Muxtar respublikamızda diqqət mərkəzində saxlanılan məsələlərdən biri də gigiyena və epidemiologiya tədbirlərinin vaxtlı-vaxtında aparılmasıdır. Yola saldığımız 2012-ci ildə də belə tədbirlər davam etdirilib, içməli və açıq su mənbələrinə bakterioloji nəzarət aparılıb. Uşaq və yeniyetmə müəssisələrində fiziki inkişaf göstəriciləri nəzarətə götürülüb, yaşından asılı olaraq, uşaq orqanizminin vitamin və qida maddələrinə olan tələbatı menyu cədvəllərinin statistik işlənmə üsulu vasitəsi ilə təhlil edilib, metodik tövsiyələr verilib. Epidemik cəhətdən təhlükəli xəstəliklərin başvermə ehtimalı olan ərazilərdə profilaktik tədbirlərin sistemli olaraq həyata keçirilməsi təmin edilib. Su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, ümumilikdə, 31 min 746 obyektdə 472 min 247 kvadratmetr sahədə dezinfeksiya, 6891 obyektdə 259 min 911 kvadratmetr sahədə dezinseksiya və deratizasiya tədbirləri aparılıb.
Məlumat üçün bildirək ki, ötən ilin noyabr ayında mərkəzə yeni aparatlar verilib. Bu aparatlar vasitəsilə ərzaq məhsulları, inşaat materialları, uşaq oyuncaqları, tədris ləvazimatları üzərində gigiyenik, bakterioloji və radioloji müayinələr aparılacaqdır.

Xəbərlər şöbəsi