14 Dekabr 2019, Şənbə

Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 20 illik yubileyi münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov fakültənin uğurlu fəaliyyətini muxtar respublikada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil və səhiyyə siyasətinin bəhrəsi olduğunu vurğulayıb. Rektor 2019-cu il 14 iyun tarixdə Qurtuluş Günü münasibətilə Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsini, ali təhsil ocağındakı xəstəxanada müasir tədris şəraitinin yaradılmasını fakültənin 20 illiyinə töhfə kimi dəyərləndirib. 

Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov çıxışında qeyd edib ki, 1999-cu ildə universitetin Təbiətşünaslıq fakültəsinin nəzdində Pediatriya ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə muxtar respublikada ali tibb təhsilinin təməli qoyulub. Bildirilib ki, 2003-cü ildən müstəqil fəaliyyət göstərən fakültədə hazırda 680-ə yaxın tələbə təhsil alır. Onlardan 300-dən çoxu xarici ölkə vətəndaşıdır. 2012-ci ildən rezidentura hazırlığına başlanan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir, hazırda 56 həkim-rezident də muxtar respublikanın xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir. 

Sonra fakültənin yaranması və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında bildirib ki, muxtariyyət tarixinin 95 illik yubileyini qeyd etdiyimiz əlamətdar bir ildə Naxçıvanda səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin də 95 ili tamam olur. Bu ikiqat bayram muxtar respublikamızın qabaqcıl ali təhsil müəssisəsi olan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 20 illik yubileyinə təsadüf edir.
“Ölkəmizdə səhiyyənin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”, – deyən Surə Seyid dahi öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasından, muxtar respublikada səhiyyənin bütün sahələr üzrə inkişafından bəhs edib. Bildirib ki, 1969-1987-ci illərdə ulu öndər Heydər Əliyevin qayğısı ilə Naxçıvanda yeganə orta ixtisaslı tibbi kadrlar hazırlayan Tibb Məktəbinin və tibb təhsilinin inkişafına dair bir sıra qərarlar qəbul edilib.
Vurğulanıb ki, tibb sahəsində muxtar respublikanın həkimlərə olan tələbatını ödəmək üçün dahi öndər Heydər Əliyevin uğurlu siya­sətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsi nəzdində Pediatriya ixtisasının yaradılması ilə tibb təhsili sahəsində yeni mərhələnin əsası qoyulub.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər görülür. Həmin tədbirlər sırasında tibb təhsili üzrə kadr hazırlığı mühüm yer tutur. Yüksəkixtisaslı kadr hazırlığı və dünya tibb elminə inteqrasiya məqsədilə xarici universitetlərlə əlaqələr genişləndirilir. Universitet nəzdində xəstəxananın yaradılması, fitoterapiya və digər laboratoriyaların qurulması, ən son texniki imkanlara malik tədris prosesinin təşkili tibb təhsilini beynəlxalq standartlara uyğunlaşdırır. Tibb fakültəsinin məzunları Naxçıvanda və onun hüdudlarından kənarda – Amerika Birləşmiş Ştatları, Braziliya, İspaniya, Almaniya, İtaliya, Türkiyə və digər ölkələrdə tibb üzrə təhsillərini davam etdirir, yüksək peşəkarlıqla əhalinin sağlamlığı keşiyində dururlar. 2019-cu ilin iyun ayında Tibb fakültəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni tədris kompleksinin istifadəyə verilməsi bu sahədə aparılan inkişaf strategiyasına ən bariz nümunədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından Tibb fakültəsinin 20 illik yubileyi münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik edib, sağlam gələcək naminə təhsildə onlara daha böyük nailiyyətlər ­arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxışında muxtar respublikada səhiyyəyə göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, muxtar respublikanın tibbi kadrlara olan tələbatını Naxçıvan Dövlət Universitetinin məzunları ödəyir. Bunun nəticəsidir ki, 44 tələbə müxtəlif xəstəxanalara növbəli iş rejiminə göndərilib, 134 məzun muxtar respublikada müxtəlif səhiyyə müəssisələrində həkim, 12 nəfər isə baş həkim kimi çalışır.
Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Bəylərov təmsil etdiyi kollektivin yubiley təbriklərini çatdırıb.
Həmin universitetin Uşaq xəstəlikləri kafedrasının müdiri, akademik Adilə Namazova müəllim və tələbə kollektivini fakültənin yubileyi münasibətilə təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Fakültənin hazırda təhsillərini Amerika, İspaniya, Şimali Kipr, Türkiyə, Almaniya, Nigeriyada davam etdirən məzunlarının ürək sözləri səsləndirilib.
Universitet xəstəxanasının baş həkimi, ilk məzunlardan olan tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Rzayev də çıxış edərək müəllimləri ilə birgə çoxminli universitet kollektivinin üzvü olmaqdan qürur duyduğunu bildirib.
Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsinin müəllim və tələbələri musiqi və rəqs nümunələri ifa ediblər. Sonra Naxçıvanın təbii dərman bitkilərini, qida məhsullarını əks etdirən sərgi nümayiş olunub.
Sonda 2019-cu ildə təhsildə qazandıqları nailiyyətlərə, fakültənin ictimai işlərində yüksək fəallıqlarına görə bir qrup tələbəyə universitetin fəxri fərmanları təqdim olunub.

Səadət Əliyeva

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR