Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekologiyanın mühafizə olunaraq gələcək nəsillərə ötürülməsi də məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ ölkəmizə birinci rəhbərliyi dövründə ətraf mühitin mühafizəsi məsələlərinə dövlət səviyyəsində düzgün münasibət göstərilib, ekoloji strategiyanın formalaşdırılması sahəsində mühüm addımlar atılıb, bu sahədə  qanun, fərman və qərarlar qəbul edilərək uğurla icra edilib. 

Görkəmli dövlət xadiminin apardığı məqsədyönlü siyasətin bəhrələri Naxçıvanda da özünü qabarıq şəkildə göstərib. Belə ki, 1969-cu ildə ulu öndərin təşəbbüsü ilə ümumi ərazisi 40 min hektar olan Ordubad Dövlət Təbiət Yasaqlığı həyata vəsiqə alıb. Ölkə ərazisində ilk Milli Park qədim diyarda yaradılıb. Azərbaycan Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə respublikamızda ilk milli park – ərazisi 12 min 131 hektar olan Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və ərazisi 3 min 139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr və 2009-cu il 22 iyun tarixli sərəncamları ilə “Arazboyu” və “Arpaçay” Dövlət Təbiət yasaqlıqları fəaliyyətə başlayıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsədlərdən biri də mövcud təbii potensialdan istifadə etməklə ekoturizmin inkişaf etdirilməsinə nail olmaqdır. Hazırda milli park statuslu təbiət obyektlərinin yaradılması müasir dövrümüzün tələblərinə cavab verir. Bu amil əsas götürülərək ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə ümumi ərazisi 42 min 787 hektar olan Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradılıb.

Bəs bu gün mühafizə olunan ərazilərdə ekoloji vəziyyət necədir? Görülən tədbirlərin fauna və floramızın zənginləşməsinə nə dərəcədə təsiri olub? Bu və ya digər suallara cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Elçin Kazımovla həmsöhbət olduq. O dedi ki, 2001-ci ildən etibarən ova məhdudiyyətlərin qoyulması və yem ehtiyatının çoxalması bir sıra heyvan növlərinin sayının artmasına, yaxın ölkələrdən bu ərazilərə yeni növlərin miqrasiya etməsinə, burada məskunlaşmasına əlverişli imkanlar açıb. Muxtar respublika ərazisində dünyanın nadir növlərindən olan bəbirlərin yaşaması da deyilənləri təsdiqləyir. 2016-cı ildə müşahidə kameralarının köməkliyi ilə Naxçıvan ərazisində bəbirlərin ailəvi şəkildə məskunlaşması müəyyən edilib. Bu sahədə aparılan tədqiqat və müşahidələr digər növlərin də artdığını deməyə əsas verir. Ümumi ərazinin 28 faizə qədərinin xüsusi mühafizə olunması, digər sahələrdə mühafizə və bərpa tədbirlərinin görülməsi də faunamızın zənginləşdirilməsində başlıca rol oynayır.
Təbiət ərazilərində mövcud olan bitki və heyvan ehtiyatlarının qorunması sahəsində görülən mühüm işlərdən biri də nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin geniş şəkildə öyrənilməsi, qeydiyyatının aparılması və mühafizəsinin təşkil edilməsidir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib.
Elçin Kazımov onu da bildirdi ki, görülən işlərin nəticəsi olaraq son 20 ildə fauna ehtiyatlarımızın müxtəlif növlər üzrə 15-20 faiz artımı müşahidə edilib. Müqayisə üçün bildirək ki, 1970-ci illərdə sayı tükənməkdə olan bezoar dağ keçilərinin, muflonların sayı ötən dövr ərzində dəfələrlə artıb. Hazırda onlar sürülər şəklində müşahidə edilir. Dünya təbiətinin nadir növləri hesab olunan Qafqaz bəbir ailəsinin Naxçıvan ərazisində yaşaması, bir çox nadir quş növlərinin, xüsusilə dünyada son illər sayı azalan qartal növlərinin qeydə alınması böyük ekoloji faktordur. Bunlarla yanaşı, muxtar respublika ərazisində 241 növ quş məskunlaşıb ki, bu da ölkə arnitofaunasının 63,8 faizini təşkil edir. Həmçinin ölkə ərazisində yayılmış 107 məməli heyvan növünün 62 növü muxtar respublika ərazisində yaşayır. Ümumilikdə, ölkə ərazisindəki fauna ehtiyatlarının 60 faizdən çoxu muxtar respublika ərazisində yayılıb.
Bu gün faunamızın qorunması istiqamətində atılan addımlar və xüsusilə ova məhdudiyyətlərin qoyulması mühafizə edilən ərazilərə yaxın yerdə yaşayan sakinlər tərəfindən də razılıqla qarşılanır. Onların bir neçəsi ilə görüşüb həmsöhbət olduq, məsələ ilə bağlı fikirlərini öyrəndik.
Ordubad rayonunun Nəsirvaz kənd sakini Cahangir Rzayev dedi ki, muxtar respublikamızda təbiətin mühafizəsinin vəziyyəti ürəkaçandır. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması rayon sakinlərini çox sevindirib. Bu cür mühafizə edilən yerlərin olması sakinlərin təbiət qoynunda rahat şəkildə istirahətinə imkan verir.
Digər bir həmsöhbətim Şahbuz rayonunun Biçənək kənd sakini Duman İmaməliyev də qoruq ərazisinə yaxın yerdə yaşayır. Bu barədə ­dediklərindən:
– Təbiət həyatımızın ayrılmaz parçasıdır. Biz ömrümüzün sonunadək ondan faydalanırıq. Vəhşi heyvanların da doğma evi məhz meşələr, yaşıllıq ərazilərdir. Bəzi insanlar heyvanlara laqeyd münasibət göstərir, onları ovlayırlar. Əvvəllər əlinə ov silahı alan dağlara çıxar, nadir heyvanları belə, ovlayardı. Bu hal dəri alverçiləri üçün də yaxşı qazanc yeri yaratmışdı. Onlar ən sıx yerlərdə tələ qurur, heyvanları şikəst edirdilər. İndi çox şükür ki, belə neqativ halların qarşısı alınıb. Ova məhdudiyyətlər qoyulub, tələ quranlar, heyvanlara, quşlara qənim kəsilənlər öz layiqli cəzalarını alıblar. Təqdirəlayiq haldır ki, indi bu sahəyə nəzarət yüksək səviyyədədir. Əminliklə demək olar ki, görülən tədbirlər öz bəhrəsini verir, faunamız ilbəil daha da zənginləşir. Buna görə də dövlətimizə minnətdaram.
Bu gün hamımız ətraf mühitə qarşı həssas olmalı, canlıların qayğısına qalmalı, bu işdə dövlətimizə dəstək olmalıyıq. Sevindirici haldır ki, muxtar respublikada aparılan maarifləndirmə tədbirləri nəticəsində ətraf mühitin mühafizəsi mədəniyyəti formalaşıb. Bu da doğma diyarımızın flora və faunasının zənginləşməsinə öz əhəmiyyətli təsirini göstərməkdədir.

 Nail ƏSGƏROV