Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.
Avqust ayı ərzində xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşkarlanmış əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1067 müraciət daxil olub. Bu müraciətlərdən 99-u əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır. Müraciətlərin hər biri ayrı- ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Avqust ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 968 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 396-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ­ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti