07 Aprel 2020, Çərşənbə axşamı

Sertifikasiya imtahanlarının növbəti mərhələsi başa çatıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən imtahanda orta tibb işçiləri 4 gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1001, müsahibə mərhələsi üzrə isə 274 sual tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Naxçıvan Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60, müsahibə üçün isə 5 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanılıb. Cavablandırma qaydaları izah edilib. Məxfiliyin gözlənilməsi məqsədilə sual kartlarında imtahan verənin adı, soyadı yox, kod nömrəsi əksini tapıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanması kompüterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda 106 orta tibb işçisi iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 100 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib.
Babək rayonundakı Cəhri Kənd Sahə Xəstəxanasının Mamalıq işi ixtisası üzrə tibb bacısı Rəhimə Novruzova yüz faizli nəticəyə nail olub. 6 nəfər isə zəruri həddi keçə bilməyib. Onlar ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaq və altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR