Ötən ilin yekunlarına həsr olunan kollegiya iclasında nazir Niyazi Novruzov məruzə etmişdir. Bildirilmişdir ki, muxtar respublikada həyata keçirilən çoxşaxəli quruculuq işlərindən nazirlik və onun strukturları da bəhrələnmiş, ötən dövrlərdə qazanılan nailiyyətlər daha da möhkəmləndirilmişdir. Əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr icra edilmiş, səhiyyə sisteminin maddi-texniki bazası daha da gücləndirilmişdir.
Qeyd olunmuşdur ki, yeni səhiyyə müəssisələrinin tikintisi, onların müasir tibbi avadanlıqlarla təchiz olunması, kadrların peşəkar­lığının artırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Ötən il Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, muxtar respublikanın kənd­lərində 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binaların tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən dövlət qayğısının parlaq ifadəsidir.
Bildirilmişdir ki, ötən illərdə olduğu kimi, yola saldığımız 2012-ci ildə də əhalinin sağlamlığının qorunması məqsədilə bir çox işlər görülmüşdür. Belə ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik və əks-epidemik tədbirlər, Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən dezinfeksiya və dezinseksiya tədbirləri ardıcıl olaraq yüksək intensivliklə davam etdirilmişdir. İdarəolunan yoluxucu xəstəliklərə görə planlı peyvəndə cəlbedilmə 96,4 faiz təşkil etmişdir.

Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ucqar dağ kəndlərində əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yenə də fəallıq göstərmiş, yerlərdə əhalinin müayinə-müalicə işini təşkil etmiş, mədəniyyət işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mammoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə I-XI sinif şagirdləri arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, psixiatrik, endokrinoloji müayinələri aparılmışdır.
Hesabat ilində “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası” işi davam etdirilmişdir.
Qeyd olunmuşdur ki, səhiyyə işçiləri öz işini tələb olunan səviyyədə qurmalı, nöqsanlara yol verilməməlidir. Hər bir səhiyyə işçisi var qüvvəsilə işləməli və göstərilən etimadı doğrultmalıdır.
Kollegiya iclasında 2013-cü il üçün tərtib edilmiş iş planı müzakirə olunaraq qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti