İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur. 

Bu il Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin binalarının yenidən qurularaq, Şərur rayonundakı Dərəkənd feldşer-mama məntəqəsinin və Danyeri kənd həkim ambulatoriyasının, Babək rayonunun Kərimbəyli, Kəngərli rayonunun Çalxanqala kənd­lərində xəstəxanatipli həkim ambulatoriyalarının, Ordubad rayonundakı Yuxarı Əylis kənd həkim ambulatoriyasının, Behrud, Parağa kənd feldşer-mama məntəqələrinin, Culfa rayonundakı Milax kənd həkim ambulatoriyasının, Boyəhməd, Ləkətağ kənd feldşer-mama məntəqələrinin tikilərək istifadəyə verilməsi regionda səhiyyənin keyfiyyətcə yeni mərhələyə daxil olmasına şərait yaratmışdır.

Yeni binada fəaliyyət göstərən səhiyyə müəssisələrinin bir çoxunun açılışlarında iştirak edən dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçiri­lən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Yeni, gözəl xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir. Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, bütün rayonlarda gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıqlar ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, iş üçün gözəl şərait var, həm də xəstələrin müalicəsi üçün bütün şərait vardır. Bax budur bugünkü Azərbaycanın inkişafı”.
Cari ildə istifadəyə verilən səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Yüksək ixtisaslı həkimlər angioqrafiya, kompyuter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı aparatları ilə xəstələrə xidmət edirlər.
Hazırda mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsinə şərait yaradıldığından müayinə və müalicə üçün başqa ölkələrə üz tutan xəstələrin sayı xeyli azalmışdır. Türkiyə Respublikasından və Bakı şəhərindən yüksək ixtisaslı mütəxəssislərin dəvət olunaraq Naxçıvanda müxtəlif cərrahi əməliyyatlar aparmaları ənənə halını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
Bu il yerli həkim kadrlarının müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparması Naxçıvan səhiyyəsi üçün əlamətdar olmuşdur. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili məqsədilə Bakı şəhərindən dəvət olunmuş kardioloq-cərrah, plastik və laparoskopik cərrahlar, oftalmoloq və digər yüksək ixtisaslı mütəxəssislər tərəfindən cari ilin ilk 11 ayı ərzində 50 nəfərdə kadiocərrahiyyə əməliyyatı, 71 nəfərdə koronarangioqrafiya manipulyasiyası aparılmış, onlardan ehtiyacı olan 31 nəfərə stend qoyulmuş, 151 nəfərdə müxtəlif göz əməliyyatları, 5 nəfərdə TUR, 3 uşaqda plastik əməliyyatlar aparılmışdır.
2012-ci ildə Azərbaycan Respublikası Sərhəd Qoşunları Tibb Xidmətinin, Mirqasımov adına Azərbaycan Respublikası Klinik Xəstəxanasının, Mərkəzi Neftçilər Xəstəxanasının, Elmi-Tədqiqat Cərrahiyyə Mərkəzinin və digər səhiyyə müəssisələrinin həkim briqadalarının Naxçıvana səfərləri ardıcıl xarakter daşımış, ötən dövrdə 68 uşaqda EXO müayinəsi, 3 uşaqda invaziv əməliyyat, 14 müxtəlif əməliyyat, 27 qastroskopiya, 37 USM, 3 kolonoskopiya müayinələri həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə Ordubad rayonunda keçirilən aksiyada 49 nəfərdə müxtəlif əməliyyatlar, 1987 nəfərdə müayinələr aparılmışdır. 
Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası tərəfindən də aksiya keçirilmiş, Kəngərli və Culfa Rayon Mərkəzi xəstəxanalarında 45 nəfər müayinə edilmiş, 23 nəfərdə müxtəlif cərrahi əməliyyatlar icra olunmuşdur.
Ana və uşaqların sağlamlığı əvvəlki illərdə olduğu kimi, yenə də diqqət mərkəzində saxlanılmışdır. Bu müddətdə evdə doğuşların, körpə ölümünün sayı ötən ilə nisbətən azalaraq minimum həddə enmişdir.
Səhiyyə müəssisələrinin ambu­lator bölmələri tibbi xidmətin əhatə dairəsini genişləndirmiş, USM, EKQ, EXO-kardioqrafiya, EEQ, laborator, rentgenoloji flüoroqrafiya, kompyuter tomoqraf, mammoqrafiya, nüvə maqnit rezonans aparatları ilə diaqnosti­ka məqsədli müayinələr həyata keçirilmişdir.
2012-ci ilin ilk 11 ayı ərzində Naxçıvan Muxtar Respublikası ərazisində yoluxucu xəstəliklərə görə epidemioloji vəziyyət sabit olmuş, xüsusi təhlükəli infeksiyalar qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikasının bütün peyvənd məntəqələri vaksin və şprislərlə tam təchiz edilmiş, yenidoğulmuş uşaqların peyvəndə cəlbolunma səviyyəsi 94,9 faiz olmuşdur.
Muxtar respublika ərazisinin radiasiya təhlükəsizliyinə nəzarət məqsədilə gündəlik radiasiya ölçmələri aparılmış, təbii fon şüalanması 9-16 mikrorentgen arasında olmuşdur ki, bu da yol verilən hədd daxilindədir.
Sanitar kimyəvi və qida gigiyenası laboratoriyasında 670 nümunədə 2741 müayinə aparılmış, idxal və istehsal edilən unun dəmir və vitaminlərlə zənginləşdirilməsinə, duzun yodlaşdırılmasına müntəzəm nəzarət edilmişdir. Qeyd olunan dövrdə 338 yerli istehsal məhsulu laborator müayinədən keçirilərək gigiyenik sertifikatlaşmaya cəlb edilmiş, obliqat qrupa aid edilən 8095 nəfər tibbi müayinədən keçirilmişdir. 
Qeyd olunan dövrdə 1828 müəssisəyə sanitar pozuntuların aradan qaldırılması üçün tapşırıq verilmiş, 801 müəssisəyə xəbərdarlıq, 20 müəssisə cərimə edilmiş, 20 müəssisənin istismarı müvəqqəti dayandırılmışdır.
QİÇS-lə mübarizə və profilaktika mərkəzinin laboratoriyasına diaqnostika məqsədilə qan nümunələrinin göndərilməsi, analizlərin aparılması davam etdirilmişdir. Bütövlükdə, həyata keçirilən profilaktik və əksepidemik tədbirlər nəticəsində muxtar respublikada əhali arasında 1996-cı ildən poliomielit, 1997-ci ildən difteriya, 2003-cü ildən isə malyariya xəstəliyi qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu sahədə görülən işləri yüksək qiymətləndirərək demişdir: “Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Səhiyyə sahəsində həyata keçirilən belə tədbirlər əhalinin orta ömür müddətinin uzanmasına, demoqrafik inkişafa öz müsbət təsirini göstərir. Bu il noyabr ayının sonuna muxtar respublika əhalisinin sayı 426445 nəfərə çatmış, 9621 yenidoğulmuş uşaq qeydə alınmışdır. Təbii artım 2011-ci ildə 7582, 2012-ci ilin ötən dövründə isə 7791 nəfər olmuşdur. 
Hazırda Naxçıvan Muxtar Respublikasında əhaliyə 239 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Bu tibb müəssisələrində 762 həkim, 2185 orta tibb işçisi çalışır. Bu, muxtar respublika üzrə hər on min nəfərə 18,2 həkim, 51,8 orta tibb işçisinin düşməsi deməkdir. 
Yüksək ixtisaslı həkim briqadaları hər ay müxtəlif yaşayış məntəqələrində olur, əhaliyə lazımi tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə olunması baxımından son dərəcə əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikası əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları müxtəlif yaşayış məntəqələrində olmuş, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirmişlər.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliklərinin artırılmasına da böyük önəm verilir, səhiyyə maarifi işi həyata keçirilir. Ma­arif­ləndirmə tədbirlərinin nəticəsidir ki, uşaqlar arasında peyvənd işi vaxtlı-vaxtında aparılır, hamilə qadınların və uşaqların patronaj xidməti, yenidoğulmuşların vaxtında qeydiyyata alınması diqqət mərkəzində saxlanılır.
Tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə bu il Bakı şəhərinə, Türkiyə Respublikasına təkmilləşdirmə kurslarına göndərişlər davam etdirilmişdir. 30 nəfər həkim, 8 orta tibb işçisi Türkiyə Respublikasının müxtəlif xəstəxanalarına, 28 həkim, 1 orta tibb işçisi Bakı şəhərinə, 203 orta tibb işçisi Naxçıvan Tibb Kol­lecinə təkmilləşdirmə kursuna göndərilmişdir.
Naxçıvanlı həkim-mütəxəssislər bir sıra beynəlxalq forum və toplantılarda, o cümlədən İspaniyanın Barselona şəhərində keçirilmiş “Səhiyyə sisteminin gücləndirilməsi” üzrə Ümumdünya Səhiyyə Təşkilatının Flaqman Beynəlxalq 9-cu kurslarında, Türkiyə Respublikasının İstanbul şəhərində “Mamalığın aktual məsələləri” mövzusunda keçirilən Beynəlxalq Dərnəyin 8-ci Konqresində iştirak etmişlər.
Həkim və orta tibb işçilərinin müasir biliklərə yiyələnməsi, yeni tibbi aparat və avadanlıqlardan istifadəsini yaxşılaşdırmaq üçün elmi-praktik konfransların, seminar və treninqlərin təşkili mütəmadi xarakter almışdır. “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və sabahı”, “Vərəmin aktual problemləri”, “Vaxtından əvvəl doğulmuş və xəstə doğulmuş uşaqlara effektiv qulluq”, “Hamiləlik və qalxanvari vəzin xəstə­likləri, onların müasir müayinə və müalicə metodları” və digər mövzularda elmi-praktik konfranslar, çoxsaylı seminarların keçirilməsi həkimlərin peşə bacarıqlarının yüksəldilməsində mühüm rol oynamışdır.
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması üçün test imtahanları və müsahibələr davam etdirilmiş, bu ilin 11 ayı ərzində 243 nəfər həkim sertifikasiya imtahanından keçmişdir.

Həyata keçirilən islahatlar, görülən işlər, qazanılan hər bir uğur səhiyyə sahəsinə göstərilən dövlət qayğısından qaynaqlanır. Hələ görüləsi işlər də çoxdur. Bu işlər sırasında digər mühüm vəzifələrlə yanaşı, insanların hər gün üz tutduğu, pənah apardığı qədim Oğuz yurdunun çağdaş ağxalatlı peşə sahiblərinə inamının, etibarının möhkəmlənməsi üstün istiqamətlərdən biridir. Səhiyyə işçiləri bu inamın davamlı olması üçün qarşıdakı ildə də yeni uğurlar qazanmaq əzmindədirlər.

 

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Mətbuat 
və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi