22 May 2019, Çərşənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Elə ki yaz gəldi, yağışlar yağmağa başladı, qədim yurdun bərəkətli torpaqlarında bitən şəfalı, min bir dərdin dərmanı olan bitkilər yerli sakinlərin ruzi, qazanc mənbəyinə, sağlam qida kimi isə süfrələrimizin bəzəyinə, ağız ləzzətimizə çevrilir. Bazarların piştaxtalarında cürbəcür çöl pencərləri, göbələk növləri görmək olur. Yurdumuzun saymaqla bitməyən bu nemətləri içərisində biri də var ki, dadı və şəfalı xüsusiyyəti ilə dünyada məşhurdur. Tərkibi sink elementi, əvəzolunmaz amin turşuları və zülalla, vitaminlərlə zəngin olan, “tryufel” adlanan bu bitki çox az ölkələrdə yetişir ki, bu ölkələrin arasında Azərbaycan da var. Müqəddəs Peyğəmbərimiz Məhəmməd əleyhissalam buyurmuşdur ki, bu bitki Musa Peyğəmbərə Cənnətdən hədiyyə kimi göndərilmiş qüdrət halvası növündəndir.

 

Bu göbələk Avropa ölkələrində də məşhurdur, kürüdən sonra qiymətinə görə ikinci yerdədir. Hətta XV əsrdə tryufelin rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirilibmiş. Bu gün İspaniya, İtaliya və Fransada məşhur olan tryufel göbələyinin 1 kiloqramının qiyməti (növündən və ölçüsündən asılı olaraq) bir neçə min dollara çata bilir. Fransa, İtaliya, İspaniya, ərəb ölkələrində bu göbə­ləkdən, xüsusilə tez-tez istifadə olunur və sevilir. Kilosu 2000 avro dəyərindədir. Tryufel yalnız bahalı elit restoranlarda desert kimi verilir, eyni zamanda gözəl ətri olduğundan az miqdarda yeməklərə qatılır. Fransız aşpazları onu “məhsulların almazı” və ya “kral göbələyi” adlandırırlar. İtaliyada bu göbələk əsasında çox effektli cavanlaşdırıcı kremlər istehsal olunur. Bu kremlərin qiyməti çox bahadır.
Qışın mülayim, yazın yağışlı keçməsi bu il muxtar respublikanın kəndlərində həmin bitkinin bolluğunu yaradıb. Mərkəzi bazarda bu bitkinin satışı ilə məşğul olan insanlarla həmsöhbət olduqda öyrəndik ki, bu il Kəngərli rayonunda, xüsusilə də Şahtaxtı kəndində bu göbələk daha çoxdur.
Bundan sonra üz tutduq həmin kəndə. Yolun ətrafındakı ərazilərdə göbələk toplayan sakinlərdən bir neçəsi ilə rastlaşıb onlarla həmsöhbət olduq. Kənd sakini Rövşən Həsənov gənc olsa da, bu bitkini toplamaqda təcrübəlidir. Onun dedikləri:
– Göbələyin bir növü olan həmin bitkini el arasında “dombalan” adlandırırlar. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Torpaq bir az şişmiş halda olduğunda bilinir ki, orda bitki var. Yaşlıların dediyinə görə, bu bitki, adətən, qumluq təpələrdə yetişir. Hansı yerdə onun otu bitirsə, orada bu bitkidən olur (Bu ot yemlik bitkisinə bənzəsə də, yeməli deyil. Onun tryufellə kök hüceyrələri bir olmasa da, yanaşı bitirlər). Bu bitki yeddi ildən bir daha bol olur. Elə bu il də boldur. Yaz yağışlarının ardından çıxan göbələyin bu növünə daha çox güney yerlərdə rast gəlinir. Yığılması o qədər də asan olmayan tryufelin satışından yaxşı gəlir əldə etmək olur.
Müsahibim onu da deyir ki, Naxçıvan torpağının bu əvəzsiz nemətinə təkcə muxtar respublikanın bazarlarında deyil, ölkəmizin digər bölgələrində də tələbat çoxdur. Bakı şəhərindən gələn qonaqlar gün ərzində yığdığımız göbələyin, demək olar ki, çoxunu alıb aparırlar. Qiymətinə gəldikdə isə irili-xırdalığına görə 5 manatdan 20 manata kimi dəyişir. Bizdə göbələyin qiyməti digər ölkələrlə müqayisədə qat-qat daha aşağıdır.
Bitkinin müalicəvi xüsusiyyətləri öyrənildikdən sonra ona tələbat daha da artıb və qiyməti də bir neçə dəfə qalxıb. Lakin buna baxmayaraq, Azərbaycanda bu delikates məhsulun qiyməti Avropa və ərəb ölkələri ilə müqayisədə çox ucuzdur.
Qədim kəndin yaşlı sakinlərindən biri olan 84 yaşlı Ruqiyyə İmranova isə bu bitkinin faydaları və necə bişirilməsi haqqında danışdı.
Ruqiyyə nənənin söhbəti: – Bu torpağın hər qarışında bitən bitkilər cana dərmandır. Uzun illər nənələrimiz burada yetişən kəklikotunu, yarpızı, nanəcövhəri bir çox xəstəliklərin müalicəsində istifadə ediblər. Bu göbələk növü isə minbir dərdin dərmanıdır. Elə ki yaz gəldi, rəhmətlik anam bizi də yanına alar, çöldə-bayırda bitən pencərlərdən, göbələkdən yığıb gətirərdik. Onların içərisində ən dadlı olanı hamımızın sevdiyi bu göbələk idi. Onu yaxşıca yuyub, qalın mis tavaya tökər, içinə də qovurmanın yağlı tikələrindən azca əlavə edib təndirdəki közlərin üstünə qoyub, qapağını örtərdi. Su tökməzdi, çünki öz suyu çıxanda daha dadlı olur, – deyərdi. Təndirdə közün üstündə buğlana-buğlana bişən göbələklər yağa düşüb yaxşıca qızarardı.Təndirdən təzə çıxmış lavaşla göbələyin dadı quzu kababından da dadlı olurdu.
Ruqiyyə nənənin bu söhbətinə qoşulan Qıvraq qəsəbə sakini Süsən xanım deyir: – Hələ lap cavan idim. Uzun illərdir, yurdundan uzaqda olan bir qohumum bizə gələcəkdi. Qonağım həm yaşlı, həm də şəkər və yüksək təzyiqi olan xəstə idi. Nə bişirəcəyim haqqında düşündüm. Üç-dörd gün öncə kəsdiyimiz, axşamdan bişirmək üçün soyuducudan çıxardığım qoyun ətini yenidən buz dolabına yerləşdirib yolumu bazara tərəf saldım. Bazardan nə alım ki, həm dadlı, həm də faydalı olsun, – deyə düşündüm. Bu düşüncə ilə piştaxtaların üzərinə düzülən cürbə­cür meyvələrə, tərəvəzlərə nəzər salanda yaşlı bir xanımın kartofabənzər bir bitkini tərifləyə-tərifləyə torbaya yığdığını görüb ona yaxınlaşdım. Ondan öyrəndim ki, bu göbələk növü bütün xəstəliklərin qarşısını almağa qadir vitaminlərlə zəngindir. Şəkər və qan-damar xəstə­liklərinin də dərmanıdır.
Bu bitkidən alıb evə gətirdim və bişirdim. Qonağım üçün də bu yemək gözlənilməz olmuşdu. Çox ləzzətlə yeyib: – Ay bala, nubarçalığa çıxasan. Nənəm hey bu göbə­ləkdən bişirər, uşaqlıqda ağız ləzzəti ilə yeyərdik. Onun dadını verdi, – dedi. Ona hər mövsümdə göbələk sovqatı göndərirdim.
Süsən xanım onu da vurğuladı ki, bu bitkinin faydalarından biri və ən önəmlisi də bəşəriyyətin sağal­maz yarasına çevrilən xərçəng xəstə­liyinə qarşı faydalı olmasıdır. Davamlı şəkildə tryufeldən istifadə etmək orqanizmimizdə bədxassəli şişlərin yaranmasının qarşısını almaq kimi xüsusiyyətə malikdir.
Həmsöhbətim onu da bildirdi ki, ən yaxşısı göbələyin qabığını soymayıb suya töküb bir az saxlamaqdı. Çünki onun qabığında faydalı vitamin və minerallar var. Suyun içərisində azca qalandan sonra üzərindəki torpaq, qum-çınqıl tamamilə təmizlənir. Ondan sonra onu qaynadıb, ya da qızardıb yemək çox faydalıdır. Təzyiq və şəkər xəstəliyin yoxdursa, quyruqla birlikdə qızardılan, közdə bişən göbələyin dadı damaqda qalır. Yaza qalan qovurma ilə bişirilən göbələyin də dadına söz ola bilməz. Söhbətə müdaxilə edən Ruqiyyə nənə belə bir məsləhət verdi:
– Mövsümündə bu bitkidən bolluca yemək insanın sağlamlığına yaxşı təsir edir, orqanizmi cavanlaşdırır, bədəni qüvvətləndirir. Şəkər xəstələrinin bunu çiy yemələri məsləhətdir. Bu gün cavanları ən çox narahat edən artıq çəkidir. Bax, onun da dərmanı bu göbələkdədir.
Mən də növbəti dəfə yolum bazara düşəndə bu deyilənləri xatırlayıb göbə­lək satılan piştaxtaya yaxınlaşdım. Bazardakı yaz məhsullarını görər­kən öz-özümə fikirləşdim: “Ana təbiət bu yurddan səxavətini əsirgəməyib. Əslində, Uca Yaradan bu diyarın insanlarının ruzisini özündən əvvəl verib. Onlara min bir naz-nemət bəxş edib. Həmin naz-nemətin qədrini bilib, istifadə etməklə yanaşı, həm də artıb-çoxalması qayğısına qalsaq, süfrələrimizdən əskik etməsək, bar-bərəkətimiz də tükənməz, xəstəlik də nə olduğunu bilmərik.

 Ramiyyə ƏKBƏROVA