Göz cərrahiyyəsi muxtar respublika səhiyyəsində son illər yaradılmış tibbi xidmət sahələrindən biridir. Belə əməliyyatların aparılması üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Oftalmologiya kabinəsi fəaliyyət göstərir.
Kabinədə kompyuter-tonometr, biomikroskop, oftalmoskop, fakometr, vertikal-horizontal prizmalar, eləcə də digər müasir tibbi avadanlıq, aparat və cihazlar qurulmuş, həmin avadanlıqlardan səmərəli istifadə olunması üçün ixtisaslı tibbi kadrların hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika ixtisasını bitirmiş gənc həkimlər Gülşən Dikmen və Məhəmməd Vəliyev 2007-2009-cu illərdə, tibb bacısı Samirə Abbasova isə 2007-ci ildə Türkiyə Respublikasının Kocaeli Universitetində təkmilləşdirmə kurslarında olmuşlar.
Müasir dünya səhiyyəsində tətbiq olunan cərrahi əməliyyatların mənimsənilməsi, eyni zamanda ayrı-ayrı sahələr üzrə cərrahi avadanlıqlardan səmərəli istifadə edilməsi üçün kabinədə müəyyən tədbirlər həyata keçirilir. Türkiyə Respublikası və Bakı şəhərindən vaxtaşırı dəvət olunan yüksək ixtisaslı həkimlər burada yaradılmış şərait müqabilində mürəkkəb göz əməliyyatlarını icra edirlər. Bakı şəhərində fəaliyyət göstərən Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri Rasim Həsənov və Mərkəzi Neftçilər Xəstəxanasının həkim-oftalmoloqu İmran Cərullazadənin rəhbərliyi ilə göz əməliyyatlarının yerli həkimlərlə birgə aparılması onların praktik peşə bacarıqlarının artmasına imkan yaratmışdır.

Kabinədə yüksək ixtisaslı həkimlərin rəhbərliyi ilə icra olunan FAKO göz cərrahiyyəsi büllurun implantasiyası əməliyyatına görə daha qısamüddətli və daha az travmatik, qonşu toxumalara az zədə verən, xüsusilə də arxa kapsulaltı kataraktlarda daha səmərəli nəticə almağa kömək edən əməliyyatdır. Bu əməliyyatda kiçik kəsikdə qatlana bilən və iynə ucluğun yardımı ilə göz içinə yerləşdirilə bilən linzalardan istifadə edilir.
Hazırda bu və digər göz əməliyyatları yerli həkimlər tərəfindən müstəqil şəkildə həyata keçirilir. Eyni zamanda katarakt (mirvari suyu), burun, gözyaşı kanalı tutulmaları, gözün üst qapağının enməsi (ptoz) və müxtəlif göz travma əməliyyatları heç bir fəsad vermədən icra olunur.
Şəkər xəstələrində müşahidə olunan diabetik göz xəstəliyinin müalicəsində zəruriyyət yarandıqda retinal angioqrafiyadan istifadə edilir.
Oftalmologiya kabinəsində diaqnostika və müalicə prosesində ən müasir tibbi üsulların tətbiqinə ciddi diqqət yetirildiyindən müalicə üçün bura müraciət edənlərin sayı getdikcə artır. Əgər 2011-ci ildə kabinədə 2360 xəstə qəbul olunmuşdursa, ötən il onların sayı 2780 nəfərə çatmış, onlardan 230 nəfərin üzərində müxtəlif göz əməliyyatları aparılmışdır. Bu əməliyyatların bir hissəsinin yerli həkimlər tərəfindən müstəqil şəkildə həyata keçirilməsi Naxçıvan səhiyyəsi üçün növbəti uğurlardan biridir.
Qeyd edək ki, belə əməliyyatların icrası üçün xəstələr əvvəllər maddi və mənəvi çətinliklər bahasına uzaq məsafələr qət etməklə digər ünvanlara üz tutmalı olurdular. Bu ildən kabinədə digər mürəkkəb cərrahi əməliyyatların da aparılması nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
 mətbuat xidməti