17 Noyabr 2019, Bazar

Uzaqda qalan kənd

Yurdçu kəndi ucqarda deyil. Amma uzun illər gözdənuzaq olub, könüldən də iraq. Bunun da öz səbəbi var. İriləşdirilmiş təsərrüfatlar təşkil ediləndə yurdçuluların təsərrüfatı Qarabağlar kəndindəki kolxozda birləşdirildi. Sonralar isə K.Marks adına sovxoza çevrildi. Elə bununla da onların gözdən uzaqlığı başlandı.

Əslinə baxanda Yurdçu kəndi düz yolun üstündədir. Amma rayondan təsərrüfata gələn rəhbər işçilər həmişə “lövbəri” Qarabağlarda salırdılar. Bir dəfə olsun, bu kəndin taleyi, adamların sosial həyatı ilə maraqlanan olmazdı. Əvvəllərdə kənddə olub-qalan nə vardısa, onlar da dəyərdən düşdü. Özü yaxında yerləşsə də, Yurdçu uzaqda qalmış kənd kimi yaddan çıxdı.
Buna görə də kənddə ərsəyə çatan cavanlar respublikanın, Rusiyanın şəhərlərinə axışdılar. Kəndin günləri yaman acınacaqlı idi. Sovxozda çalışanlar yalnız tütünçü qız-gəlinlər, bir də beş-altı nəfər əldən-ayaqdan düşmüş, ora-bura getməyə imkanı olmayan kişilər idi.

Tütün yurdçulular üçün əsas dolanışıq vasitəsi idi. Çünki onlar az-çox nə alsa idilər, o da tütünün hesabına idi. Kənddə xidmət adına, demək olar ki, heç nə yoxdur. Sosial məsələlər həll edilmir. Rayondan, eləcə də kəndin daxil olduğu sovxozdan qayğı əvəzinə hökmlər, məzəmmətlər ­görürdülər.
Amma yurdçulular ümidlərini də itirməyiblər. Elə bil ürəklərinə damıb ki, nə vaxtsa onlar da qayğı ilə əhatə ediləcək, həyatlarında dönüş yaradacaqlar.

“Şərq qapısı” qəzeti
1992-ci il

 

Yurdçu kəndinin bugünkü mənzərəsi: 

rahat yol, müasir məktəb, yeni kənd və xidmət mərkəzləri

Bu məqalə 1992-ci ildə “Şərq qapısı” qəzetində dərc olunub. 27 il bundan öncə dərc olunan həmin yazını oxuyanda düşünürsən ki, insan möcüzələr yaratmağa qadirdir. Bunun üçün gərək vətənpərvərlik, qurub-yaratmaq istəyi, əzm və fədakarlıq olsun.

Əvvəllər bu yaşayış məntəqəsi də köhnə, yararsız məktəbi, sosial obyektləri, tozlu, torpaqlı, palçıqlı küçələri, uçuq-sökük divarları, həyətləri olan bir yer idi. Ancaq həmin yazının sonunda qeyd olunduğu kimi, yurdçulular heç vaxt ümidlərini itirmədilər. İllər keçdikcə bu ümid özünü doğrultdu və nəticə olaraq bu gün Yurdçu kəndi müasir görünüşü ilə buraya yolu düşən hər kəsin diqqətini çəkir. Belə ki, son illərdə muxtar respublikada aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən Yurdçu sakinləri də bəhrələniblər. 2016-cı ildə müasir tələblərə cavab verən kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün binalar tikilib, orta məktəb binası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Kənddaxili yollar genişləndirilib, asfalt örtük salınıb. Kənddəki bütün evlər mavi yanacaqla, fasiləsiz elektrik enerjisi ilə təmin edilib.
Kənd ağsaqqalı Əbülfəz Əliyev deyir ki, yurdçulular, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olurlar. Əvvəllər onlara olan diqqətsizlik ucbatından kənd sakinlərinin əlləri torpaqdan soyumuşdu. Suvarma suyu və texnika sarıdan çətinliklərlə üzləşdikləri üçün torpaqların çoxu əkilmirdi. Bütün bunların hamısı geridə qaldı. Əbülfəz Əliyev bildirdi ki, bu gün kəndimizin torpaq mülkiyyətçiləri istədiyi kimi əkir-becərir. Bir vaxtlar dolanışıq ucbatından kəndi tərk edən sakinlər də öz yurdlarına qayıdıb, burada öz təsərrüfatlarını yenidən canlandırıblar. Sakinlər onlara göstərilən diqqət və qayğı müqabilində daha həvəslə çalışır, daha çox məhsul əldə edir və öz təsərrüfatlarını ildən-ilə daha da genişləndirirlər. İnsanların rahat yaşayışına hesablanan tədbirlər sakinlərin qurub-yaratmaq əzmini artırır. Ali Məclisin Sədri bir neçə dəfə Yurdçu kəndində olub, kənddə subartezian quyusu istifadəyə verilib, kəhrizlər bərpa edilib, mənzillər telefonlaşdırılıb. Ötən günlərdə kənddə qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi də dövlətimiz tərəfindən insan amilinə göstərilən qayğının bariz nümunəsidir. Artıq Yurdçuda insanlar rahat yaşayır, məskunlaşma artır. Yaradılan bu abadlığı qoruyub saxlayacaq, muxtar respublikamızın inkişafına töhfələr verəcəyik.
1995-ci ildən sonra muxtar respublikada təhsilə, gələcək nəsillərə göstərilən qayğıdan Yurdçu kənd tam orta məktəbinə də pay düşüb.
Kənd tam orta məktəbinin müəllimi Qadir Məmmədov:
– Dövlətimiz tərəfindən göstərilən qayğı kollektiv qarşısında mühüm vəzifələr qoyur. Biz bu məsuliyyəti öz üzərimizdə hiss edərək hər zaman çalışırıq ki, təhsilli, vətən­pərvər gənclər yetişdirilməsinə nail olaq. Arzumuz budur ki, məktəbi bitirən hər bir gənc istər peşə məktəblərində, istərsə də ali və orta ixtisas təhsili müəssisələrində yaxşı oxusun, bir peşə sahibi olsun, ­vətənpərvər ruhda tərbiyə alsın. Məktəbimizin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Təhsil elə bir sahədir ki, orada geriləməyə heç vaxt yol vermək olmaz. Çünki təhsilin bir il geriləməsi ölkənin gələcək həyatının bir il inkişafdan qalması, ixtisaslı kadrlarla təminatında problemlərin yaranması deməkdir. Ona görə də ölkəmizdə təhsilin inkişafına daim diqqət və qayğı göstərilir, gələcəyimiz üçün etibarlı təminat yaradılır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Dövlət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Bu gün Yurdçu kəndində müasir tədrisin tələblərinə cavab verən məktəb binasının tikilib şagird və müəllimlərin istifadəsinə verilməsi də ulu öndərimizin tövsiyələrinin ­həyata keçirilməsinin nəticəsidir”.
Söhbətə qoşulan Yurdçu kənd tam orta məktəbinin direktoru İlham Abbasov isə qeyd edir ki, əvvəllər məktəbimizdə vəziyyət çox acınacaqlı idi. Neft sobalarının tüstüsündən şagirdlər sinif otaqlarında otura bilmirdilər. Yağış yağan zaman yararsız halda olan şiferlərdən sızan su sinif otaqlarına tökülürdü. Otaqları şagirdlərdən çox su damcılarının qarşısını almaq üçün qoyduğumuz qab-qacaq, vedrələr bəzəyirdi. Qış aylarında isə vəziyyət daha da ağırlaşırdı. Sinif otaqlarında istilik təminatı yox dərəcəsində idi. Bu gün Yurdçu kənd tam orta məktəbinin binası heç də ali məktəb binalarından geri qalmır.
İlham müəllimin sözlərinə görə, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb 270 şagird yerlikdir. Müasir tədris avadanlıqları və zəruri inventarlarla təchiz olunan binada 3-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Kompüter otağında internetə çıxışı olan 19 kompüter şagirdlərin istifadəsinə verilib. Məktəbin kitabxana fondunda 4 minə yaxın dərslik və bədii ədəbiyyat vardır. Təhsil ocağında yeni təlim metodlarından geniş istifadə edilir, fənn kurikulumlarının tətbiqinə böyük önəm verilir, viktorinalar, müsabiqələr və bilik yarışları keçirilir.
Kəndin xidmət mərkəzinin qarşısında kənd sakini Şükür Rüstəmovla qarşılaşırıq. Deyir ki, Yurdçuda kompleks quruculuq işləri aparılarkən xidmət mərkəzi də istifadəyə verilib. Burada ərzaq və sənaye malları mağazası, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu fəaliyyət göstərir. Sevinirik ki, bu gün kəndimizin öz mağazası var. Gördüyünüz kimi, kənddaxili yollar da asfaltlanıb. Yaxşı yadımdadır ki, əvvəllər kəndin küçələrində palçıqdan hərəkət etmək mümkün deyildi.
Şükür Rüstəmov onu da bildirdi ki, burada fəaliyyət göstərən ­qurumların – inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, mədəniyyət evinin, kitabxananın, polis sahə və baytarlıq məntəqələrinin, poçt bölməsinin kənd mərkəzində yerləşdirilməsi əhalinin ­rahatlığını tam təmin edib. Kənd sakinləri hansısa problemini həll etmək üçün artıq rayon mərkəzinə getmək məcburiyyətində deyil. Onların bütün problemləri elə bu kənd mərkəzində həll olunur.
Kənd sakini, ailə təsərrüfatı başçısı Vilayət İbrahimov uzun müddətdir ki, taxılçılıqla məşğul olur. Həmsöhbətim deyir ki, bu il Yurdçu kəndinin taxılçıları 104 hektar sahədə buğda, 56 hektarda isə arpa əkini aparıblar. Artıq taxıl tədarükü başa çatıb. Torpaq adamlarının zəhməti hədər getməyib, sahələrdən bol məhsul götürülüb.
Vilayət İbrahimov bu il daha çox sahədə əkin aparıb. Belə ki, o, bostan bitkiləri, kartof, yonca da əkib. “Suvarılan torpaqlar bol məhsul deməkdir”, – deyən müsahibim bildirir ki, torpaqların su təminatının yaxşı­laşdırılması, xüsusilə istifadəyə verilən qapalı suvarma şəbəkələri əkinçiliyin inkişafına səbəb olub. Kəndin torpaq mülkiyyətçiləri, təsərrüfat adamları üçün yaradılan şəraitə görə minnətdaram.

Bəli, zəhmətkeş, əməksevər yurdçulular bu gün artıq daha həvəslə, əzmlə qurub-yaradırlar. Çünki illər öncə onlar sabaha inamla, ümid dolu baxıblar və bu gün bu ümidin doğrulduğunun şahididirlər. Bu həm də muxtar respublikada yaşayıb-yaradan hər bir insanın sabaha inamını ifadə edir.

Pərviz HACILI

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR