Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanası tərəfindən mart ayının 4-dən Naxçıvan şəhərində yerləşən tam orta məktəblərin şagirdləri arasında tibbi yoxlamalara start verilib. Belə müayinələr ildə iki dəfə – yaz və payız mövsümlərində aparılır. Növbəti tədbirin reallaşdırılması üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət həkim briqadası yaradılmış, onun tərkibinə uşaq müəssisələri üzrə təşkil olunmuş pediatrik kabinənin həkim-pediatrları da daxil edilmişlər. Pediatr, nevropatoloq, burun-qulaq-boğaz, cərrah, stomatoloq, psixonevroloq və ortoped həkimlərindən ibarət briqada aprelin 10-dək hər bir şagirdin tibbi yoxlamaya cəlb edilməsi üçün ardıcıl iş aparacaqdır. Məqsəd aşkar olunan xəstəliklərin dispanser qeydiyyatını aparmaq, şagirdləri müalicə və reabilitasiyaya cəlb etmək, dispanser qeydiyyatında olan xroniki xəstələrin müayinə-müalicə və reabilitasiyasını təşkil etməkdən ibarətdir.
Briqadanın fəaliyyəti dövründə səhiyyə maarifi işinin aparılması da nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti