08 İyul 2020, Çərşənbə

Hər kəsə yaxşı bəllidir ki, sağlam yaşamağın sirri, ilk növbədə, insanın düzgün qidalanmasındadır. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin gündəlik ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Mövsümi dəyişiklik ilə əlaqədar baş verən yorğunluğun qarşısını almaq və immunitet sistemini gücləndirmək üçün çoxlu vitamin, mineral tərkibli qidalardan istifadə etmək lazımdır.

Bəs yay aylarında hansı qidaları qəbul etməliyik ki, sağlamlığımızla bağlı xoşagəlməz hallar yaranmasın? Bu fəsildə immuniteti necə gücləndirə bilərik? Bu və bu kimi suallarımızı cavablandırmaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının Terapiya şöbəsinin müdiri İsmət İmanovaya müraciət etdik.

Həkimin sözlərinə görə, fəsillərlə paralel olaraq insan orqanizmində imunnobioloji sistemdə də dəyişiklik olur. Havanın temperaturu, atmosfer təzyiqi, günəş şüaları, bütün bunlar insana təsirsiz ötüşmür. Qış, yaz fəsillərində immuniteti gücləndirmək bir qədər çətin olur və fəsillər bir-birini əvəzlədikcə immunitetimizə də öz mənfi təsirini göstərir. Lakin C vitamini ilə zəngin olan bir çox qidalar var ki, məsələn, yerkökü, kələm və limonu bütün ilboyu əldə edə bilirik. Bu qidalardan çox istifadə etməklə orqanizmimizin A, C və B qrup kompleksi vitaminlərinə olan tələbatını ödəyə bilərik. Çox vaxt yaz fəslində dəridə, sifətdə, saçlarda quruluq əmələ gəlir. Bütün bunlar A vitamini ­çatışmazlığından yaranır.
Həkim onu da deyir ki, yay fəslində süfrəmiz vitamin, protein və dəmir tərkibli qidalarla zəngin olmalıdır. İmmunitet sistemini gücləndirmək üçün cəfəri, bibər, soğan, kərəviz və brokoli kimi tərəvəzlər, çiyələk və kivi kimi tərkibində C vitamini çox olan meyvə və giləmeyvələrə üstünlük vermək lazımdır. Mövsüm dəyişikliyi ilə əlaqədar yaranan depressiyanı azaltmaq üçün B vitamini ilə zəngin yaşıl yarpaqlı tərəvəzlər, ət və süd məhsulları istehlak edilməlidir. Dəniz məhsulları, taxıllar, yumurta, brokoli, kələm, göbələk və turp yaxşı vitamin qaynağıdır. Fındıq, badam, qoz kimi yağlı toxumlular da maqnezium, selenium və sink baxımından olduqca zəngindir. Yerkökü və balqabaq A vitamini və beta-kerotinlə zəngindir. Sarımsaq və soğan isə antimikrobial və antiviral tərkibi ilə xalq arasında bilindiyi kimi antibiotik təsirə malikdir. Hərəkətsizlik və qidalanma ilə bağlı olaraq əmələ gələn bağırsaq problemlərini minimuma endirmək üçün mütləq probiotik qidalara yer verilməlidir. Qatıq və digər ağartı məhsulları önəmli probiotik qaynağıdır. Həmin probiotiklər isə immunitet sisteminin gücləndirilməsində olduqca təsirlidir.
Həkim onu da diqqətimizə çatdırır ki, düzgün qidalanma sağlamlığın, gözəlliyin harmoniyasıdır. İnsan həyatı boyu cürbəcür qidalar, maddələr qəbul edir. Həmin qidalar orqanizmə daxil olduqdan sonra müxtəlif biokimyəvi, mexaniki təsirlər nəticəsində parçalanır. Parçalanma məhsullarından isə yeni birləşmələr əmələ gəlir və bu birləşmələrdən hüceyrələr qurulur, insanın danışığı, nitqi, hərəkəti, daxili orqanlarının fəaliyyəti tənzimlənir. Buna isə maddələr mübadiləsi deyilir. Düzgün qidalanmadıqda isə, təbii ki, maddələr mübadiləsi pozulur. Gün ərzində insan orqanizminin ehtiyac duyduğu maddələr çoxdur. Buna karbohidratlar, zülallar, yağ turşuları, su, minerallar, vitaminlər, mikroelementlər və sair aiddir. Zülallar gündəlik qida qəbulumuzun ən çox faizini təşkil etməlidir. Çünki insanın vücud olaraq yaranışı toxumadan, toxumaları isə hüceyrələrdən ibarətdir. Bu hüceyrələrin quruluşunu isə zülallar təşkil edir. Zülalların amin turşularını təşkil edən balanslaşmış qidanın əsas tərkibi isə yağlardır.
İsmət həkim onu da bildirir ki, yay fəslində daha çox bitki tərkibli yeməklərin bişirilməsi yağdan istifadənin miqdarını artırır. Hər kəs birmənalı fikirləşir ki, yağ orqanizmin düşmənidir. Düzdür, yağ toxumalarının çoxluğu orqanizmdə müxtəlif patalogiyaların yaranmasına səbəb ola bilər. Amma unutmayaq ki, orqanizmin yağa gündəlik tələbatı var, gün ərzində 50 qram qəbul etməliyik. Bunun üçün xörək bişirən zaman daha çox bitki yağlarından istifadə etmək lazımdır. Hətta süd, qatıq, kəsmik alarkən yağlılıq dərəcəsi az olanlara üstünlük vermək məsləhətdir.
Söhbətimizin sonunda həkimdən “Günə bir stəkan su ilə başlayın” deyiminə münasibətini də eşitmək istədik. O bildirdi ki, su insan orqanizmi üçün çox önəmlidir, orqanizmdə qoruyucu, həlledici rol oynayır. Əgər oynaqlarda su olmasa, quruma baş verər, ağrılar olar, hərəkət məhdudlaşar. Təmiz su içmək çox xeyirlidir. Xüsusilə yayda havaların isti keçdiyi günlərdə səhər yeməkdən hardasa yarım saat əvvəl içilməsi daha məqsədəuyğundur. Gün ərzində orqanizmin tələbatına uyğun olaraq, təxminən, litr yarım, iki litrə qədər su qəbul edilməlidir. Lakin biz suyu başqa maddələrlə də əvəz edirik – kompotlar, çaylar, şirələrlə. Digər tərəfdən suyu da düzgün qəbul etmək zəruridir. Fikir vermək lazımdır ki, hansı qidadan neçə saat sonra və ya əvvəl su içmək olar. Məsələn, zülal tərkibli qida qəbul ediriksə, mütləq üstündən saat yarım, karbohidratla zəngin meyvə, tərəvəz yeyiriksə, qırx dəqiqə, bir saat sonra su qəbul edə bilərik.
Həyat sevinc, xoşbəxtlik və çətinliklərlə birlikdə yaşanır. Lakin qarşıya çıxan heç bir problem sağlamlıq qədər əhəmiyyətli deyil. Unutmayaq ki, cansağlığı insan üçün ən vacib nemətdir.

- Telli MƏMMƏDOVA

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR