Bir qrup gəncin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə birgə “Diqqət, piyada!” devizi altında növbəti aksiya keçirib.

Aksiya başlanmazdan əvvəl Naxçıvan şəhərindəki Gənclər Mərkəzində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı Fərid Seyidov dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın muxtar respublikamızda yüksək uğurlara yol açdığını, insanların həyat şəraitinin xeyli yaxşılaşdığını, rifah halının yüksəldiyini vurğulayıb.
Qeyd olunub ki, muxtar respublikamızda fərdi avtomobillərin sayının gündən-günə artması avtomobil yollarında hərəkətin təhlükəsizliyinə ciddi əməl olunmasını daha da zəruri edib. Bu prosesdə avtomobil sürücüləri ilə yanaşı, piyadaların da üzərinə mühüm vəzifələr düşür.
Diqqətə çatdırılıb ki, aidiyyəti qurumlar tərəfindən yollarda müxtəlif nişanlar qoyulub, piyada keçidləri müəyyənləşdirilib. Yol hərəkəti qaydalarına əməl etmək üçün, ilk növbədə, bu qaydaları bilməyin vacibliyi nəzərə alınaraq belə tədbirlərin keçirilməsi diqqətdə saxlanılır. Unutmaq olmaz ki, muxtar respublikada yol hərəkəti mədəniy­yətinə əməl olunmasında yaxından iştirak etmək hər kəsin vətəndaşlıq borcudur.
Tədbirdə yolun hərəkət hissəsinin yalnız piyada keçidi vasitəsilə keçilməsi, piyadaların məsuliyyəti, sürücülərin üzərinə düşən vəzifələr və digər məsələlər barədə ətraflı söhbət açılıb, gənclərin piyadalar arasında keçirilən maarifləndirmə tədbirlərində fəallıq göstərmələrinin əhəmiyyəti vurğulanıb.
Sonra gənclər şəhərimizin bir sıra prospekt və küçələrində yol hərəkəti qaydalarına əməl olunmasını izləyiblər. Müşahidə zamanı bu qaydalara əməl edən piyadalara minnətdarlıq bildirilib, qaydaları pozanlarla söhbətlər aparılıb, onlara Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış “Yol hərəkəti təhlükəsizliyinə dair piyadalar üçün buklet”lər təqdim olunub.

Tural AĞAYEV