19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında əkinçilik çox qədim tarixə malikdir. I Kültəpə, Uçan ağıl, Ovçular təpəsi, Zirincli yaşayış yerləri və digər qədim ərazilərdə aparılan arxeoloji tədqiqatlar Neolit, Eneolit dövrlərində Naxçıvanda əkinçilik mədəniyyətinin mövcudluğunu, eləcə də dənüyütmə ilə məşğul olunduğunu təsdiq edir. Abidələrin əksəriyyətində çaxmaqdaşından düzəldilmiş oraq dişlərinin aşkarlanması taxıl əkinçiliyinin qədim dövrdə formalaşdığını müəyyənləşdirirsə, ən yüksək dağ qurşaqlarında aşkarlanan dən döyən daşlar heyvandarlığın inkişafını, yaylağa köçənlərin özləri ilə hazır un yox, buğda aparıb həmin daşlar vasitəsilə onu un şəklinə salaraq istifadə etdiklərini göstərir. Dən üyütmək üçün su dəyirmanlarının meydana gəlməsi digər ibtidai vasitələrdən istifadəyə son qoyub. Bəs əsrlər boyu xalqımızın məişətinin ayrılmaz hissəsi kimi tarixə düşmüş, bugünkü nəsillərin çoxunun görmədiyi, haqqında təsəvvürü belə, olmayan su dəyirmanları insanların həyatında nə kimi rol oynayıb?

Tarixdən məlumdur ki, buğdanı un etmək üçün ilk dəfə dibək daşlarından istifadə olunub. Lakin dibəkdə taxılın döyülməsi çox ağır, fiziki qüvvə tələb edən bir iş, məhsuldarlığı isə aşağı idi. Zamanla dibəkləri daha səmərəli olan dən üyüdən daşlar, daş sürtgəcləri əvəz etdi. Hamar daş üzərinə tökülən taxıl sürtülərək üyüdülürdü. Arxeoloji tədqiqatlar zamanı Babək rayonu ərazisində antik dövrə aid Meydantəpə abidəsində dəyirman kimi istifadə edilmiş böyük sal daş, eyni vaxtda işlədilən bir neçə üst daş aşkar edilib. Alt daşlarına bəzən qəbiristanlıqlarda başdaşı kimi də rast gəlinir. Sirab kəndinin Bəydilli, Didivar kəndlərinin qəbiristanlıqlarında bu cür başdaşları vardır.

Zaman keçdikcə dən daşlarını daha təkmil olan kirkirələr əvəz etdi. Bu daşlardan Neolit dövründən istifadə edildiyi məlum olsa da, kirkirənin bəzi mənbələrdə 2600 il ­əvvəl, bəzi mənbələrdə hələ Tunc dövründə – 4000-5000 il bundan əvvəl meydana gəldiyi qeyd olunur. Gün ərzində sadə dən daşında 5-6 kiloqram dən üyütmək mümkün olurdusa, dairəvi dən daşlarında 15-16, kirkirədə isə 20-30 kiloqram dən üyütmək mümkün olurdu. Kirkirənin alt və üst daşı dairəvidir, 40-50 santimetr diametrində (kiçikləri də olur), 7-10 santimetr qalınlığında olur. Alt daş mərkəz hissədən deşilir, 4-5 santimetr diametrində bu deşiyə ­10-1­2­ santimetr uzunluqda ağac salınır. Xalq arasındakı bu tapmaca da məhz kirkirə ilə bağlıdır:

O nədir ki, göydən yerə sallanır,
O nədir ki, göbəyindən nallanır.
O nədir ki, hər nə versən aldanır?

Alt daşla eyni diametrdə olan üst daşda iki ədəd deşik açılır. Ortada olan deşik 7-8 santimetr diametr ­ölçüdə olur, alt daşın ortasına salınan ağaca keçirilir. Həmin deşiyin diametri ağacdan bir qədər böyük ­düzəldilir ki, bu boşluqdan ovucla üyüdüləcək arpa, buğda tökülə bilsin. Üst daşın kənarında açılan deşiyə dəstək salınır ki, fırlatmaq asan olsun­.
Adi əl kirkirələrinin quruluşunda sonralar heyvanlarla, daha sonra su, külək, elektriklə hərəkətə gətirilən dəyirmanlar yaradıldı. Təbii ki, daha böyük həcmdə taxılı üyütmək üçün ən yaxşı vasitə su dəyirmanları idi. Bu dəyirmanlar, adətən, sulu çeşmələrin yatağından bir qədər kənarda, sel tutmayan yerlərdə tikilər, indiki metal, azbest boru olmayan əyyamlarda ox kimi düz söyüd, qələmə ağacları kəsilər, qol-budağı təmizlənib 10-12 metr uzunluğunda nov düzəldilərdi. Əvvəlcə kərki ilə ağacın bir üzü başabaş iki qarış enində yonular­dı. İçərisi dülgər əli ilə iskənəd­ən keçirilib hamarlanardı. Sonra ağac qolçaları ilə novun üzü bərkidilərdi. Dəyirmanın işləməsində novun uzunluğu əsas şərtdir.
Folklor və etnoqrafiyamızda dəyirmanla bağlı çoxlu nəğmələr, atalar sözləri mövcuddur. “Koroğlu” dastanında dəyirmanla bağlı bir sıra məqamlara rast gəlirik. Keçəl Həmzə dəyirmançını aldadır, o da qaçıb girir dəyirmanın unluğuna. Keçəl Həmzə tərəfindən növbəti dəfə aldadıl­dıqdan sonra Koroğlu deyir­:
Qırat əldən getdi barı
Canda qaldı intizarı.
Üyüd arpa, buğda, darı,
Al şahadın sən, Koroğlu!
Dəyirmanda üyüdülən taxıla görə alınan rüsum “şahad” adlanırdı. Su dəyirmanlarında daşların üzərinə çəpə­ki, enli və qalın taxta vurulardı. Taxtanın və daşın ətrafındakı örtüyün üzərinə qonan un tozu isə zəhməthaqqı olaraq dəyirmançıya çatardı. Buna “ard unu” (ardı, arxası) deyərdilər. “Dəyirmançı qızın verdi, dalınca da ard unu” məsəli də buradan yaranıb. Su dəyirmanında un növlərə ayrılmadığı üçün kəpəkli olur. Ard unu isə un tozu olduğu üçün indiki əla növ un keyfiyyətində idi. Xalq arasında “Dəyirman öz bildiyin eləyər, çax-çax baş ağrıdar” zərb-məsəli də səbəbsiz yaranmayıb. Dənliyin şırranına çəpəki olaraq bir ağac bağlanar, ağacın digər ucu yaxında bərkidilmiş deşiyə keçirilərdi ki, hərəkət edə bilsin. Bu qol ağacına perpendikulyar birləşən digər ağacın ucu dəyirmanın üst daşının üzərinə ­qoyulardı. Dəyirman işlədikcə çax-ça­x aramla qalxıb-düşər, şırranı ­silkələyərdi ki, dənliyə dən tökülsün. Bu proses də səsli-küylü olardı.
Dəyirmanlarla bağlı geniş yazılı məlumata 1727-ci il “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə rast gəlinir. Adıçəkilən mənbədə göstərilir ki, həmin dövrdə Naxçıvan sancağı 14 nahiyədən ibarət olub və ərazisində 315 yaşayış məntəqəsi yerləşib. Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin bir çoxu Naxçıvan torpaqları idi. İndiki Ararat rayonunun cənub-şərq hissəsi, ­Yexeqnadzor ­rayonu bütövlükdə, Cermuk rayonunun tam yarısı, ­Sisiyan rayonunun böyük bir hissəsi, Mehri də daxil olmaqla, Naxçıvan ərazisinə aid idi. Müfəssəl dəftərdə ­natura şəklində qeyd edilən vergini nəzərə alaraq Naxçıvan ərazisindən 642 ton buğda, 574,3 ton arpa və 20 ton darı yığıldığı bildirilir. ­Həmin mənbəyə istinadən Şərur rayonunu çıxmaq şərtilə (Dərələyəz nahiyəsinə tabe olan Axura-Yaycı da daxil) Naxçıvanın müasir sərhədləri çərçivəsində istehsal olunan taxıl məhsullarını hesablasaq, ­görərik ki, həmin vaxt 458 min 500 kiloqram buğda, 383 min 500 kiloqram arpa, 94 min kiloqram darı, 91 min kiloqram kərdiyar və 85 min 250 kiloqram pərinc istehsal olunub.
O dövrdə Naxçıvanın indiki sərhədləri daxilində 42 yaşayış olmayan kənd və məzrə mövcud idi. Həmin kəndlərdə əkin aparan adamlardan orta hesabla 3 min axça vergi alınıb. Bu kəndlərdə taxıl vergisi natura şəklində göstərilmədiyi üçün dəftərdəki hesaba salınmayıb. Yaşayış olan və təxminən, 3 min axça vergi verən kəndlərdə orta hesabla 1200 kiloqram taxıl vergisi hesablanıb. Yaşayış olmayan 42 yaşayış məskənindən də, təxminən, 48 min kilo­qram taxıl götürüldüyünü nəzərə ­alsaq, qeyd edilən 1112 ton taxıl üzərinə 48 ton da gəldikdə 1160 ton taxıl istehsal olunub. Hesablamalara görə, həmin dövrdə indiki Naxçıvan ərazisində, təxminən, 25 min 300 nəfər əhali yaşayıb. İnsanların hasilə gətirdikləri buğda o dövrdə mövcud olan su dəyirmanlarında üyüdülüb.
Tarixi mənbələrdə su dəyirmanlarının ilk orta əsrlərdən Azərbaycanda yayıldığı göstərilir. 1727-ci ilə aid sənəddə ərazidə mövcud olan dəyirmanların işləyən və işləməyənlərinin siyahısı, həmçinin onlardan toplanan vergi qeyd edilib. Siyahı­ya görə, Naxçıvan ərazisində 38 dəyirman ilboyu, 106 dəyirman yarım il işləyib. 57 yararsız dəyirman olub. Yarım il işləyən dəyirmandan 30, ilboyu işləyən dəyirmanlardan isə 60 axça vergi alınırdı.
Sovet hakimiyyəti illərində tarix və etnoqrafiyamıza bəslənilən laqeyd münasibət su dəyirmanlarından da yan keçmədi. Belə ki, bu dövrdə onların hamısının fəaliyyəti dayandırılıb, daşları isə harasa daşınıb.
Müstəqillik illərində muxtar respublikanın əksər kəndlərində vaxtilə mövcud olmuş su dəyirmanlarının fəaliyyəti bərpa edilib. Culfa rayonunun Kırna, Camaldın və Saltaq kəndlərində, ötən ilin sentyabr ayında isə Babək rayonunun Payız kəndində tarixi su dəyirmanı da yenidənqurmadan sonra istifadəyə verilib. Tarixi mirasımız olan su dəyirmanlarına göstərilən həssas münasibət, onların bərpa olunaraq yenidən sakinlərin istifadəsinə verilməsi xalqımızın məişət mədəniyyətinə, etnoqrafiyasına göstərilən diqqətin daha bir ­ifadəsidir.
Artıq muxtar respublikada taxıl biçini yekunlaşıb, sahələrdən bol məhsul tədarük olunub. Torpaq mülkiyyətçilərinin bir çoxu öz buğdasını fəaliyyət göstərən su dəyirmanlarında üyütməyə üstünlük verir. Babək rayon­unun Payız kəndində yerləşən su dəyrimanı da onlardan biridir. Bu dəyirmanda gün ərzində 300-500 kiloqram buğda üyütmək mümkündür. Dəyirmançı Alim Babayev deyir ki, burada hasilə gələn unun çörəyi ətirli və kövrək olur. Hətta yaşlı adamlar da söyləyirlər ki, elektrik dəyirmanında üyüdülən un su dəyirmanında üyüdülən unun çörəyini əvəz edə bilmir. Dəyirmançının sözlərinə görə, ruzi və bərəkətin rəmzi sayılan su dəyirmanlarına ikinci həyat bəxş edilməsi sakinlər tərəfindən rəğbətlə qarşılanır.

Zaleh NOVRUZOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3034198
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1008
5369
11430
85529
3034198

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter