Muxtar respublikamızın gündən-günə sürətli inkişafı burada yaşayan insanların həyat səviyyəsinin yüksəlməsinə, onların gündəlik tələbatlarının yerinə yetirilməsinə xidmət edən yeni müəssisələrin də yaradılmasına stimul olur. Elə şəhərimizdə 2010-cu ildən fəaliyyətə başlayan “Məişət Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti də məişətimizdə yarana biləcək çətinliklərin dərhal həll olunmasında muxtar respublika sakinlərinə xidmət göstərən bir müəssisədir. Bu müəssisə, xüsusilə də qadınların daha çox üz tutduqları ünvandır, çünki onların evlərində üzərinə düşən işlər burada qısa bir vaxtda, həm də yüksək keyfiyyətlə həyata keçirilir, qadın əməyi yüngülləşdirilir. 

Müəssisədə xalça və pərdələrin yuyulması, paltarların quru və kimyəvi təmizlənməsi, parça və dəri əşyaların boyanması, yumşaq mebellərin evdə təmizlənməsi və təmiri, evlərin təmizlənməsi və təmiri, evdən-evə yüklərin daşınması, məişət əşyalarının, istilik və su sistemlərinin təmiri, yundan yorğan-döşək salınması, hazır döşəklərin yuyulması kimi sifarişlər yerinə yetirilir. Görülən işlərlə yaxından tanış olmaq üçün bu günlərdə müəssisədə olduq. MMC-nin­ rəhbəri Zamin Abbasovla söhbət zamanı o bildirdi ki, müəssisə 8 ildir, fəaliyyət göstərir. İldən-ilə burada şəraitin daha da yaxşılaşdırılması, müasir aparatların alınması, Türkiyə Respublikasından dəvət etdiyimiz mütəxəssislər tərəfindən kursların keçirilməsi işimizi günün tələbləri səviyyəsində qurmağımıza səbəb olub.

Söhbətimizi xalçaların yuyulma prosesini izləyərək davam etdirdik. Müəssisə rəhbəri dedi ki, xalçaların daha da təmiz və keyfiyyətli yuyulması üçün ötən il müəssisəyə yeni tozçırpan aparat alınıb. Bu aparat vasitəsilə öncə xalçaların tozu tamamilə çıxarılır, sonra yuyulmaya verilir. Xalçayuma yerimiz əvvəllər 3 metr enində, 8 metr uzunluğunda idi. Sonra daha böyükölçülü xalçaların yuyulması sifarişlərini də aldığımızdan buranı bir qədər də genişləndirib enini 4 metrə çatdırdıq. Yuma zamanı xalça bu əraziyə sərilir və isladılır, səthi köpükvurma aparatı ilə yüksək­keyfiyyətli yuyucu vasitə ilə tamamilə örtülür. Bundan sonra yuma aparatı işə salınır, aparatın şotkaları xalça üzərində irəliyə doğru hərəkət etməklə birinci mərhələni həyata keçirir. İkinci mərhələdə isə xalça durulanır və ölçüsünə görə yüksək sıxma gücü olan aparatlar vasitəsilə sıxılır və təmiz havada qurudulur. Daha sonra xalçalara xüsusi aparatda işıq altında baxılır, bir dəfə də quru təmizləmə aparılır, xüsusi ətirləndiricilər vurulur və polietilen örtüyə bükülərək ünvana çatdırılır. Z.Abbasov onu da bildirdi ki, xalçayuma sifarişləri evlərdən qəbul edilir və çatdırılması muxtar respublikanın istənilən şəhər, rayon və kəndlərində pulsuz həyata ­keçirilir.
Söhbət əsnasında “Kəndlərimizdə toxunan xalçalarımızı evdə, yoxsa burada yumaqla ömürlərini uzada bilərik?” sualımızı isə o, belə cavablandırdı ki, sifarişləri arasında tez-tez belə xalçalardan olur. Əlbəttə, buradakı xüsusi aparatlar bütün növ xalçaların rənglərinin əvvəlki kimi qalmasına, keyfiyyətinə xələl gəlməməsinə xidmət edir. Ev şəraitində yuyulan xalçalar sərilərkən ondan axan su ilə rənglər də axıb gedirsə, burada yumadan sonra dərhal aparat vasitəsilə suyun sıxılması rənglərin pozulmaması ilə nəticələnir. Həm də yuma aparatı xalçanın xovunu da təzələyir. Yuyulduqdan sonra baxdıqda elə bilirsən ki, təzə toxunub.
Müəssisədə paltarların quru və kimyəvi təmizlənməsi, boyanması prosesi ilə də tanış olduq. Müəssisə rəhbəri bildirdi ki, paltarların yuyulması, quru və kimyəvi təmizlənməsi üçün sifarişləri Naxçıvan şəhəri, Nizami küçəsi, bina 41 və Əliabad qəsəbəsi, döngə 22, 1A ünvanlarında yerləşən məntəqələrimizdə qəbul edirik. Müştəri paltarı həmin məntəqələrə verir, oradan da götürür.
Müəssisə, həmçinin təcili sifarişləri də yerinə yetirir. Məsələn, şəhərimizdə qonaq olanlar və ya hansısa ziyafətə getmək istəyənlər paltarlarını təcili təmizlətmək istəyirlərsə, xüsusi aparatlar vasitəsilə bu sifarişlər 20-30 dəqiqəyə hazırlanır. Təmizlənmiş və boyanmış paltarları bizə göstərən Sevinc xanım asılqandakı kostyumu əlinə alaraq onu quru təmizləməyə alarkən çox çirkli və qırış vəziyyətdə, boyanıb ütülənmiş şalvarın isə boyaqdan əvvəl tamamilə rəngini itirmiş olduğunu bildirdi. Qeyd edim ki, həqiqətən də, baxdığımız paltarların üzərində işlər çox yüksək səviyyədə görülmüşdü. Zamin müəllim işin yaxşı nəticəsinə müəssisədə İtaliya, Almaniya və Türkiyə istehsalı olan yüksəkkeyfiyyətli aparatlar vasitəsilə nail olunduğunu bildirdi.
Burada salınan yorğan-döşəklər, yuyulub, ütülənən pərdə, yataq örtükləri, dəstləri səliqə­-sahmanı ilə diqqətimizi cəlb etdiyindən müəssisə rəhbərinə “Bəs bu işlər hansı qiymətlərə həyata keçirilir?” sualı ilə müraciət etdik. Öyrəndik ki, xalçanın 1 kvadratmetri 2, pərdənin 1 metri 1,5-2 manata yuyulur, kostyumun kimyəvi təmizlənməsi 12 manata edilir, boyaq işləri 4-18 manat arası dəyişir. Digər xidmətlərin isə görülən işə görə hər birinin öz qiyməti var. Bizsə onu deyə bilərik ki, bəzən evlərimizdə öhdəsindən gələ bilmədiyimiz, bacarmadığımız, gücümüz çatmayan işlər burada münasib qiymətlərə, həm də keyfiyyətlə həyata keçirilir.

 Mətanət MƏMMƏDOVA