Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Gənclər Fondu, Naxçıvan Musiqi Kolleci, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclərin növbəti “Yay məktəbi” təşkil olunub.
Məktəbin növbəti iştirakçıları – Naxçıvan Musiqi Kollecinin fəal tələbələri əvvəlcə “Xəmsə”, “Axtar, tap”, “Xəzinənin axtarışı” və “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə öz biliklərini sınayıb, voleybol, futbol və stolüstü idman oyunları oynayıblar. Gənclər “Girdab” bədii filminə, “Dahi şəxsiyyət” və aprel döyüşlərindən bəhs edən sənədli filmlərə baxıblar. Onların “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi də təşkil edilib. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi gənclər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.
“Yay məktəbi”ndə fotomüsabiqədə və keçirilən yarışlarda qalib olan iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb, Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak etmiş gənclərə sertifikatlar təqdim edilib.
İştirakçıların istirahət müddəti ərzində sağlamlıqlarının qorunması və ilkin tibbi yardımın göstərilməsi məqsədilə onları bir həkim müşayiət edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti