28 Yanvar 2020, Çərşənbə axşamı

Yetər ki, sağlamlığınıza biganə qalmayasınız

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində kompleks tədbirlər görülür, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunmasına xidmət edir. Bu gün digər xəstəliklərlə yanaşı, tibbin ən ağır və məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri də daim dövlətimizin diqqət mərkəzindədir. 

2009-cu ilin dekabr ayında istifadəyə verilmiş 3 mərtəbəli, 30 çarpayılıq Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəs, rəqəmsal mammoqrafiya aparatları ilə müayinə otaqları onkoloji xəstəliklərin diaqnostikasında əsas rol oynayan və onkomarkerlər təyin olunan Histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Mərkəzdə, həmçinin sümük, oynaq, yumşaq toxumaların, ağciyərin və digər orqanların xəstəliklərinin diaq­nostikası üçün rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin ROKS – AM aparatı vasitəsilə aparılması təmin edilib.

Onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin yüksək səviyyədə təşkil olunması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilib, Ali Məclis Sədrinin tapşırığı ilə müasir standartlara tam cavab verən qısaməsafəli Rentgen terapiya aparatı alınaraq istifadəyə verilib. Aparat 5 santimetr dərinliyə nüfuzetmə qabiliyyətinə malikdir və bu məsafədə olan bütün xərçəng hüceyrələrini məhv edir. Bu avadanlıqdan, xüsusən qadınlarda süd vəzi xərçənginin, limfatik vəzlərin metastazı zamanı, dəri xərçənginin və bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Avadanlıq İngiltərə istehsalıdır.
Qısaməsafəli Rentgen terapiya kabinəsinin fəaliyyətə başlaması və burada ixtisaslı həkimin də olması xəstələrin Bakı şəhəri və ya qonşu ölkələrə üz tutmaları ilə bağlı zərurəti ortadan qaldırıb. Artıq onlar bu yeni avadanlıq vasitəsilə mərkəzdə yüksək səviyyədə müalicə ala bilirlər.

Mərkəzdə şüa terapiyası radioloji kabinədə həkim-radioloq Əkbər Mehdiyev tərəfindən həyata keçirilir. O, radioloji müalicə işinə görə bir neçə dəfə Azərbaycan Milli Onkologiya Mərkəzində, krioterapiya üzrə Moskva şəhərində kurs keçib. Həkim-radioloq dəri və gözlə görünən selikli qişalardakı xoşxassəli şişlərin bütün növlərinin krioterapiya tədbirlərini ROKS-AM qammaterapiya aparatı vasitəsilə həyata keçirir. Bu, orqanizmin istənilən nahiyəsindəki bədxassəli şişlərin müalicəsinə etibarlı təminat verir.
Kimyəvi müalicə tədbirləri üçün dərmanlar Azərbaycan Milli Onkologiya Mərkəzi tərəfindən ayrılır və xəstələr üçün pulsuzdur. Kimyəvi, eləcə də şüa müalicə tədbirləri protokollar üzrə aparılır.
Dəridə, dil və dodaqda səthi 2 santimetrə qədər dərinlikdə olan xərçənglərin müalicəsi rentgen terapiya kabinəsində həyata keçirilir. Həkim Roza Rzayeva deyir ki, xroniki, səbəbi açıqlanmayan göstəricilər xərçəngin əlamətləri ola bilər. Əgər orqanizmdə yolunda getməyən bir şey varsa və uzun müddət davam edirsə, bunun normal bir vəziyyət olmadığını hər kəs bilməlidir. Hər bir xəstəlik vaxtında müalicə olunarsa, heç bir qorxusu yoxdur. İnsanlar bunu unutmamalı, sağlamlıqlarının qeydinə qalmalıdırlar.
Mərkəzdə fəaliyyət göstərən Kliniki laboratoriyada müasir analizator aparatı vasitəsilə qan sayım və qanın biokimyəvi müayinəsi, USM kabinəsində isə həkim-funksionalist Hüsniyyə Camalova tərəfindən ultrasəslə tibbi müayinələr aparılır.

Mammoqrafiya kabinəsi Yaponiya istehsalı MXR – 300 digital mammoqraf aparatı ilə təchiz olunub. Bu aparatla son illərdə Naxçıvan şəhəri və rayonlar üzrə təhsil, mədəniyyət və səhiyyə sistemində çalışan qadınlarda süd vəzinin profilaktik müayinəsi həyata keçirilib. Müayinələr zamanı patologiyalar aşkar edilən qadınlar Onkoloji Mərkəzə dəvət olunub və mammoqrafiya müayinəsindən keçirilərək diaq­nozu dəqiqləşdirilib, müvafiq müalicələr təyin edilib.
Mammoqrafiya həkimi Roza Rzayeva Naxçıvan Diaqnostika Müalicə Mərkəzində və Bakı Şəhər Milli Onkologiya Mərkəzində mammoqrafiya kurslarında iştirak edib. Söhbət zamanı o bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə görə bütün qadınlar, xüsusən 40 yaşı tamam olan ­qadınlar ildə 1 dəfə mammoqrafik müayinədən keçməlidir. Bu həm də irsiyyətində xərçəng xəstəliyi olan 30 yaşlı qadınlara da aiddir. Müayinə yolu ilə erkən xərçəngin ilk əlaməti olan muerdeolsinotlar aşkar edilir. Qadınlara məsləhətim odur ki, bu xəstəliyi aşkar etmək üçün müayinədən qorxmasınlar. Erkən diaqnoz erkən ölümdən xilas edir.
Roza Rzayeva, eyni zamanda rentgenoterapiya üzrə də fəaliyyət göstərir. İngiltərə istehsalı olan müasir Xstrahl-300 aparatı vasitəsilə bazal və yastı hüceyrəli xərçənglərin müalicəsini aparır.
Rentgen kabinəsinin həkim-rentgenoloqu Heydər Sadiqov 1990-cı ildən rentgenoloq işləyir, ixtisası ilə bağlı kurslarda olub. O, mərkəzdəki Ekonet rəqəmsal rentgen aparatı haqqında məlumat verərək bildirdi ki, bu aparat xəstələrə dəqiq diaqnoz qoymaqda böyük əhəmiyyətə malikdir. Hazırda mərkəzdə bütün rentgenoloji müayinələri aparmaq olur.
Gənc həkim Əminə Seyidzadə Onkoloji Mərkəzin Ginekoloji kabinəsində ötən ildən onko-ginekoloq işləyir. Türkiyənin Ərzurum, Ankara şəhərlərində, Bakı şəhərində Milli Onkologiya Mərkəzində təcrübə keçib, sertifikat alıb. Hazırda müasir müayinə və müalicə metodlarının tətbiqi ilə məşğuldur.

O, 21 yaşdan yuxarı qadınlardan ildə bir dəfə profilaktik məqsədlə PAP smear testi götürülməsinin zəruriliyini qeyd edir. Bildirir ki, bu testin nəticələrinə əsasən müalicə taktikası seçilir.
Həkim Hüseyn Qasımovun rəhbərlik etdiyi Laboratoriya şöbəsi müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunub. Şöbə patomorfoloji və hematoloji bölmələrdən ibarətdir. Patomorfoloji bölmədə patohistoloji və sitomorfoloji müayinələr aparılır. Müayinə üçün patoloji materiallar muxtar respublikanın rayonlarındakı və Naxçıvan şəhərindəki xəstəxanalardan göndərilir. Hematoloji bölmədə tam avtomatlaşdırılmış 18 parametrli analizatorda qan ümumi müayinədən keçirilir. Biokimyəvi analizatorda isə qanın biokimyəvi müayinəsi icra olunur. Bura müxtəlif orqan testləri aiddir. İmmunofermen analizatorda onkoloji xəstəliklərə şübhəli insanları seçmək və onları daha ətraflı müayinələrə cəlb etməklə xəstəlik müəyyənləşdirilir. Eyni zamanda bu müayinələrin köməyi ilə onkoloji xəstələr müşahidə altında saxlanılır. Belə müasir tibbi şərait xəstələrin başqa yerlərə getmədən mərkəzdə hərtərəfli müayinə olunmalarına imkan verir.
Onkoloji Mərkəzin baş həkimi, muxtar respublikanın baş onkoloqu Viladi Cabbarov məlumat verir ki, təkcə cari ilin ötən 9 ayı ərzində Poliklinika şöbəsinə 3 min 43 gəliş olub, 416 nəfərdə bədxassəli şiş qeydə alınıb, onların 90,6 faizində xərçəng diaqnozu morfoloji təsdiqini tapıb. Təhlillər göstərir ki, lokalizasiyasına görə ilkin aşkar olunmanı ən çox süd vəzi, ağciyər, mədə, uşaqlıq xərçəngi təşkil edir.
Baş həkim onu da bildirdi ki, indi əhalinin daha çox hissəsi əvvəlki illərdən fərqli olaraq profilaktik tibbi müayinələrə cəlb olunur, xəstələr müəyyən edilərək dispanser qeydiyyatına alınır.
Viladi Cabbarov diqqətimizə onu da çatdırdı ki, bizdə əsas problemlərdən biri insanların onkoloji müayinələrə meyil göstərməməsidir. Bu gün onkologiyanın adı gələndə hər kəs ehtiyatlanır. Amma, əslində, elə deyil. İnsan tək onkoloji xəstəliklərdən yox, digər xəstəliklərdən də həyatını itirə bilər. Bu gün artıq bu xəstəliyin müalicəsi var. Xəstə­liyin birinci və ikinci mərhələlərində müraciət edilsə, xərçəngin yerləşdiyi nahiyədən asılı olmayaraq, onun müalicəsi mümkündür. Hazırda dünyada və ölkəmizdə bu sahə ilə bağlı böyük irəliləyişlər əldə olunub. Bunun ifadəsidir ki, davamlı müalicə ilə 22-24 ildir, yaşayan xəstələrimiz var. Onlar öz xəstəliklərinə laqeyd deyillər. Deyilənləri vaxtında yerinə yetirirlər.
Dünyada 40 yaşından sonra qadınlar süd vəzilərini müayinə etdirirlər. Bizdə isə qadınlar yoxlanmaq istəmirlər. Amma bilmək lazımdır ki, süd vəzində gecikmiş xərçəng xəstəliyinin aşkar olunması çox təhlükəlidir.
Problem ondadır ki, bu və digər xəstələr onkoloqa qədər çox yerə müraciət edirlər. Amma elə xəstəliklər vardır ki, onların müayinə və müalicəsi onkoloji prinsiplərə əsasən aparılmalıdır. “Onkoloji xəstələrə yardım haqqında” Qanunda xəstələrin onkoloji tibb müəssisələrində müayinə və müalicə olunması qeyd edilib.
Baş həkimin sözlərinə görə, çalışmaq lazımdır ki, insanlarda xərçəng qorxusu aradan götürülsün. O, “Niyə çox vaxt bu xəstəliklə bağlı xəstələrin bəziləri xaricə üz tutur?” – sualımı cavablandırarkən dedi ki, doğrudur, xaricə gedənlər olur. Amma hara getsələr də, yenidən bizim mərkəzə gəlirlər. Son vaxtlar onkoloji xəstələrin xaricdəki xəstəxanalara müraciət etmələri xeyli azalıb. Sizə bir misal deyim: – Bu il mart ayında İran İslam Respublikasının Təbriz şəhərindən Naxçıvana gələn bir qrup həkim bizim mərkəzlə tanışlıq zamanı bildirdi ki, burada olan müasir tibbi avadanlıq və cihazlardan onlarda hələ də yoxdur.
Oktyabrın 31-də Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Müasir səhiyyə müəssisələrinin qurulması və həkim hazırlığı işin bir tərəfidirsə, digər əsas məsələ isə yaradılan şəraitdən səmərəli istifadə etmək və səhiyyə xidmətini günün tələbləri səviyyəsində qurmaqdır. Nəzərə almaq lazımdır ki, tibbi avadanlıqlardan düzgün istifadə diaqnoz və müayinənin əsasını təşkil edir. Ona görə də həkim və tibb işçiləri alınan avadanlıqları öyrənməli, onları düzgün tətbiq etməli, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməlidir”.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi tərəfindən hazırda xəstəliklərin vaxtında aşkara çıxarılması üçün lazımi tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, belə xəstəliklərin profilaktikası, vaxtında aşkara çıxarılması və xəstələrin müalicəyə cəlb edilməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası da keçirilib. Onkoloji Mərkəz tərəfindən əhaliyə göstərilən ambulator və stasionar onkoloji tibbi xidmətin səviyyəsinin yüksəldilməsi barədə tədbirlər planının hazırlanması, xəstəliklərin erkən aşkarlanması tədbirlərinin artırılması, əhali arasında səhiyyə maarifi işinin gücləndirilməsi və digər məsələlər barədə qərar qəbul edilib, konkret tapşırıqlar verilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Bu isə gələcəkdə muxtar respublikada tibbin bu istiqaməti üzrə yeni nailiyyətlərin əldə edilməsinə stimul olacaq.

Hüseyn ƏSGƏROV

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR