23 Fevral 2020, Bazar

(Dəyirmi masa)

Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Gələcəyimiz olan uşaqların sağlamlığı isə dövlətimizin sosial siyasətinin əsas istiqamətini təşkil edir. Ulu öndər uşaqların sağlamlığının vacibliyinə diqqət yetirərək deyirdi: “Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr 21-ci əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də uşaqların sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Proqramın həyata keçirilməsindən gözlənilən nəticələr, ümumilikdə, cəmiyyətimizə sağlam nəslin bəxş olunmasını, uşaqların sağlam həyat tərzini, uşaq ölümünün tamamilə azaldılmasını vəd edir.
“Şərq qapısı” qəzetinin redaksiyasında təşkil edilən dəyirmi masanın da əsas məqsədi dövlət pro­qramının qəbul olunmasından ötən dövr ərzində uşaqların sağlamlığı ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparmaq idi.

Dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Zərnigar Orucəliyeva, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müavini İlkay Əliyeva, Doğum Mərkəzinin Yenidoğulmuşlar şöbəsinin şöbə müdiri Hafizə Rzayeva, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllim-psixoloqu Minurə Əliyeva iştirak ediblər.
– “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq ifadəsidir. Həmin dövlət sənədi hər birimizin evində böyüyən və gələcək cəmiyyətimizin aparıcı qüvvələrinə çevriləcək uşaqlara, həm də onların valideynlərinə böyük töhfədir.
İlkay Əliyeva:
– Muxtar respublikamızda uşaqların sağlamlığının qorunması sahəsində həmişə mühüm işlər görülmüş və görülməkdədir. Adı­çəkilən dövlət proqramı isə böyüməkdə olan nəsillərə göstərilən dövlət qayğısının əyani ifadəsidir. Dövlət sənədinin məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onlar arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azalmasından ibarətdir. Elə uşaq ölümü hallarının sayının minimuma endirilməsi üçün əsaslı işlər həyata keçirilir. Həmçinin burada səhiyyə işçiləri qarşısında da mühüm vəzifələr qoyulmuşdur ki, hər kəs bu vəzifələrin öhdəsindən gəlməyə çalışır.
Hafizə Rzayeva:
– İcbari dispanserizasiya günümüzün vacib şərtlərindəndir. Dünya ölkələrinin əksəriyyətində bu, illərdən bəri həyata keçirilir. Artıq dövlət proqramının icrası ilə əlaqədar Doğum Mərkəzində də hamilə qadınların reyestri hazırlanır. Hamiləlik qeydiyyata alınan gündən kompüterə işlənilir, onlar haqqında bütün məlumatlar, eləcə də uşağın dünyaya gəlməsi sağlamlıq vəziyyəti qeyd olunur. Burada məqsəd məlumatların uşaq xəstəxanasına ötürülməsidir ki, sonrakı mərhələdə uşağın müşahidədə saxlanmasında həmin məlumatlardan istifadə olunsun. Bu, dispanserizasiyanın başlanğıcıdır. Həkimlər sonrakı mərhələdə uşaqda hər hansı bir ağır xəstəliklə qarşılaşanda həmin məlumatlar əsasında xəstəliyin ilkin başlanğıcı haqqında informasiya əldə edə biləcəklər. Bu da müalicənin vaxtında aparılması və effektivliyi ilə nəticələnəcək.
Minurə Əliyeva:
– Muxtar respublikamızda məhdud fiziki imkanlı uşaqların reabilitasiyası, təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının mənalı təşkili daim diqqət mərkəzindədir. Uşaqların dispanserizasiyası ilə bağlı dövlət proqramı fiziki məhdudiyyətlərə səbəb olan xəstəliklərin erkən aşkar olunmasında böyük əhəmiyyət kəsb edən sənəddir.
– Dövlət proqramından gözlənilən nəticələrdən biri uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Dövlət sənədinin qəbulundan ötən dövr ərzində bu sahədə nə kimi işlər görülüb?
İlkay Əliyeva:
– Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının iş planına əsasən ildə iki dəfə – yaz və payız mövsümlərində şagirdlər və məktəbəqədər müəssisələrdəki uşaqlar arasında tibbi müayinələr aparılır. Bu müayinələr uşaqların dispanserizasiya işini düzgün qurmaqda bizə kömək edir. Müayinələri Mərkəzi Uşaq Xəstəxanası tərəfindən təşkil olunmuş həkim briqadası aparır. Briqada pediatr, lor, cərrah, stomatoloq, oftalmoloq, endokrinoloq, nevropatoloq və digər ixtisaslı həkimlərdən təşkil olunur. Müayinələrdən sonra patologiyalı uşaqlar xəstəxanamıza dəvət olunur, burada daha dəqiq və hərtərəfli, dərin müayinə edilirlər. Nəticədə, uşaqların ilkin dispanserizasiyası aparılır və həmin uşaqlar xəstəliyin xarakterinə görə qruplaşdırılır. Daha sonra xəstəliyinə uyğun olaraq bu uşaqlar mütəmadi nəzarətdə saxlanılır və təkrar müayinələr üçün xəstəxanamıza dəvət olunurlar.
Briqadamız, həmçinin rayon mərkəzlərində və kəndlərdə yerli tibb heyətilə birgə uşaqlar arasında müayinələr aparır. Oradakı müasir şərait bizə müayinələri hərtərəfli aparmağa kömək edir. Ehtiyac yarandıqda ağır patologiyalı uşaqlar uşaq xəstəxanasına dəvət olunur, burada daha dəqiq müayinə və müalicə olunurlar. Onu da qeyd etmək istəyirəm ki, muxtar respublikamızda keçirilən humanitar aksiyalardan uşaqlar da yararlanırlar. Tək bu ay ərzində təşkil olunan üç belə aksiyada tibbi müayinədən keçənlərin əksəriyyəti uşaq əhalisi olub.
– Bu gün muxtar respublikada yaradılmış müasir səhiyyə infra­strukturu heç də dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Bunu diyarımıza gələn qonaqlar da vurğulayırlar. Xüsusilə də rayonlarımızda, ucqar dağ kəndlərimizdə tibb müəssisələrinin maddi-texniki bazalarının yaxşılaşdırılması, müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi tibb işçilərinin qarşısında əhalinin, eləcə də uşaqların sağlamlığı ilə bağlı ciddi vəzifələr qoyur.
Hafizə Rzayeva:
– Həqiqətən də, qeyd etdiyiniz kimidir. Dəfələrlə paytaxtımızdan və xaricdən gələn həkim qonaqlarımız burada səhiyyə sahəsinə göstərilən qayğıya, müasir tibbi avadanlıqlara heyran qalıblar. Bütün bunların qarşısında hər bir tibb işçisinin vəzifəsi yalnız yaxşı işləmək, insanların sağlamlığına töhfə verməkdir.
İlkay Əliyeva:
– Biz rayonlarda, ucqar kənd­lərdə həkim briqadaları ilə tez-tez oluruq. Bütün rayonlarda, kəndlərdə xəstəxanalar, ambulatoriyalar, feldşer-mama məntəqələri ən müasir cihaz və avadanlıqlarla təchiz olunub. 70 il sovet dövründə mərkəzi şəhərlərimizdə olmayan tibb ocaqlarını indi ən ucqar kəndlərimizdə görmək mümkündür. Bu isə əhaliyə, o cümlədən uşaqlara tibbi xidmətin ən müasir tələblər səviyyəsində qurulmasına imkan verir.
– Sağlam ana sağlam uşaq, sağlam gələcək deməkdir. İlkin mərhələdə ananın dünyaya sağlam uşaq gətirməsi, onu süni yeməklərlə yox, ana südü ilə qidalandırması, peyvəndlərin vaxtlı-vaxtında aparılması, körpəyə düzgün yanaşma onların sağlamlıq imkanlarının məhdudluğunu və ölüm hallarını azaltmış olar.
Hafizə Rzayeva:
– Təbii ki, ilk növbədə, diqqət yetirilməli məsələ budur ki, ana sağlam uşaq dünyaya gətirsin, o zaman uşağın vaxtlı-vaxtında müayinələrinə ehtiyac olacaq, müalicəsinə yox. Ana südü nədir? Ana südü genetik daşıyıcıdır. Sənin sağlamlığını, xarakterini, xüsusiyyətlərini uşağa ötürən yeganə vasitədir. Uşağın immun sistemini formalaşdıran, onu əksər xəstəliklərdən qoruyan, sağlam gələcək bəxş edən vasitədir. Eləcə də peyvənd. Peyvənd gələcəkdə yarana biləcək bir çox xəstəliklərin xoşagəlməz nəticələrinin qarşısını alır. Bunlar barədə xəstəxanamıza gələn hər bir ana ilə fərdi şəkildə söhbətlərimiz olur.
– Bu məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin muxtar respublikamızın bütün rayon və kənd­lərində keçirdiyi tədbirlər haqqında məlumatımız var.
Zərnigar Orucəliyeva:
– Bəli, komitə tərəfindən tək ötən il muxtar respublikanın 6 kənd mərkəzində 500-dək qadının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Bu tədbirlərdə sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən, tibbi müayinələrdən keçməsi, qohum və erkən nikahların fəsadları, bu nikahlardan sağlamlığı məhdud uşaqların dünyaya gəlməsi haqqında iştirakçılara ətraflı, həm də slayd vasitəsilə məlumatlar verilib. 10 adda 1230 maarifləndirici broşürlər keçirilən tədbirlərdə iştirakçılara paylanıb.
Hafizə Rzayeva:
– Sağlam uşağın dünyaya gəlməsində ananın hamiləlik dövründə necə qidalanması, geyinməsi, neçə saat istirahət etməsi, təmiz havada olması, ümumilikdə, gündəlik yaşayış tərzini necə qurması vacib şərtlərdən biridir. Təcrübə göstərir ki, kompüter qarşısında çox əyləşən, smartfon telefonlardan saatlarla istifadə edən, dar paltarlar geyinən anaların uşaqları ana bətnində travma alırlar ki, bu da onların sonrakı həyatında fiziki-psixoloji problemlərlə nəticələnir. Ona görə də ana olmağa hazırlaşan hər bir qadın yuxarıda qeyd olunanları nəzərə almalı, sağlam həyat tərzi keçirməlidir.
Minurə Əliyeva:
– Elə uşaqların sağlamlıq imkanlarının məhdudlaşmasına da bəzi anaların məsuliyyətsizlikləri səbəb olur. Məsələn, autizm, nitq qüsurlu uşaqlarda bu çatışmazlıqların başlıca səbəbləri saatlarla tele­vizora baxmaq, telefonla təmasda olmaqdır. Uşağa vaxt ayırmaq, onunla söhbətləşmək lazımdır ki, nitqi inkişaf eləsin. Təəssüf ki, əksər analar bunu etmir. Uşaq saatlarla televizorda yaşına uyğun olmayan cizgi filmlərinə baxır, aqressivləşir. Ya da saatlarla özünə qapılıb masanın altında gizlənir. Biganəlik uşağın cəmiyyətə inteqrasiya oluna bilməməsi ilə nəticələnir.
Hafizə Rzayeva:
– Dövlətin qayğısı göz önündədir. O, vətəndaşını düşünür, uşaqların gələcəyini fikirləşir. Axı valideyn, xüsusilə uşaqla daha çox bir yerdə olan ana öz övladının sağlamlığını hər kəsdən əvvəl fikirləşməlidir. Ona vaxt ayırmalı, təmasda olmalıdır.
İlkay Əliyeva:
– Valideyn, sahə həkimi, ixtisas həkimi üçlüyü uşaqların dispanserizasiyasında uğurla nəticələnə bilər. Uşağın vəziyyətinə ilk nəzarətçi ana olmalı, bu barədə sahə həkiminə məlumat verməlidir. Sahə həkimi isə ixtisas həkimləri ilə birgə fəaliyyət göstərərək dispanserizasiya işini düzgün təşkil edə bilərlər.
– Dövlət proqramının 2.2.5 bəndində qeyd olunur ki, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə maarifləndirmə işi gücləndirilməlidir.
İlkay Əliyeva:
– Rayon, şəhər və kəndlərimizin hər birində uşaqların dispanserizasiyası səhiyyə maarifi işi ilə paralel aparılır.
Hafizə Rzayeva:
– Elə yuxarıda sadalanan fikirlərin hər birini rayon və kəndlərə həkim briqadaları tərkibində gedərkən dəfələrlə valideynlərə çatdırırıq. Maarifləndirmə işi hər bir həkimin müayinəsi və müalicəsi ilə yarıdır. Bu, bizim vəzifə borcumuzdur.
– Maraqlı fikirlərinizə və gərəkli təkliflərinizə görə hər birinizə minnətdaram. Söhbətimizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəyərli fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.

Hazırladı: Mətanət MƏMMƏDOVA

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR