23 Sentyabr 2020, Çərşənbə

Artıq neçə gündür ki, mübarək Ramazan ayına qədəm qoymuşuq. Müsəlman bacı-qardaşlarımızın oruc tutduğu bu ayda sağlam qidalanmaq və immuniteti möhkəmləndirmək zəruridir. 

Qışdan yaza çıxan orqanizmdə avitaminoz, vitaminsizlik mineralsızlıq baş qaldırır. Buna görə də hüceyrələrimiz passiv, yorğun vəziyyətə düşürlər. Bahar yorğunluğunun aradan qaldırılması və hüceyrələrin canlı, aktiv qalması təbii qida istehlakından çox asılıdır. İnsan orqanizmində də virus və infeksiyaların hücumunun məruz qaldığı yer hüceyrələrdir, özü də ağciyər, ürək, böyrək, bağırsaq və digər orqan hüceyrələri. İnsan orqanizmində iki qoruma mexanizmi mövcuddur: hüceyrədaxili və humoral. Əgər virus hüceyrəyə daxil olarsa, hüceyrə daxilində onu ilk qarşılayanlar bizim “daxili qoşunlar” – makrofaqlar və T limfositlərdir. Makrofaqların və T limfositlərin “silah-sursat” xammalı isə azot oksididir. Orqanizmə azot oksidini təbii məhsullarla qidalanmaqla qazandırmış oluruq. Bu azot oksidlər sərbəst radikallar əmələ gətirir ki, onların sayəsində viruslar məhv edilir.

Məlum olduğu kimi, bir çox xroniki xəstəliklərin aranma səbəbi məhz orqanizmdə iltihab ocaqlarının varlığıdır. “Daxili və xarici qoşun”ları iltihab “ordusu” əleyhinə gücləndirmək üçün yaşıl yarpaqlı tərəvəzlərdən və göyərtilərdən, xüsusilə dağ bitkilərindən (hazırda mövsümüdür) istifadə etmək lazımdır ki, orqanizm nitrit-oksidlə təmin olunsun. İltihab­əleyhinə mübarizədə tərkibində kükürdlü birləşmələr (turp və kökümeyvəlilər və bütün növ kələmlər) olan tərəvəzlər, eləcə də antioksidant (mövsümi) meyvələr və dağ bitkiləri (kəklikotu, çobanyastığı, nanə və sair) istifadə edilməlidir.
Bir məqamı da diqqətinizə çatdıraq ki, müasir dövrümüzdə geniş yayılmış pandemiyadan qorunmaq, virusun orqanizmimizə daxil olub hüceyrəyə yapışa bilməməsi, müqavimətinin qırılması və immun sistemimizin gücünü aşa bilməməsində lektin mühüm rol oynayır. Bəs lektin hansı qidalarda var? Yaşıl mərcimək, noxud, bütün paxlalılar və tam taxıllı qidalarda. Bütün yazılanlara əlavə olaraq onu deyə bilərik ki, xüsusilə C vitamini daxil olmaqla, bütün vitaminlər, dəmir mineralı və təmiz hava, doğru diafraqmatik nəfəsalma, normal gecə yuxusu və müsbət düşüncələr bu dövrdən sağlam şəkildə qurtulmağımızda böyük rol oynayır.
Dünyada yayılmış virusla əlaqədar olaraq insanların bir çoxu oruc tutmaqdan çəkinirlər. Səbəb isə immun sisteminin aşağı düşməsi göstərilir. Qeyd edək ki, oruc tutmaq bütün dinlərdə mövcuddur. İslam dinində isə biraylıq Ramazan orucu bütün müsəlmanlara vacib bilinmişdir. Orucun həm psixoloji, həm fizioloji, həm də maddi və mənəvi faydaları vardır. İnsanın yediyi qidanı həzm etməsi üçün orqanizmdə qanın çox hissəsi mədəyə yönəlir. Beyinə gedən qan miqdarında azalma olur. Nəticədə, insan baş verən hadisələri lazımi həssaslıqla qiymətləndirməkdən uzaq olur. Dolayısı ilə insan baş verən hadisələrin mənəvi qatından xəbərsiz ömür keçirir. Oruc zamanı isə insan günün müəyyən olunmuş zamanında ac qaldığı üçün insan beyni, zəkası daha fəal çalışır.
Fizioloji baxımdan oruc tutmağın faydası barədə təkcə bunu qeyd etmək kifayətdir: 2016-cı ildə yapon bioloqu Yoşinori Ohsimu Nobel mükafatına layiq görülərək sübut etmişdir ki, insan hüceyrəsinin öz-özünü bərpaetmə xüsusiyyəti vardır. “Öz-özünüyemə” adlanan bu sistem isə aclıq zamanı işə düşür və insan orqanizmində harada xəstə, qocalmış, işəyaramayan ölü hüceyrələr və ya yad bakteriya, virus varsa, onu həzm edib kiçik hissələrə parçalayır. Sonra isə bu hissələrdən yenidən orqanizmə lazımlı sağlam hüceyrələr inşa edilir. Lakin bu yenilənmə düzgün tutulan oruc zamanı baş verə bilir.
Ramazan ayında tutulan 30 günlük oruc müddətində insan orqanizmindəki bütün toxumalarda yenilənmə və cavanlaşma baş verir və immun sistemi güclənir. Bunun üçün isə çalışaq ki, orucluğun ilk gecəsi, yəni niyyət axşamının gündüz vaxtları yeməyimiz tərəvəz və ya meyvə olsun və bunu da saat 1800-a kimi bitirək. Sonra isə yatana kimi bol maye (su, bitki çayı, meyvə suları və sair) qəbul etməliyik ki, sahurda iştahalı oyanaq. İçdiyimiz maye saatlı zəng kimi bizi sahura oyadacaq və aclığımızı hiss edəcəyik. Sahurda isə bol proteinli balanslaşdırılmış qidalardan qəbul etsək, bir çox oruc tutanların yaşadığı halsızlıq, başgicəllənmə, əl-ayaq əsmələri, təzyiq düşmələri yaşamadan (yəni həyat performansımız azalmadan) sağlam orucun necə gözəl olduğunun fərqini hiss edəcəyik. İftar zamanı, təbiidir ki, çox adamın iştahası olmur və suya tələbatı daha çoxdur. Ancaq nəzərə almaq lazımdır ki, iftar zamanı ağır ət yeməkləri yeyib üstündən də bol maye içmək qəbul edilən qidanın həzm olunması ilə deyil, çürüməsi ilə nəticələnir. Çünki axşam saatlarında maddələr mübadiləsi zəif­lədiyindən həzm sistemimizdə də zəifləmə özünü göstərir. Çalışın iftarda müxtəlif növ mayelərə (bu zövqünüzə görə su, bitki çayları, meyvə şirələri, kompotları və sair ola bilər) üstünlük verəsiniz. Qida kimi isə çalışın doğma diyarımızın zəngin təbiətində yetişən, vitamin və minerallarla zəngin mövsümi tərəvəzlərdən hazırlanan yeməklərə, salatlara, dağ bitkilərindən hazırlanan kükü və kətə kimi milli yeməklərimizə və mövsümi meyvələrdən istifadə edilərək hazırlanan meyvə salatlarına və şirniyyatlarına üstünlük verin. Xüsusilə də orqanizm üçün ən vacib minerallardan biri olan kalsiumla, B vitamini ilə zəngin, həzm sisteminin mikroflorası üçün çox əhəmiyyətli olan yerli ağartı məhsullarından kefir, qatıq, pendir, kəsmik də axşam saatlarında (probiotik və prebiotik olmalarına görə) həzm edilməsi çətinlik törətməyən qidalar olduğu üçün onlardan istifadə etmək daha faydalıdır. Azərbaycan mətbəxinin şah əsərləri sayılan ətli, düyülü yeməkləri (çox duzlu olmamaq şərtilə) sahurda yeməyə çalışın və mədə rahatladıcı bitki çaylarından (çoban­yastığı, yarpız, nanə, limon, tərxun və sair) da istifadə edin.
Mübarək Ramazan ayında düzgün qidalanmaqla sağlamlığınızı qorumaq, bütün xəstəliklərə qalib gəlmək diləyi ilə...

Pərvanə Qəhrəmanova
“Şəfa” Özəl Tibb Mərkəzinin əməkdaşı, dietoloq

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR