07 Mart 2021, Bazar

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə əvvəlcə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda hazırlanan slayda baxılıb.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva gəncləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, əsası ulu öndər tərəfindən qoyulan gənclər siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir, gənc­lərin yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov qeyd edib ki, bu gün dövlətin apardığı gənclər siyasəti muxtar respublikamızda da keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ötən illər ərzində gənclərin təhsili, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirilib. Göstərilən qayğının nəticəsində gənclər muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha da fəal iştirak edir, onlar milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı, dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşırlar.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev çıxışında bildirib ki, Azərbaycan gəncliyinin ölkəmizin ictimai həyatının bütün sahələrində fəal iştirakı üçün yaradılan əlverişli şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının fəaliyyətinə də təsir göstərib. Son illər ərzində partiya sıralarına qəbul edilən intellektual, bilikli, Vətənə, dövlətçiliyə sadiq gənclərin sayı xeyli çoxalıb. Hazırda partiyanın Naxçıvan Şəhər Təşkilatının 18 min 405 üzvü vardır ki, onların da 11 min 6-nı, yəni 59 faizini gənclər təşkil edir.
Sonra Naxçıvan şəhərinin ictimai həyatında fəallıq göstərən bir qrup gəncə mükafatlar təqdim olunub.
Gənc tərbiyəçi Afaq Hümbətova gənc­lər adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Tədbir bədii kompozisiya ilə başa çatıb.

- Nail ƏSGƏROV

* * * 

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə muxtar respublikada ilk dəfə olaraq sağlamlıq imkanları məhdud gənclər üçün bayram tədbiri təşkil edilib.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, bu gün gənclərin muxtar respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Onlar arasında fiziki imkanları məhdud gənclər də var. Bu kateqoriyadan olan gənclərin problemləri ilə daim maraqlanılır, hərtərəfli köməklik göstərilir.
Muxtar respublikada ötən il əsası qoyulan Sosial Könüllülük Akademiyasından danışan nazir qeyd edib ki, könüllü gənclər öz fəaliyyətlərini milli və humanist dəyərlər əsasında təşkil etməklə qısa müddət ərzində sosial qayğıya ehtiyacı olan şəxslərlə həmrəy olub və bu istiqamətdə keçirilən tədbirlərdə həvəslə iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev muxtar respublikada gənclərin iştirakı ilə həyata keçirilən layihələrdən danışıb.
Gənclər adından çıxış edən Hüseyn Qurbanov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə sağlamlıq imkanları məhdud gənclərin uğur yolunu əks etdirən videoçarxlar nümayiş etdirilib, gənclər tərəfindən hazırlanmış bədii yaradıcılıq nömrələri ifa olunub.
Sonda fərqlənənlər hədiyyə və fəxri fərmanlarla təltif ediliblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR