08 Mart 2021, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gəlməsi ilə aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinələrinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Yaranmış ənənə çərçivəsində Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb universitetlərinin Endokrinologiya və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Georgiya ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü, endo­krinoloq Rövşən Həsənovun rəhbərliyi ilə Referans Medikal Qrupun daxilində fəaliyyət göstərən xəstəxanaların 12 nəfərlik yüksəkixtisaslı həkim heyəti yanvarın 14-dən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ikigünlük humanitar aksiya keçirib.

Qastroenteroloq-endoskopist, travmatoloq-ortoped, neyrocərrah, terapevt, aritmoloq-invaziv-kardioloq, ümumi cərrah, uroloq-androloq, dermatoveneroloq və digər ixtisaslı həkimlər heyətdə təmsil olunublar.
Aksiya zamanı pasiyentlər müxtəlif xəstəliklər üzrə ödənişsiz tibbi müayinələrdən keçiriliblər. Xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası və ultrason müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, müraciət edənlərə tibbi məsləhət və tövsiyələr verilib. Aksiya müddətində 1085 nəfər ambulator müayinələrlə əhatə olunub.
Cərrah uroloq-androloq Bəhruz Ağayev tərəfindən bir xəstədə TUR - lazerlə prostat əməliyyatı icra olunub. Aritmoloq, invaziv-kardioloq İsmayıl Göyüşov isə bir xəstədə ötən il Naxçıvan Diaqnostika Müalicə Mərkəzində quraşdırılmış Almaniya istehsalı “SİEMENS ARTİS ZEE” markalı döşəmətipli müasir angio­qrafiya aparatı ilə koronar angioqrafiya müayinəsi aparıb. Xəstələr palatalara köçürülüb, birgünlük həkim nəzarətindən sonra təxliyə olunublar.

Aksiyada iştirak edən muxtar respublika sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.
Tibbi müayinələrlə əhatə olunan 73 yaşlı şəhər sakini Fazil Qurbanov qeyd edib ki, belə aksiyaların təşkili əhalinin sağlamlığına göstərilən ən böyük qayğıdır. Növbəti aksiyada müayinələr nəticəsində müraciət edənlərin sağlamlıqları ilə bağlı problemlərinin aşkara çıxarılmasının, müalicələrinin təşkil edilməsinin şahidi oldum. Bakı şəhərindən gələn həkimlərdən Xanoğlan Qənbərov məni müayinədən keçirdi. Laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələrindən sonra müvafiq təyinatlar verdi. Hazırda müalicəm davam edir.
Keçirilən növbəti humanitar aksiyada yerli həkim və orta tibb işçiləri də iştirak ediblər. Bu onların peşə bacarığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR