27 Fevral 2020, Cümə axşamı

Ölkəmizdə Azərbaycan Vətən müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin  1994-cü il avqust ayının 26-da imzaladığı  “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərmanı bunun ifadəsi olmaqla müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə stimul verib. 

Ulu öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biri həmin kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilməsidir. Bunun ifadəsidir ki, ötən dövr ərzində yüzlərlə Azərbaycan Vətən müharibəsi, Çernobıl əlilləri və şəhid ailəsi mənzillə təmin edilib.
O da qeyd olunmalıdır ki, ölkə­mizdə fiziki imkanları məhdud insanların müalicə və reabilitasiyasına diqqət göstərməklə yanaşı, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülür. Müharibə əlilləri və şəhid ailələrinin övladlarının­­ təhsil haqları dövlət hesabına ödənilir.

Bu gün Naxçıvan Muxtar Respublikasında da məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil almaları, məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Müvafiq kateqoriyadan olan 460 sağlamlıq imkanları məhdud şəxs minik avtomobili, 173 ailə isə yaşayış evləri ilə təmin edilib. Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə hər ay muxtar respublikada 5473 əlilə sosial müavinət, 223 şəhid ailəsinə, 1673 müharibə əlilinə və birinci qrup ümumi səbəbdən əlillərə təqaüdlər ödənilir.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə Naxçıvan Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərə tibbi xidmət göstərilir, onlara sanatoriya və pansionatlara göndəriş verilir. Bu kateqoriyadan olan insanlar texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilir, belə şəxslərə protez-ortopedik xidmət göstərilir.
Görülən tədbirlərin davamı kimi ötən ilin sonlarında Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunub, 1 Çernobıl əlilinə isə “NAZ-­Lifan 320” markalı minik avtomobili verilib. Bu da mənzil və avtomobillə təmin olunmuş həmin ailələr üçün 2018-ci ilin ən əlamətdar və yaddaqalan hadisəsi olub. 2 və 3 otaqlı tam təmirli mənzillər rayonun İbadulla, Yengicə, Dəmirçi kəndlərində və Şərur şəhərində yerləşir. 4 mənzilin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə edilib.
Bu bayram günlərində biz də yeni evlərində qonaq olub onlarla söhbətləşdik. İlk üz tutduğumuz evin sahibi Əziz İbrahimov və həyat yoldaşı Bahar xanımın sevincinin həddi-hüdudu yoxdur. 23 ildir ki, kirayədə yaşayan bu ailənin illərlə həsrətini çəkdiyi mənzil onlara hədiyyə olunub. 66 yaşlı Əziz dayı ailəsinə göstərilən bu qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirir və deyir:
– Şərur şəhərinin mərkəzində yerləşən rahat, hər cür şəraiti olan üç­otaqlı bu gözəl mənzilin bizə hədiyyə edilməsi hədsiz sevincimizə səbəb olmaqla, sabaha inamımızı daha da artırıb. Bu mənzil bizim üçün əsl bayram hədiyyəsi oldu. Bir daha gördük ki, dövlətimizin sükanı etibarlı əllərdədir. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Atılan hər bir addım, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına, Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini sübut edir. Görülən işlər həmin kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların həyat şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasına xidmət edir.
“Prezidentimiz öz fəaliyyəti ilə həmişə sübut edib ki, O, hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçımız bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görür. Yaxın günlərdə rayonumuzda veteranlar evinin inşa olunacağı xəbəri isə məni daha çox sevindirdi”, – deyən müsahibim onu da qeyd edir ki, bu gün muxtar respublikada cəmiyyətin hər bir üzvü qayğı ilə əhatə olunub. İstər yaşlı, istər gənc bu qayğıdan yetərincə ­bəhrələnir.
“Hər an cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrlərini yerinə yetirməyə, onun tapşırığı ilə Vətənimizin bütövlüyü və torpaqlarımızın azad olunması üçün sipər olmağa ­hazırıq”. Bu sözlər isə sağlamlığını Ağdam və Sədərək uğrunda gedən döyüşlərdə itirən birinci qrup əlil, İbadulla kəndinin 46 yaşlı sakini Sənan Rəhimova aiddir:
– İkinci Dünya və Azərbaycan Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Çox sevindirici haldır ki, mütəmadi olaraq şəhid ailələri, müharibə əlil və veteranlarının, 20 Yanvar və Çernobıl əlillərinin müavinətləri artırılır, mənzil-­məişət şəraitləri yaxşılaşdırılır, pulsuz müalicə və müayinələrin təşkili həyata keçirilir. Mən də bu qayğıdan bəhrələnirəm. İldə bir neçə dəfə pulsuz müayinədən keçirəm. Bizim üçün yaradılmış belə şəraitə görə dövlətimizə dərin minnətdarlığımızı bildiririk.
Yengicə kənd sakini Şahin Abdullayevin də mənzilinə baş çəkdik.
– Yeni ili yeni mənzildə qeyd etməyimiz ailəmizin hədsiz sevincinə səbəb oldu, – deyən ev sahibi verilən mənzil və həyətyanı sahə ilə bizi tanış etdi. Üç övlad atası olan Şahin onlara yaradılan şəraitdən ağızdolusu danışır və deyir ki, bütün bunlar mənim kimi Vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı sağlamlığını itirənlərin böyük sevincinə səbəb olur.
Ev sahibəsi Lalə xanımın və övladlarının da sevinci sonsuz idi. O da, öz növbəsində, ailəsinə göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnət­darlığını bildirdi.
Ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda həyata keçirilən sosial siyasət hər kəs tərəfindən insan amilinə yüksək qayğı kimi dəyərləndirilir. Bu isə gənc nəsli Vətənin müdafiəsində daim səfərbər olmağa ruhlandırır. Aparılan dövlət siyasəti, eyni zamanda hər bir vətəndaşa müharibə veteranlarına dərin ehtiram bəsləməyi, qayğı göstərməyi, onlardan vətənpərvərlik ruhunu əxz etməyi aşılayır.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR