06 Dekabr 2019, Cümə

Dünən Şahbuz rayonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İcbari tibbi sığortanın tətbiqi ilə bağlı” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə maarifləndirici tədbir keçirilib.
“Şahbuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində çalışan tibb işçiləri üçün keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. O, Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirədə qarşıya qoyulan tapşırıqların və müvafiq sərəncamın icrası istiqamətində görülən işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında bildirib ki, 1 iyul 2017-ci il tarixdən Sədərək rayonunda və 1 iyun 2019-cu il tarixdən Şərur rayonunda, 1 avqust 2019-cu il tarixdən isə Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Müraciət edən sığortaolunanlara icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yerləşən tibb müəssisələri tərəfindən yüksəkkeyfiyyətli tibbi xidmət göstərilib, həmin rayonlardakı tibb müəssisələrində icrası mümkün olmayan tibbi xidmətlər isə göndəriş vasitəsilə icbari tibbi sığortanın tətbiqində iştirak edən digər tibb müəssisələrində həyata keçirilib. Ötən dövr ərzində Sədərək, Şərur və Kəngərli rayonlarında yaşayan əhaliyə göstərilən tibbi xidmətin maliyyələşməsi agentlik tərəfindən aparılıb.
Vurğulanıb ki, Şahbuz rayonunda da icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və ­maddi­ rifah halının yaxşılaşmasını təmin edəcəkdir.
Mövzu ilə bağlı agentlik əməkdaşlarının çıxışları dinlənilib, slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR