İnsan həyatında körpəlik, yetkinlik, gənclik və qocalıq kimi müəyyən yaş mərhələləri mövcuddur. Bunlardan ən maraqlısı, düşünürəm ki, gənclikdir. Ancaq yaşın bu dövrünü maraqlı, mənalı keçirmək gənc­lərin özündən asılıdır. Gənclik deyəndə öncə ailəsinə, Vətəninə layiqli övlad ola bilmək ağıla gəlir. Öz Vətənimizi, doğma yurdumuzu tanımaq və tanıtmaq, milli-mənəvi dəyərlərimizə hörmət etmək, onları yaşatmaq, tarixi keçmişimizi unutma­maq, bugünkü ictimai-siyasi proseslərdə fəal iştirak etmək kimi vəzifələri yerinə yetirəriksə, o zaman Azərbaycanımıza layiqli gənc olarıq.
Ona görə də bu gün biz gənclərin öhdəsinə çox böyük vəzifələr düşür. Bu vəzifələri sosial şəbəkə, internet vasitəsilə də həyata keçirə, ölkəmiz haqqında önəmli və əsas bilgiləri maraqlı bir şəkildə insanlarla paylaşa bilərik. Məsələn, tariximizlə bağlı qısa videoçarxlar buna misal ola bilər. Bu cür paylaşımlar, düşünürəm ki, biz gənclərin doğma yurdumuza töhfəsi olar. İnternetdən düzgün istifadə edə bilsək, paytaxtımız, bölgələrimiz çoxsaylı insanlar tərəfindən tanınar, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz sözümüzü demiş olarıq.

Müasir dövrdə gənclərimizin təhsil sistemi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Televiziya kanallarında gənclərimiz üçün təşkil edilən intellektual bilik yarışmaları da bunlardan biridir. Bu da, nəticə etibarilə, onların biliklərinin genişlənməsinə, dünyagörüşlərinin zənginləşməsinə gətirib çıxarır. Həmin bilik oyunlarında gənclərimizin istedadlı, savadlı olmaları, hazır­cavablığı özünü bir daha təsdiq edir. Azərbaycan gənclərinin xoş sədaları uzaq diyarlardan gəldikcə, yaxud da fərqli sahələr üzrə uğurlara imza atan gənclərimizin səslərini eşitdikcə iftixar hissi duyuruq.
Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq gənc nəslə öyrədiləcək milli dəyərlərimiz, adətlərimiz dəyişmir. Belə bir deyim var ki, hər bir xalq öz gəncliyini öz mədəniyyəti ilə tərbiyə edir. Azərbaycan xalqı da gənclərini vətənpərvər, döyüşkən, hər bir çətinliyə dözən, çətinə düşəndə yorulmadan tab gətirən ruhda yetişdirir. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gənci döyüş bölgələrində də qorxmadan, çəkinmədən düşmən üzərinə yeriyir və zəfərlərə imza atır. Gənclərimizin güclü vətənpərvərlik hissləri bunları etməyə tam imkan verir.
Hər bir ölkənin gələcəyinin necə olması onun gənclərindən asılıdır. Yəni gənclik irəli gedərsə, ölkə də inkişaf edər. Sağlam düşüncəyə malik gənc nəslin yetişdirilməsinə ulu öndərimiz Heydər Əliyev hər zaman diqqət və qayğı göstərmiş, gənclərin gələcəyə layiqli vətəndaş kimi formalaşması üçün əlindən gələni əsirgəməmişdir. Günbəgün daha da inkişaf edən dövlət gənclər siyasəti də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti keyfiyyət baxımından yeni bir mərhələyə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu layiqincə davam etdirir, gənclərin idarəetmə sahəsində fəallığını təmin edir, gənc kadrların yetişdirilməsində, onların işlə təmin olunmasında daim diqqət göstərir. Gənclərə göstərilən bu qayğı onların ictimai həyatda fəallığını daha da artırıb. Bunu naxçıvanlı gənclərin timsalında da görmək olar. 2018-ci il üçün Naxçıvanın Azərbaycanın Gənclər Paytaxtı seçilməsi muxtar respublika gənclərinin fəallı­ğının ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov da gənclərimizə hər zaman böyük diqqət və qayğı göstərir, onların tariximizə, milli kökə bağlılığını, dünyagörüşünün formalaşmasını təmin edən tədbirləri diqqət mərkəzində saxlayır. Bu gün biz gənclərin yaxşı təhsil almasında, ölkə­mizə, xalqımıza layiqli vətəndaş kimi yetişməsində bu tədbirlərin böyük əhəmiyyəti vardır. Gənclərin sağlam ruhda böyüməsi üçün muxtar respublikamızda Gənclər Mərkəzi, elektron kitabxanalar, ali təhsil müəssisələri yaradılıb. Bir gənc kimi mənim marağımı, diqqətimi çəkən məşğuliyyətlərdən biri xarici dillər üzrə biliklərimi artırmaqdır. Bunun üçün həm mənə, həm də digər gənclərimizə kömək məqsədilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində xarici dillərin tədrisi üzrə hərtərəfli şərait yaradılıb. Burada gənclərin xarici dillər üzrə istər nəzəri, istərsə də praktik biliklərə yiyələnmələri üçün yüksək standartlar mövcuddur. Bir gənc kimi belə şəraitdə yaşadığım üçün çox sevincliyəm.
Əziz gənclərimiz, gəlin bizim üçün yaradılan imkanlardan layiqincə yararlanaq. Bu imkanlar bizim, nəticə etibarilə, həm də dövlətimizin gələcəyinə hesablanıb. Bizə həmin imkanlardan səmərəli istifadə etmək qalır. Ümummilli liderimiz Heydər Əliyevin bir kəlamını bu məqamda xatırlatmaq istəyirəm. “Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşı­rırıq. Bizim işimizi gənclər davam etdirməlidir”.

Telli Mustafayeva