Dünən Naxçıvanda stomatoloqların “Dental innovasiyalar” mövzusunda VII elmi-praktik simpoziumu keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik simpoziumun iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyində olmuşlar.
Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbrik və salamlarını simpozium iştirakçılarına çatdırmışdır. Nazir muxtar respublikada stomatologiyanın inkişafı üçün görülən işlərdən, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsindən, infrastrukturun yaradılmasından, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Son illər Naxçıvanda tibbin bütün sahələrində olduğu kimi, stomatologiya sahəsində də müsbət irəliləyişlərin, əsaslı keyfiyyət dəyişikliklərinin baş verdiyini diqqətə çatdıran Niyazi Novruzov demişdir ki, Naxçıvanda Stomatoloji Mərkəzin yaradılması, özəl stomatoloji kabinetlərin sayının artması eyni zamanda sivil rəqabətə, keyfiyyətli xidmətə zəmin yaradır. Son illərdə tibbin bütün sahələrində özünü göstərən müasirləşmə stomatologiya sahəsində də müşahidə olunur. Stomatoloq həkimlər dünyadakı ən son yenilikləri öyrənərək tətbiq etməyə, yeni cihazlar, stomatoloji qurğu və alətləri tez bir zamanda əldə etməyə çalışırlar. Dünya elmindəki qabaqcıl təcrübənin Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzində tətbiqi isə muxtar respublikada stomatologiyanın sürətli inkişafının göstəricisidir.