25 May 2020, Bazar ertəsi

Martın 28-də Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan Musiqi Kollecində “Testene ART Baku” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinin qalibləri ilə görüşüb.

Nazir tədbirdə çıxış edərək bildirib ki, ali musiqi məktəbləri üçün əsas baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazır­lanmasında rolu böyükdür.
Musiqi Kollecinin qazandığı uğurdan bəhs edən Natəvan Qədimova diqqətə çatdırıb ki, Novruz bayramı ərəfəsində Naxçıvan Musiqi Kollecinin tələbələrinin uğuru hamımızı sevindirdi. Kollec mart ayının 13-dən 17-dək Bakı şəhərində keçirilən “Testene ART Baku” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak edib və öz uğurlu çıxışları ilə seçilərək festival-müsabiqənin qalibi olublar. Qeyd etmək lazımdır ki, bir sıra nominasiyalar üzrə təşkil edilmiş festival-müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycanla yanaşı, Rusiya, Litva, İsrail və İtaliyadan olan nüfuzlu və tanınmış sənət adamları da yer almışdı.
Bildirilib ki, müxtəlif ölkələrdən 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə Naxçıvan Musiqi Kollecindən 10 nəfər – 9 tələbə və 1 müəllim olmaqla, instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak ediblər. Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Nəcəf Hacılı müsabiqənin Qran-pri mükafatına layiq görülüb. Qanun ixtisası üzrə kollecin müəllimi Sevinc Babayeva və tar ixtisası üzrə kollecin IV kurs tələbəsi Məmməd Məmmədli I, balaban ixtisası üzrə III kurs tələbəsi Sərxan Əliyev, qanun ixtisası üzrə III kurs tələbəsi İnci Bağırlı, tar ixtisası üzrə III kurs tələbəsi Murad Behbudov və skripka ixtisası üzrə III kurs tələbəsi Rauf Bünyatzadə II, fortepiano ixtisası üzrə III kurs tələbəsi Arzu Abbasova III yerin qalibləri olublar. Fortepiano ixtisası üzrə III kurs tələbələri Lamiyə Quliyeva və Nilufər Əliyeva diplomla təltif ediliblər.
Nazir qazanılan böyük uğur münasibətilə Naxçıvan Musiqi Kollecinin müəllimlərini və tələbələrini təbrik edib və onlara gələcəkdə daha böyük nailiyyətlər arzulayıb.
Tədbirdə müsabiqənin qalibləri və onların müəllimlərinə hədiyyələr təqdim edilib.
Naxçıvan Musiqi Kollecinin tələbələri adından çıxış edən kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi, müsabiqənin Qran-pri mükafatçısı Nəcəf Hacılı yaradılan şəraitə, yüksək tədris səviyyəsinə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonda müsabiqə qaliblərinin iştirakı ilə konsert olub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının ifa olunan müxtəlif musiqi əsərləri alqışlarla qarşılanıb.

Əli RZAYEV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR