Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi avqust ayında fəaliyyətini komitənin iş planına uyğun qurmuş, bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmışdır. Aztəminatlı ailənin üzvü olan 80 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, onlardan 2-si bərbər-manikürçü, 1-i dərzi peşə kurslarına cəlb edilmiş, 3 qadının işlə təmin olunması üçün müvafiq məlumatlar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə bağlı avqust ayında sağlamlıq imkanları məhdud 100 uşağın valideyni ilə maarifləndirici söhbət aparılmış, müvafiq kateqoriyadan olan uşaqlar haqqında məlumat bazası yaradılmış, 13 uşaq ümumtəhsil məktəblərinin birinci, 4-ü isə hazırlıq siniflərinə yönləndirilmişdir. Bu dövrdə aztəminatlı ailələrdən olan 45 uşağın Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuşdur.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq yaradılmış elektron məlumat bankına 488 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti