02 İyun 2020, Çərşənbə axşamı

  

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.
Səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Çünki bu sahə birbaşa insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Bu gün dövlət başçısı cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Qəbul olunmuş dövlət proqramlarının icrası xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib.
Muxtar respublikamızda da vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”. Səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması, müasir avadanlıqlarla təchiz edilməsi, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılması əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açıb. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsində, demoqrafik göstəricilərin yaxşılaşmasında, orta ömür müddətinin uzadılmasında əsaslı dönüş yaradıb. Hazırda muxtar respublikada əhaliyə 225 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 695 həkim, 2 min 212 orta tibb işçisi çalışır.
Səhiyyə sistemi qarşısında qoyulan vəzifələrdən biri də budur ki, insanlar tibbi yardımı məhz yerlərdə ala bilsinlər, hər bir müayinə və tibbi müdaxilə üçün Naxçıvan şəhərinə, başqa yerlərə getmək məcburiyyətindən xilas olsunlar. Artıq belə bir şərait yaradılıb. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulub, tibbi avadanlıqlarla təchiz edilib və həmin avadanlıqlarla işləyə biləcək kadrlar yetişib. Əminliklə demək olar ki, artıq vətəndaşların hər kənddə, rayon mərkəzlərində keyfiyyətli tibbi yardım alması mümkündür.
Həyata keçirilən səhiyyə islahatlarının ən mühüm cəhətlərindən biri də muxtar respublikada icbari tibbi sığortanın tətbiqidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır. Bu ildən icbari tibbi sığorta sisteminin tətbiqinə uyğun olaraq publik hüquqi şəxs statusu alan müəssisələrdə işçilərin əmək haqqı 50% artırılıb. Həmin müəssisələrdə icbari tibbi sığortanın və tibbi xidmətin fəaliyyətini təmin etmək üçün cari təmir və yenidənqurma işləri aparılıb, ehtiyac olan avadanlıqlarla təmin edilib və sığorta üçün vacib olan nümunəvi tibbi informasiya sistemi – kompüter proqram təminatı yaradılıb.
Rayonlarda həyata keçirilməsi mümkün olan müayinə və müalicələr vətəndaşlara tibbi sığorta hesabına həyata keçirilib, tətbiq olunması mümkün olmayan xidmətlərin siyahısı dəqiqləşdirilib, bu siyahıya uyğun xidmətlər göstərəcək tibb müəssisələri müəyyənləşdirilib. Ehtiyacı olan xəstələrin müayinə və müalicələri göndərişlə təmin olunaraq həmin müəssisələrdə tibbi sığorta hesabına həyata keçirilir.
Muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daim nəzarətdə saxlanılır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb. Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılmış, talassemiya və hemofiliyalı xəstələrin hərtərəfli müalicəsi təmin edilmişdir.
Ən mühüm uğurlardan biri də xəstəxanaların müasir avadanlıqlar və təcili yardım avtomobilləri ilə təmin olunmasıdır. Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin təqdim olunması bu xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb. Hazırda səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Səhiyyə müəssisələrində təcili yardım, elektrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, rentgen, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür.
Muxtar respublikada uşaqların sağlam böyüməsi üçün tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə görülən işlərin davamıdır. Ötən il publik hüquqi şəxs statuslu Şərur, bu il isə Ordubad rayon uşaq xəstəxanalarının yaradılması gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlərdən biridir.
Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları hazırda fəaliyyətlərini davam etdirir, yerlərdə əhalinin müayinə-müalicə işi ilə məşğul olurlar. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların, tələbələrin kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji və digər müayinələri davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulmuşdur. Cavan ailələrdə səhiyyə maarifi işini, hamilə qadınların və uşaqların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədi ilə “Ailə sağlamlıq məktəbləri” yaradılmış, məşğələlərin davamlı aparılmasına nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.
Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. İstər tibb fakültəsinin, istərsə də tibb kollecinin məzunları bu gün muxtar respublikada ən mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq tibbi kadrlara tələbatın ödənilməsi məqsədilə 1999-cu ildə yaradılıb. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Tibb sahəsi üzrə yüksək­ixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet xarici ölkə universitetləri ilə sıx əlaqələr qurub.
Naxçıvan Tibb Kollecində 8 ixtisas üzrə tibbi kadr hazırlanır. İxtisaslı kadrların hazırlanması və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi məqsədilə Naxçıvan Tibb Kollecinin müəllim və tələbə heyəti Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərilirlər. Yüksəkixtisaslı həkimlərin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfranslar, təşkil edilən kurslar həkimlərin müasir tibbi biliklərinin zənginləşdirilməsində, hər il keçirilən səhiyyə yarmarkaları isə gənc tibbi kadrların işlə təminatında mühüm rol oynayır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin beynəlxalq əlaqələrinə uyğun olaraq müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlərin və kollektivlərin muxtar respublikaya dəvət olunması və Naxçıvan həkimləri ilə birgə mürəkkəb cərrahi əməliyatlar aparmaları diqqətdə saxlanılır. Sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən aparılan cərrahi əməliyyatlar yerli həkimlərin peşə bacarıqlarının yüksəldilməsində mühüm rol oynayır. Hazırda yerli həkim kadrlar tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatların aparılmasına nail olunur. Artıq mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır, müxtəlif yaş qruplarının dispanserizasiyası, hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirləri genişləndirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə mütəmadi olaraq Naxçıvan şəhərinin dəmir yolu və avtovağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirləri həyata keçirilir. Rayonlarda isə əsas etibarilə, məktəblərin sinif otaqlarında, idman zallarında, qarderoblarında, bufet və yeməkxanalarında, dəhlizlərində, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya və dezinseksiya işləri təşkil olunur. Həmçinin kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilir.
Həyata keçirilən profilaktik tədbirlərin səmərəli nəticələr verdiyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan müalicə turizmi xidmətləri muxtar respublikanın ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 4 min xəstə qəbul edir. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanların yuxarı tənəffüs yolları xəstəlikləri müalicə olunur. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası da səhiyyə turizminin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.
Son illər Naxçıvan səhiyyəsində müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı gənc həkimlərin sayı xeyli artıb. Muxtar respublikanın səhiyyə müəssisələrinin əksəriyyətinə belə gənc kadrların rəhbərlik etməsi onlara göstərilən inam və etimadın nəticəsidir.
Muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Muxtar respublikanın tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR