Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında Beynəlxalq Hepatitlə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Xeyrənsə Babayeva çıxış edərək bildirib ki, Ümumdünya Səhiyyə Assambleyasının 2010-cu il tarixli qərarına əsasən iyulun 28-i bütün dünyada Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Bu, hepatit barədə daha geniş məlumatlandırma işinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.
Qeyd olunub ki, ötən əsrin sonlarından yayılmış hepatit virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntular yaradır. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicəsi aparılmır. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını xilas etmək olar.
Mərkəzin həkimləri Nəzirə Cəmşidli “Hepatit B xəstəliyinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Münəvvər Ələsgərli “Hepatit C xəstəliyinin etiopatogenezi, yoluxma yolları və klinikası”, Əminə Seyidzadə “Hepatit B və C xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzularında çıxış ediblər.
Çıxışlar videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti