06 Dekabr 2019, Cümə

Dünən Ümumdünya Diabet Günü münasibətilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasında “Diabet məktəbi” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. Bildirib ki, Kəngərli rayonunda icbari tibbi sığorta sisteminin tətbiqi rayon sakinlərinin tibbi xidmətlərdən daha səmərəli istifadə etməsinə şərait yaradıb. Ancaq bütün bunlarla yanaşı, müxtəlif xəstəliklər də var ki, onların daim nəzarətdə saxlanılması qaçılmazdır. Belə xəstəliklərdən biri də şəkərli diabetdir.

Qeyd olunub ki, hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi 160-dan çox ölkədə qeyd edilir. Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən qanun və dövlət proqramı təsdiq edilib.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endo­krinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın, şöbənin həkim-rezidenti Zeynəb İsmayılovanın, həmin şöbənin bölmə müdiri Gülşən Həsənquliyevanın müxtəlif mövzularda çıxışları dinlənilib.
Vurğulanıb ki, muxtar respublikamızda görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması yüksək səviyyədədir. Qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri xəstələrə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan Muxtar Respublika Xəstəxanası və Diaqnostika Müalicə Mərkəzinin laboratoriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemoqlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb.
Qeyd olunub ki, hazırda dispanserin fəaliyyətində əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəldilib.
Sonda şəkərli diabet xəstələrindən Hüseyn Cəfərlinin, Mütəllim Vəliyevin, Ceyhun Pənahovun xəstəliklə bağlı sualları cavablandırılıb.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR