22 Noyabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Bakı Şəhər Mərkəzi Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, ölkəmizdə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı onlara tibbi xidmət göstərən müəssisənin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi avadanlıqlarla təminatı yaxşılaşdırılıb.
Qeyd olunub ki, hazırda reproduktiv sağlamlığa və ailə planlaşdırılmasına nəzarət daha da gücləndirilib, səhiyyə maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reyestri yaradılıb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilib.

Sonra Mərkəzi Klinik Xəstəxananın Mama-ginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Mahirə İsmayılovanın, həmin xəstəxananın embrioloqu İlyas Kara­yakanın, ginekoloqlar Könül Əhədzadə və Fidan Həsənovanın, həkim-rezident Leyla Səfərovanın müxtəlif mövzularda çıxışları dinlənilib. Çıxışlarda sonsuzluğun müalicəsində uğurla tətbiq edilən ən müasir müalicə metodları və texnologiyalar barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Çıxışların slaydlar vasitəsilə nümayiş olunduğu konfransda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova müasir informasiya və təhsil texnologiyalarına əsaslanan belə konfransların səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsində mühüm əhəmiyyəti olduğunu önə çəkib.
Qeyd edək ki, Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən xəstələrin pulsuz ginekoloji müayinəsi də həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR