Naxçıvan şəhərinin hüsnünə yaraşıq verən, şux təravəti ilə gözümüzü, könlümüzü oxşayan, tamaşa edərkən gözəlliyinə məftun olduğumuz yaşıllıqlar barədədir söhbətimiz. Parklara, xiyabanlara, küçə və meydanlara çətir tutan bu əsrarəngiz təbiət ərməğanları ecazkar görünüşləri ilə şəhərimizin gözəlliyinə əlavə çalarlar qatır. Ən sıx yaşıllıqlara insanların istirahət etdiyi guşələrdə rast gəlmək olur. Günün istənilən saatında həmin məkanlara üz tutsan, sərin küləyin mehi ilə sanki qol-qanad açıb rəqs edən ağaclarla, onların kölgəsində sərinlik tapan, yaşıllıqlar qoynunda qurulan rahat oturacaqlarda əyləşib mənalı istirahət keçirən insanlarla, şən gülüşlü, məsum çöhrəli balacalarla qarşılaşarsan. 

İnsanların yaşıllıqlara yaxın olmaq istəyi heç də təsadüfdən yaranmır. Çünki psixoloqlar da məhz yaşıl rəngin insana sakitləşdirici təsir göstərdiyini, müsbət enerji bəxş etdiyini deyirlər. Bu mənada, yaşıllıqları həm də sağlam həyatımızın təminatçısı adlandırmaq olar.
Təbii ki, doğma şəhərimizin yaşıl­lıqlara qərq olması heç də asan başa gəlməyib. Bunun təməlində ekoloji tədbirlərə xüsusi diqqətin artırılması, mütəmadi olaraq iməciliklərdə əhalinin fəallıq göstərməsi dayanır. Naxçıvan şəhərinin yaşıllıqlar, təmizlik və abadlıq diyarına çevrilməsində müasir suvarma metodlarından istifadəyə üstünlük verilməsinin də mühüm əhəmiyyəti vardır. Belə ki, şəhərimizin yaşıllıqları damcı üsulu ilə suvarılır, parklarda landşaft dizaynına xüsusi diqqət yetirilir. Naxçıvan təbiətinə uyğun bitki və ağac növlərinin gətirilərək şəhərin yaşıllaşdırılmasında istifadə edilməsi sakinlər tərəfindən də rəğbətlə ­qarşılanır.

Təqdirəlayiq haldır ki, şəhərimizə gələn qonaqlar da dünyanın bir çox ölkələrində olduqlarını, yaşıllaşdırma işlərinin miqyası baxımından Naxçıvan şəhərinin ön sıralarda yer aldığını qeyd edirlər. Təbii ki, bu hər bir şəhər sakini tərəfindən fəxr olunası nailiyyətdir. Sevindirici haldır ki, şəhərətrafı ərazilər də bundan 20 il öncəki mənzərəsini dəyişib. Gövdəsinə balta çalınmış ağacların yerində cavan fidanlar boy atıb, bu ağacların əkildiyi ərazilər kiçik yaşıl­lıq zolaqlarına çevrilib. Əvvəllər istirahət guşəsi axtaran sakinlər və şəhərimizin qonaqları muxtar respublikanın ucqar məntəqələrinə üz tuturdularsa, indi bunun üçün onlara şəhərdən bir-iki kilometr aralanmaq kifayət edir. Bu, həm vaxta qənaət, həm də asudə vaxtın səmərəli ­keçirilməsi baxımından hər kəsin ürəyincədir.
Şəhərimizin yaşıllıqlara bürünməsində “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin fəaliyyəti danılmazdır. Bu günədək şəhərimizdə 837,5 hektar ərazidə yaşıl­lıqlar salınıb ki, bunun da 8 hektarı 2018-ci ilin ötən dövrünün payına düşür. Yeni yaşıllıq zonalarına aqro­texniki qulluq da diqqətdə saxlanılıb. Ümumiyyətlə, ilin bütün fəsillərində yaşıl libaslı zəhmətkeş bağbanları şəhərimizin gəzməli-görməli yerlərində görmək olar. Onlar mövsümə uyğun işlər aparır, fidanların əkilməsindən ağacların qurumuş hissələrinin budanmasınadək bütün aqro­texniki tədbirləri vaxtında və digər sahələrə zərər vermədən həyata keçirirlər. Bu işdə müasir texnikalardan da geniş istifadə olunur.
Yay fəslində isə bağbanların qayğıları bir az da çoxalır. Belə ki, ilin bu vaxtında yaşıllıqlar daha artıq qulluq tələb edir. İndi, demək olar ki, hər gün, bağbanları park və xiyabanlarımızda alın təri axıdaraq ağaclara qulluq edən, onları suvaran görürük. Yolların kənarlarındakı yaşıl­lıqların, gülkarlıqların, dekorativ ağacların şux qamətli dayanması da məhz həmin alın tərinin bəhrəsidir.
Görülən tədbirlər şəhər sakinləri tərəfindən də sevinclə qarşılanır. Ötən günlərdə Əcəmi seyrəngahında söhbətləşdiyim sağlamlıq imkanları məhdud, təqaüdçü Hüseyn Ağəli­yevin bu barədə fikirləri maraqlı oldu:
– Son günlər dünyanın bir çox ölkələrində yaşıllıq ərazilərin yanması, meşələrin məhv olması halları yaşanır. Əksəriyyət bu cür xoşagəlməz halların baş verməsini havaların isti keçməsi ilə əlaqələndirsə də, əslində, bu işdə istirahət edən insanların səhlənkarlığı və aidiyyəti təşkilatların soyuq münasibəti də əsas rol oynayır. Çox yaxşı haldır ki, Naxçıvanımız aidiyyəti qurumların səyi ilə belə problemlərdən uzaqdır. Ancaq etiraf edim ki, şəhərimizin istirahət məkanlarında olarkən bəzi sakinlərin yaşıllıqlara etinasız münasibətini görürəm. Ağacların dibinə siqaret kötüklərinin, məişət tullantılarının atılması, məktəblilərin ağac budaqlarından əyləncə vasitəsi kimi istifadə etmələri və digər bu kimi mənfi halları görən zaman ürəyim ağrıyır. Həmin insanları heç cür başa düşə bilmirəm. Adicə bir fakta nəzər salsaq, əslində, yaşıllıqların həyatımızda necə önəmli rolu olduğu aydınlaşar. Bu gün hər birimiz həyətimizdə ağac əkir, ona qulluq edirik ki, həm həyətimiz gözəl görünsün, həm də mövsüm vaxtı kölgəsində dincəlib, meyvəsindən dadaq. Və yaxud evimizin bəzəyinə çevrilən dibçək güllərini bəsləyirik ki, təmiz hava qəbul edək, canımız sağlam olsun. Unutmaq olmaz ki, qoynunda yaşadığımız doğma şəhərimiz də elə hamımızın birgə evidir.
Artıq yay fəslinin son ayını yaşayırıq. Yaşıllıqların ətrafda baş verənlərə həssas olduğu bu dövrdə onları qorumaq, düzgün qulluq göstərmək vacib məsələdir. Bu baxımdan biz sakinlərin də üzərinə vəzifə düşür. Gəlin şəhərimizin yaşıllıqlarını qoruyaq ki, gələcəyimiz sağlam təməllər üzərində dayansın.

 Nail ƏSGƏROV