Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Naxçıvan Dövlət Texniki Kolleci, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclərin növbəti “Yay məktəbi” təşkil olunub.
Əvvəlcə iştirakçılar intellektual oyunlar ilə öz biliklərini sınayıb, voleybol, futbol və stolüstü idman oyunları oynayıblar. Onlar “Girdab” bədii, “Dahi şəxsiyyət” və aprel döyüşlərindən bəhs edən sənədli filmlərə baxıblar. İstirahət müddəti gənc­lərin “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilib. Onlar Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri tərəfindən verilən konsert proqramına baxıblar. Gənclər hazırlanmış səhnəcikləri nümayiş etdirib, sonuncu gün məktəb iştirakçıları arasında fotomüsabiqə keçirilib.“Yay məktəbi”ndə fəal iştirak edən, fotomüsabiqədə və keçirilən yarışlarda qalib olan iştirakçılara sertifikatlar təqdim edilib. İştirakçıların istirahət müddəti ərzində sağlamlıqlarının qorunması və onlara ilkin tibbi yardım göstərilməsi də diqqət mərkəzində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti