Şahbuz şəhərindəki Heydər Əliyev prospekti ilə “28 May” küçəsinin kəsişdiyi yerdə bir neçə il bundan əvvəl gözəl bir park yaradılıb – Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı. Bu park şahbuzluların ən sevimli istirahət məkanıdır. Çünki yayın isti günlərində havanın ən yüksək temperaturunda burada insanı sərinlədən bir meh var. Bu mehi, təbii ki, Batabatın, ­Salvartının sərin küləyinin buradakı yaşı qərinələr qədər olan hündür ağacların yarpaqlarına daim bəxş etdiyi xəfif titrəyiş, bir də illər ötdükcə bir-birlərinə sarmaşıb dolaşan ağacların sıx ­kölgəlikləri yaradır. 

2010-cu ildə parkın mərkəzində uzunluğu 18, eni 6 metr olan, 3 fəvvarəli hovuz tikilib. Fidanlar, bəzək ağacları əkilən, gülkarlıqlar yaradılan, oturacaqlar qoyulan, işıqlandırma sistemi quraşdırılan və başdan-başa yenidənqurma işləri aparılan park şahbuzluların asudə vaxtlarını səmərəli keçirmələri, istirahətləri üçün gözəl bir məkana çevrilib. Parkda yaradılan bulaq-abidə kompleksindən Batabat yaylağından çəkilmiş saf və buz kimi suyun axması isə burada yaradılan bütün gözəlliklərə bərabər təqdir­olunası haldır. Yaradılan gözəlliklər burada rayon səviyyəli müxtəlif tədbirlərin keçirilməsinə də imkan verib. Neçə illərdir ki, baxmaqla baxmaq, oturduqca oturmaq istəyi yaradan parkda rayonun qocalı-cavanlı hər yaşdan olan sakinlərinin, eləcə də uşaqların saatlarla istirahətinə, əylənməsinə tamaşa etdikcə ölkəmizdə həyata keçirilən qurucu­luq işlərinin, ümumilikdə, bu dağ rayonuna verdiyi töhfələr insanın ürəyini açır.

Bu günlər Şahbuzda olarkən əvvəlki illərdə gündə dəfələrlə keçdiyim Mədəniyyət və İstirahət Parkına yolum yenidən düşdü. Qeyd edim ki, bu park qonaqlı-qaralı, gələni-gedəni çox olduğundan daim diqqətdə saxlanılır. Bütün bunlara baxmayaraq, Şahbuzda qış fəslinin sərt keçməsi parkdakı fəvvarənin hovuzundakı kafel, ətrafa düzülmüş dekorativ və travertin daşlarda, işıqlandırma sistemində və oturacaqlarda təmirə ehtiyac yaratmışdı. Bütün bunlar nəzərə alınaraq parkda əsaslı yenidənqurma işləri həyata keçirilib. Şahbuz Rayon Kommunal Müəssisələr Kombinatının kollektivi buradakı fəvvarə hovuzundakı su və kanalizasiya, işıqlandırma sistemini dəyişib, hovuza yeni kafel düzülüb. Parkın da işıqlandırma sistemindəki nasazlıqlar aradan qaldırılıb, hovuzun ətrafında və parkarası yollarda, pilləkənlərdə sıradan çıxmış dekorativ və travertin daşlar yenisi ilə əvəzlənib. Parkın oturacaqları, ərazisindəki yaşıllıq sahələrinin suvarılması üçün nəzərdə tutulan su keçidləri təmir olunub, boyanıb. Buradakı gözəlliklərə rəng qatmaq, göz­oxşayan mənzərə yaratmaq üçün müxtəlif yerlərə quş və heyvan fiqurları ­qoyulub.
İndi belə abad şəhəri gəzib, onun gözəlliyini seyr etmək, bu gözəllikdən zövq almaq, gülü-­çiçəyi ətrafa xoş rayihə yayan belə sərin parklarda oturmaq, istirahət etmək şahbuzlulara xüsusi zövq verir. Elə parkda həmsöhbət olduğum şəhər sakinlərindən bir neçəsinin fikirləri də mənim düşüncələrimlə üst-üstə düşdü.
Qadir Rəcəbov: – Bu park rayon yaranandan burada olub. Lakin illər öncə hansı görkəmdə idi, bunu şahbuzlular yaxşı xatırlayarlar. Üfunətdən keçilməz, qarmaqarışıq vəziyyətdə olan parkda bir dəqiqə ayaq saxlamaq mümkün deyildi, nəinki oturub istirahət etmək. Kimin hara gəldi atdığı məişət tullantıları ilə yanaşı, burada axıntı sularının yaratdığı çirkab yığıntıları da xəstəlik mənbəyi idi. Ağacların əksəriyyətinin kəsildiyi, yenilərinin isə əkilmədiyi park köhnə və miskin görkəmi, natəmizliyi ilə yaddaşlarda qalmışdı. Qısaca olaraq buranın ancaq adı park idi.
Muxtar respublikamızda ümummilli liderimiz Heydər­ Əliyevin quruculuq siyasətinin həyata keçirilməsi nəticəsində bu parkın da siması dəyişildi. Buyurun, baxın, 10 ildən artıqdır ki, gözəl, təmiz, yaşıl park rayon sakinlərinin istifadəsindədir. Bu park həm də ümummilli liderimizin adını daşıdığı üçün sevilir. Buranın abadlığı, təmizliyi daim nəzarətdə saxlanılır. Park ilin bütün fəsillərində, xüsusilə də gözəl yay axşamlarında şahbuzluların ən çox dincəlmək istədikləri yerdir. Onların hər biri muxtar respublikada, eləcə də belə ucqar rayonlarda görülən işlərdən razılıqla bəhs edirlər.
Şahbuz şəhər sakini, təqaüdçü Həsənxan Əhmədov isə fikirlərini belə ifadə edir: – Bu park biz ağ­saq­qalların istirahət və görüş yeridir. Dostlarımla burada saatlarla oturur, doymaq bilmirik. Buradakı gözəlliklər biz yaşlılara çox xoş gəlir, onların hesabına istini bir o qədər hiss etmirik. Evlərimizdə istidən nəfəs ala bilməyəndə bu parka üz tuturuq. Biz ağsaqqallara nə lazımdır? Sakit, rahat həyat. Şükürlər olsun ki, ölkəmizdə əmin-amanlıqdır. Təqaüdlərimiz hər il artırılır, vaxtında bizə çatdırılır. Bütün bunlara görə dövlətimizdən razıyıq, bu işləri həyata keçirənlərə isə minnətdarıq. Çünki bu yaradılanlar bu gün bizim, sabah isə uşaqlarımız və nəvə-­nəticələrimiz üçündür.
Həmişə qonaqlı-qaralı olan Şahbuza uzaq, yaxın ellərdən üz tutan insanlar bir vaxtlar burada, sadəcə, təbii gözəllikləri seyr edirdilərsə, indi həm də bu gözəlliklərin fonunda illərin quruculuq salnaməsində yer alan tikilənlərdən, qurulanlardan zövq alırlar. Elə Şahbuz şəhərinin mərkəzində ulu ­öndərimizin adını daşıyan parkdakı mənzərələr də gözləri daim gözəl­lik axtaran insanların ruhunu oxşayır, onlara könül xoşluğu bəxş edir.

 Mətanət MƏMMƏDOVA