Dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə müəssisələrinin baş həkimləri və mülki müdafiə mütəxəssisləri üçün “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mülki müdafiə tibb xidmətinin rolu” mövzususnda kurs təşkil olunmuşdur.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən məşğələdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək tədbirin mahiyyəti və əhəmiyyəti barədə məlumat vermişdir. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Emin Qasımovun, Şərif Əsədovun, Azər Qasımovun, Rəcəb Səfərovun mühazirələri dinlənilmişdir.
Mühazirələrdə sülh və müharibə dövrlərində mülki müdafiənin məqsədi, təşkiledilmə prinsipləri və vəzifələri, əhalinin kimyəvi, güclü təsirli zəhərli və radioaktiv maddələrdən, bakterioloji vasitələrdən mühafizəsinin təşkili, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin təşkili və hazır vəziyyətə gətirilməsi qaydalarından bəhs olunmuşdur.
Fövqəladə hallarda mülki müdafiə tibb xidmətinin əsas vəzifələri müəyyən olunmuş, zədələnmələr zamanı hospitalaqədərki mərhələdə tibbi yardımın göstərilməsi, əks-epidemik və sanitar-gigiyenik tədbirlərin aparılması, əhaliyə müalicə-profilaktika yardımının göstərilməsi qaydaları kompyuter texnikası ilə izah olunmuş, bununla əlaqədar videoçarx nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti