17 İyun 2019, Bazar ertəsi

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünyanın əksər ölkələrində hər il iyun ayının 1-i “Uşaqları Beynəlxalq Müdafiə Günü” kimi qeyd olunur.
Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu ­öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkə­mizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünya­görüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazır­lamalıyıq”, – deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli bir vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikasında da uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 281 nəfəri uşaqlardır. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır.
2018-2019-cu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali təhsil müəssisələrinə, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olmuş, ali məktəblərə qəbul olunan 331 nəfər 500-700 arası bal toplamışdır. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2018-2019-cu tədris ilində 320-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilmişdir.
Uşaqların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır. Muxtar respublikada müasir standartlara uyğun Olimpiya İdman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları istifadəyə verilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hazır­da muxtar respublikada 28 minə yaxın uşaq idmanla məşğul olur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş, indiyədək 27 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 751 uşağa hədiyyə və sovqatlar verilmiş, xüsusi kateqoriyadan olan 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası da səmərəli təşkil edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilir. Ötən il ərzində 830 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə saxlanılmış, onlardan 85-i məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə, cari ilin ötən dövründə isə 16 sağlamlıq imkanı məhdud uşaq müxtəlif təhsil müəssisələrinə cəlb olunmuşdur. Hazır­da ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1002, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 24 uşaq təhsil alır. Həmçinin Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 10 uşağa valideynlərinə dəstək məqsədilə qulluq edilir.
2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 108 olmuşdur ki, onların da 68-i ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 1-i distant tədrisin birinci sinfinə, 1-i isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilmişdir. Bundan əlavə, 56 uşaq şahmat məktəblərinə, 110 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 90 uşaq isə idman məktəblərinə cəlb edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilir, onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilir, film, konsert proqramları və tamaşalar nümayiş olunur, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur.
Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, uşaqların asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz-gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliəyə marağı artırmışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan şəhər və rayonlarında tədbirlər keçirilmiş, 2018-2019-cu tədris ilində fərqlənən uşaqlar fəxri fərman və hədiyyələrlə təltif olunmuş, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilmişdir. Həmçinin aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil olunmuş, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir. Komitə tərəfindən görülən işlər bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, muxtar respublikada uşaqlara göstərilən qayğının, humanizmin parlaq təcəssümüdür. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında uşaqlara göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.
Cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4078329
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1226
5301
1226
41929
4078329

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter