Nəşriyyat-Poliqrafiya Birliyində “Uşaqlarda dehidratasiya zamanı infuzion terapiya” adlı yeni metodik vəsait işıq üzü ­görüb. Kitabın müəllifləri Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkimləri, Naxçıvan Dövlət Universitetinin dissertantı İlkay Əliyeva və tibb üzrə fəlsəfə doktoru Aytən Rzayeva, rəyçi xəstəxananın baş həkimi Rəhim Rəhimovdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının qərarı ilə  çap olunan bu kitab 2019-cu il aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə”  keçirilən müşavirədə Səhiyyə Nazirliyinə verilən tapşırıqların icrası istiqamətində atılan növbəti addımlardan biridir. 

Kitabda qeyd olunub ki, hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanaraq ötən ildən Dövlət Proqramının icrasına başlanılıb.

Ardını oxu...

Muxtar respublikada icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb.
İcbari tibbi sığortaolunan Şərur şəhər sakini, 53 yaşlı Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib. Qafil Həsənov Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən Naxçıvan Diaq­nostika Müalicə Mərkəzinə göndərilib. Aparılan elektrokardioqrafik, exokardioqrafik və laborator müayinələrindən sonra xəstəyə ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası diaqnozu qoyulub və təcili ürək əməliyyatı həyata keçirilməsinə zərurət yaranıb. Mərkəzin kardiocərrahı İntiqam Fətullayev həmkarı Firdovsi Hüseynov və kardioanestezioloq Elçin Abdullayevlə birgə açıq ürək əməliyyatını uğurla başa çatdırıb. Ürək qan dövranı tam bərpa edilib və həkim müşahidəsi altında saxlandıqdan sonra palataya köçürülüb və həkim nəzarəti altındadır.
Qafil Həsənova göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR