22 Sentyabr 2019, Bazar

Hər il martın 18-də türk xalqının müttəfiq dövlətlərin “Yenilməz Armada”sına qarşı ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin ildönümü Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında qeyd olunur.

Dünən Çanaqqala zəfərinin 104-cü ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib.
Əvvəlcə 1918-20-ci illərdə Naxçıvanın erməni daşnakları tərəfindən işğalının qarşısının alınmasında şəhidlik zirvəsinə ucalan qəhrəman türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkə­nin Dövlət himnləri səsləndirilib, abidə önünə əklil qoyulub.
Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi və millət olmaq şüuru ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Vətənin torpaqlarını qorumaq üçün ən çətin şəraitdə çəkinmədən canlarını fəda edən əziz şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq.
Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu çıxışında qeyd edib ki, Birinci Dünya müharibəsi zamanı – 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olub. Osmanlı ordusu ittifaq dövlətləri ilə müqayisədə sayının az, təchizat baxımından isə zəif olmasına baxmayaraq, düşmənin bütün hücumlarını dəf etməyi bacarıb. Türk ordusu bu ağır döyüşdə 253 min şəhid verib. Bu şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü qəhrəmancasına vuruşaraq əbədiyyətə qovuşub. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
Çıxışlardan sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR