Dünən Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında “Uşaq əhalisi arasında cərrahi, travmatoloji, ortopedik və endokrinoloji xəstəliklərə müasir yanaşma” mövzusunda keçirilən elmi-praktik ­seminarı baş həkim Rəhim Rəhimov açıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra Poliklinika şöbəsinin həkim-cərrahı Şəhla İmanova “Naxçıvan Muxtar Respublikasında uşaq əhalisi arasında rast gəlinən cərrahi xəstəliklər və onların intensivliyi”, ortoped-cərrah Elvin Əsədov “Uşaqlarda aşağı ətraf problemləri”, həkim-endokrinoloq Zümrüd Məmmədova “Naxçıvan Muxtar Respublikasında uşaq əhalisi arasında rast gəlinən endokrinoloji xəstəliklərə müasir baxış” mövzularında məruzələr ediblər.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti