23 Fevral 2020, Bazar

Naxçıvanımızın mehriban, gülərüz, qonaqpərvər, xoşxasiyyət insanlarından, xüsusilə yaşlı sakinlərindən şəhərdə yerləşən hər hansı bir ünvanı soruşduqda onların çoxu, heç şübhəsiz, sizə həmin ünvanı yerləşdiyi küçənin adı ilə deməyəcək. Çünki burada ta qədimdən böyük məhəllələr olub və yerli sakinlər ünvanları daha çox həmin məhəllə adları ilə tanıyıblar. Elə indinin özündə də şəhər sakinləri və yaxud sürücülər getmək istədiyiniz ünvanı filan məhəllədəki hər hansı bir obyektlə əlaqələndirəcək. Yəni keçmişdə olduğu kimi, müasir dövrümüzdə də Naxçıvanda məhəllə adları küçə adları ilə müqayisədə daha populyardır. Əslində, bunun da maraqlı səbəbləri var. Hansı ki bu özünəməxsusluq Şərq həyat tərzinə, mühitinə daha uyğundur. Məsələn, küçə, prospekt, xiyaban kimi ünvan bildirən ərazilər kütləvi yaşayış yerləri olan şəhərlərdə sonralar yaranıb və bu da şəhər ərazilərinin genişlənməsi, sakinlərin sayının artması zərurətindən ortaya çıxıb. 

Məhəllələrin tarixi isə daha qədimdir. Eyni zamanda burada maraqlı məqamlardan biri də odur ki, Şərq həyat tərzinə uyğun olaraq bir məhəllədə yaşayan insanlar bir-birlərini daha yaxından tanıyıb, ictimai və məişət işlərində birgə fəallıq göstəriblər. Lakin bunu Qərb həyat tərzinə uyğun şəhərdəki bir prospektdə yaşayan sakinlər haqqında demək mümkün deyil. Bu mənada, Naxçıvandakı məhəllələr təkcə kütləvi yaşayış yerləri kimi yox, həm də məişətimizi milli mədəniyyətin bir nümunəsi kimi təqdim edən ərazilər olub. Hər məhəllənin öz məscidi, hamamı, bulağı, meydanı və sair bu mədəniyyətin daha çox mental xüsusiyyətlər üzərində formalaşmasını təmin edib. Elə buna görədir ki, Naxçıvandakı məhəllələr xalqın həyat tərzində mühüm rol oynayıb. Belə məhəllə adlarının sonralar küçə adlarına “məğlub olmaması”nın səbəbi, bəlkə də, bu mentallığın görünməyən tərəflərindəndir. Buna görədir ki, illər keçsə də, şəhər sakinlərinin dilində Zaviyə, Şahab, Pirqəmiş, Sarvanlar, Əlixan, Gomayıl, Xoşulu, Atabəylər, Qurdlar, Qala məhəllələri kimi adlar yenə yaşayır.

“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvan şəhərinin məhəllələri barədə yazılır ki, 11 məhəlləsi – Qaziyi-cahan (digər adı Xacə Mirixan), Seyid Hüseyn, Molla Əhməd, Mirzəbəy, Şahab, Günbəz (digər adı Nuri-Kamanlar), Bala, Hacıbəy, Xuzəmərək, Tizxiran, Qala, Məhəlleyi-gebran olan Naxçıvan şəhəri XVIII əsrin 20-ci illərində iki məhəlləli – Aşağı və Yuxarı məhəllələrdən ibarət şəhər olmuşdur”. Bəzi kameral siyahılarda Naxçıvan şəhərinin qədimdən 4 məhəllədən – Sarvanlar, Şahab, Əlixan və Qurdlar məhəllələrindən ibarət olduğu bildirilir. Sonralar, yəni artıq 1831-ci ildə bu 4 məhəllə ilə birlikdə 13 məhəllənin – Oruc, Köhnəqala, Xoşulu, Çaparxanlı, Ziyilarxlı, Billici, Xoylu, Qalalı və Təzəkənd məhəllələrinin yarandığı qeyd olunur. Bu məhəllələrin əksəriyyətinin yaranma tarixi haqqında araşdırmalar aparılmasa da, belə məhəllələr yenə də xalqın yaddaşında yaşayır, dilində səslənir.
Haqqında söhbət açacağımız qədim Əlixan məhəlləsi də məhz Naxçıvanın belə tanınmış məhəllələrindən olub. Məhəllənin dünəni, bu günü haqqında ən dolğun məlumatı isə, təbii ki, elə məhəllənin öz sakinləri verə bilər. Elə Əlixan məhəlləsi haqqında həmsöhbət olduğumuz müsahiblərimiz də burada doğulub boya-başa çatmış 81 yaşlı Əbülfəz Orucov və 70 yaşlı Fərhad Bağırov oldu. Ancaq onlarla söhbətə keçid almazdan əvvəl bildirək ki, Əlixan məhəlləsi İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin ərazisindən başlayaraq Əziz Əliyev küçəsində yerləşən və “Qonaq evi” kimi tanınan ərazilər də daxil olmaqla, 3 nömrəli tam orta məktəbin qarşısından keçən avtomobil yolunadək sahəni əhatə edirdi. Deyilənlərə görə, məhəllənin adı Azərbaycanın zadəgan sülalələrindən biri olan Əlixan sülaləsinin adı ilə bağlıdır. Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Hüseyn Cavid də məhz bu məhəllədə doğulub və yaşayıb. Ədibin Naxçıvan şəhərindəki ev-muzeyi də hazırda bu məhəllədə yerləşir. Mərhum dilçi-alim, filologiya elmləri doktoru Adil Bağırov yazırdı ki, Əlixan məhəlləsinin adının yaranma tarixi, təxminən, XVII əsrin əvvəllərinə təsadüf edir. Məhəllə kəngərlilərə məxsus ailələrin burada yaşaması nəticəsində formalaşıb və yarandığı gündən şəhərdaxili idarəetmənin tərkib hissəsinə çevrilib, inzibati statusa malik olub. Bir zamanlar burada müxtəlif sənətkarlıq dükanları, boyaqçılıq, xırdavat satışı ilə məşğul olan bir çox sənətkar və satıcıların toplaşdığı ərazilərdən olub. Məhəllə tayfa başçısı Əlixan tərəfindən idarə edilib. Ağsaqqal məhəllənin bütün işlərini şəhərin ümumi işləri ilə tənzimləyib, buradakı məscid və meydanda bir çox tədbirlər keçirib. Bu tədbirlər, əsasən, məhəlləni səliqəli saxlamaq, Bazarçaydan keçən arxları təmizləmək, ağacları budamaq, xeyir və şər işlərində sakinlərin birgə iştirakını təmin etmək və sairdən ibarət idi.
Məhəllə sakini Əbülfəz Orucovun dediklərindən:
– Hələ mən uşaqkən ata-babamdan bu məhəllənin adının burada yaşamış xeyriyyəçi Kərbəlayı Əlixan Kəngərlinin adı ilə bağlı olduğunu eşitmişəm. Deyilənlərə görə, Kərbəlayı Əlixan Kəngərlinin (1888-1935) ikimərtəbəli iqamətgahı indiki Hüseyn Cavid məqbərəsi ilə üz-üzə olub. 1918-1920-ci illərdə erməni Andranikə qarşı şəhər (məhəllə) könüllülərini silahlandırdığı üçün güllələnib. Mərhumu Hacı Məhəmmədtağı Sidqinin (1854-1903) Naxçıvan qəbiristanlığındakı məzarı yaxınlığında dəfn ediblər. Ancaq sonralar bu məzar yeri də uçurulub, dağıdılıb.
Əbülfəz dayı deyir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin arxasında vaxtilə köhnə məktəb binası olub. Eyni zamanda burada həm də bir məscid binası varmış. Deyilənlərə görə, hər ikisi elə həmin xeyriyyəçi tərəfindən tikilib. 1970-ci ildə məhəllə ərazisində söküntü işləri aparılarkən Əlixan məhəllə məscidi uçurulur və yerində güləş idman məktəbi üçün bina tikilir. Hazırda yenidən qurulmuş bu binada yenə də güləşçi idmançılar yetişdirilir.
Əlixan məhəllə məscidi ilə bağlı rast gəldiyimiz mənbədə qeyd olunur ki, əvvəllər bu məhəllədə fəaliyyət göstərmiş məscid binasının son illərə kimi xaraba divarı qalırmış. Bu divarda iki mehrab yeri varmış. Bina çiy kərpicdən tikilmişdi. Deyilənlərə görə, məsciddə eyni vaxtda 60 nəfər namaz qıla bilirmiş.
Əbülfəz kişi deyir ki, buradakı məscidin minarəsi olmadığından müəzzin taxta nərdivanla dama qalxıb əzan verərdi. İkinci Dünya müharibəsi ərəfəsində və ötən əsrin 50-ci illərinədək məsciddə məhəllənin dindarları namaz qılıb, mərasimlər (təziyələr) keçirərdilər. Məscidin axundu Hacı Talıb olub.
Adını yuxarıda çəkdiyimiz məhəllə sakini Fərhad Bağırov deyir ki, əvvəllər bu məhəllədən Bazar çayı keçərdi. Bu çay mənbəyini Naxçıvan çayından götürürdü və məhəllə içərisindən axaraq indiki Qızlar bulağı dediyimiz yerdən keçərək Edilağa gölünə tökülürdü. Məhəllədə bir neçə yerdə kəhrizlər var idi. Əvvəllər bura bolsulu yer olub. Məhəllə sakinlərindən heyvan saxlayanlar da var idi, əkinçiliklə məşğul olanlar da. Suyu bol olduğuna, həm də çay məhəllədən keçdiyinə görə burada çox sayda tut, cəviz, çinar, qələmə və digər ağaclar var idi.
Əbülfəz dayı ötən günləri yadına salaraq bildirir ki, o zamanlar tanınmış, nisbətən böyük məhəllələrin özünün un dəyirmanı olardı. Bizim məhəllənin dəyirmanı da indiki Qonaq evinin yerində yerləşirdi. İkinci Dünya müharibəsi dövründə vəziyyət çox ağır idi. Məhəllədəki əli silah tutanların çoxu müharibəyə getmişdi. Yadımdadır, həmin çətin illərdə bu dəyirmana taxıl üyütməyə gəlirdilər. Uşaq olsam da, mən də bir neçə dəfə böyüklərlə birgə taxıl üyütmək üçün həmin dəyirmanda olmuşdum. Dəyirmandan bir az aşağıda isə – biz ora “Günbəz” deyirdik, bir pir var idi. Məhəllə adamlarının çoxu tez-tez bu piri ziyarət edərdi. Elə indinin özündə də ora gedənlər var. Yəni məhəlləmiz, belə deyək ki, balaca bir şəhər idi. Məscid, məktəb, dəyirman, dükan – ehtiyacımızı ödəyəcək hər şey vardı.
Müsahiblərimizdən o dövrün məhəllələrinin xüsusiyyətlərindən danışmağı xahiş edirəm. Ağsaqqal Əbülfəz dayı deyir ki, keçmişdə məhəllədə hamı bir-birini yaxından tanıyardı. Hər kəs bir-birinin xeyrində-şərində yaxından iştirak edər, birinin bir problemi olduqda, hər kəs canla-başla öz köməyini əsirgəməzdi. Ancaq bütün işlərdə məhəllənin bir sözükeçən ağsaqqalı, nüfuzlu başbiləni olardı. Həmin şəxs məhəllə sakinləri arasında kiminsə bir-biri ilə problemi olanda onu da yoluna qoyardı. Yəni ağsaqqal sözünə hər zaman böyük önəm verilərdi. Bu haqda çox şey danışmaq olar. Bir sözlə, məhəllə hər birimizin evi sayılırdı.
Əlixan məhəlləsinin qocaman sakinləri ilə söhbətimiz bir xeyli çəkir. Məhəllənin toy adət-ənənələrindən tutmuş təmizlik işlərinədək, sovet dövrü gənclərinin məhəlləarası davalarından tutmuş Əlixan məhəlləsinin yetirmələrinədək çox şeydən danışırıq. Günortaya yaxın müsahiblərimdən ayrılıb elə məhəllə yollarını piyada gəzə-gəzə redaksiyaya qayıdıram. Yadıma bu məhəllənin yetirməsi, şairə­-dramaturq Kəmalə Ağayevanın böyük sevgi ilə qələmə aldığı “Əlixan məhəlləsi” adlı kitabından bu misralar düşür:

Ömrümün rayihəsi,
Şeirimin qafiyəsi
Ey könül nişanəsi,
Əlixan məhəlləsi...

 Gülcamal TAHİROVA

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR